İranın “Kennedi ailəsi”: Əli Laricani kimdir?

İranın siyasi və intellektual həyatında xüsusi yer tutan Əli Laricani ölkənin ən nüfuzlu ailələrindən birinin nümayəndəsi kimi diqqət çəkir.
Polise.az Musavat.com -a istinadən xəbər verir ki, Haaretz nəşrinin təhlilində Laricani həm güclü ailə kökləri, həm də fərqli intellektual portreti ilə İranın seçilən simalarından biri kimi təqdim olunur.
Məlumata görə, Laricani İranın dini və siyasi elitasında mühüm çəkisi olan ailədə dünyaya gəlib. Bu ailə bəzən ABŞ-dəki Kennedilər ailəsi ilə müqayisə edilir. Səbəb isə Laricanilər ailəsinin üzvlərinin uzun illər ərzində dövlətin müxtəlif sahələrində yüksək vəzifələr tutmasıdır.
Əli Laricaninin atası yüksək rütbəli şiə ruhanisi olub. Onun qardaşları da İranın hüquq sistemi, akademik mühiti və dövlət idarəçiliyində mühüm mövqelərə sahib olublar.
Qeyd olunur ki, Məhəmməd Cavad Laricani riyaziyyatçı kimi tanınıb və uzun müddət İran rəhbərliyinə xarici siyasət məsələlərində məsləhətlər verib. Sadiq Laricani isə 10 il ölkənin məhkəmə hakimiyyətinə rəhbərlik edib, daha sonra isə Məsləhət Şurasının sədri postunu tutub. Digər qardaşı Baqer Laricani də səhiyyə və ali təhsil sahəsində yüksək vəzifələrdə çalışıb.
Laricaninin ailə əlaqələri bununla da yekunlaşmır. O, İslam İnqilabının əsas ideoloqlarından biri hesab edilən Mürtəza Mütəhhərinin qızı Fəridə ilə ailə qurub.
Əli Laricaninin təhsil yolu da onun siyasi obrazı qədər maraqlı hesab olunur. O, əvvəlcə riyaziyyat və kompüter elmləri üzrə təhsil alıb və bu məqsədlə İranın ən nüfuzlu texniki ali məktəblərindən biri sayılan Şərif Texnologiya Universitetini seçib.
Mənbənin yazdığına görə, riyazi təfəkkürün sərt məntiqi sonradan onun fəlsəfi maraqlarına da təsir göstərib. Daha sonra Laricani istiqamətini dəyişərək fəlsəfə sahəsinə yönəlib, magistr və doktorantura təhsilini bu istiqamətdə tamamlayıb. Onun doktorluq işi isə məşhur alman filosofu İmmanuel Kantın riyaziyyat fəlsəfəsinə həsr olunub.
Sonrakı illərdə Laricani Kant haqqında bir neçə kitab və çoxsaylı elmi məqalə yazıb. Təhlildə vurğulanır ki, bu maraq ilk baxışda paradoksal görünür. Çünki Kant maarifçilik fəlsəfəsinin əsas nümayəndələrindən biri hesab olunur və onun düşüncəsi daha çox sekulyar ağıl və modernliklə əlaqələndirilir.
Bununla belə, Laricani Kantı rədd edən xətti seçməyib. Əksinə, o, Kantın ideyalarını dini düşüncə ilə əlaqələndirməyə, bəzi hallarda isə bu fəlsəfi yanaşmaları İran İslam Respublikasının ideoloji çərçivəsi ilə uzlaşdırmağa çalışıb.
Polise.az


