SEPAH və Bəsic: İsrailin toplu şəkildə məhv etdiyi İran rejiminin silahlı dayaqları barədə nələr bilirik?

Yaxın Şərqdə baş verən son hadisələr bir həqiqəti yenidən gündəmə gətirdi: İran dövlətinin real gücü haradadır? Dövlət aparatında, hökumətdə, parlamentdə, yoxsa başqa bir yerdə?
Son aylarda İsrail və ABŞ tərəfindən həyata keçirilən bombardmanlar, İran ərazisində SEPAH qərargahlarının, raket bazalarının, hərbi infrastrukturların ard-arda vurulması bu sualın cavabını faktiki olaraq ortaya qoydu. Hədəf əsasən iki struktur idi – SEPAH və Bəsic. Bu, təsadüfi seçim deyil. Çünki İran İslam Respublikasının dayaq sütunları məhz bu iki təşkilatdır.

İnqilabın ordusu
1979-cu ildə İran İslam İnqilabı baş verəndə Ayətullah Ruhullah Xomeyni köhnə dövlət mexanizminə tam etibar etmirdi. Şah dövründən qalan ordu – Arteş – yeni rejim üçün etibarlı görünmürdü.
Məhz buna görə də inqilabın ilk aylarında yeni bir silahlı struktur yaradıldı – İslam İnqilabı Keşikçiləri Korpusu, yəni SEPAH.

Bu təşkilatın vəzifəsi yalnız ölkəni müdafiə etmək deyildi. Onun əsas missiyası inqilabı qorumaq, ideologiyanı müdafiə etmək və rejimə qarşı hər hansı təhlükəni aradan qaldırmaq idi.
Zaman keçdikcə SEPAH adi hərbi qurum olmaqdan çıxdı. Bu gün o, İranın təhlükəsizlik, siyasət və iqtisadiyyat sistemində ən güclü institutlardan biridir.
SEPAH-ın:
– quru qoşunları
– raket və hava qüvvələri
– dəniz qüvvələri
– kəşfiyyat sistemi
– xüsusi əməliyyat bölmələri var.
İranın regiondakı bütün hərbi-siyasi əməliyyatlarının əsas koordinasiya mərkəzi sayılan “Qüds qüvvələri” də bu strukturun daxilində fəaliyyət göstərir.
Dövlət içində dövlət
SEPAH-ın gücü yalnız silahdan gəlmir. Onun təsir dairəsi İranın iqtisadi sisteminə qədər uzanır.
Enerji layihələri, iri tikinti şirkətləri, logistika infrastrukturu, hətta bəzi maliyyə sektorları belə SEPAH-a bağlı şirkətlərin nəzarətindədir.
Bu səbəbdən beynəlxalq analitiklər tez-tez belə bir ifadə işlədirlər: SEPAH İranın daxilində ayrıca bir dövlətdir.
Ən vacib məqam isə budur ki, SEPAH birbaşa ali dini liderə tabedir. Hökumət, prezident və parlament bu struktur üzərində real nəzarət imkanlarına malik deyil.

Bəsic – rejimin kütləvi dayağı
İran sistemində ikinci mühüm struktur Bəsic qüvvələridir.
Bəsic də 1979-cu ildən sonra yaradılıb və ilk vaxtlar könüllü xalq milisi kimi fəaliyyət göstərirdi. İran–İraq müharibəsi illərində minlərlə gənc bu təşkilat vasitəsilə cəbhəyə göndərilmişdi.
Bu gün Bəsic SEPAH-a tabe olan yarı-hərbi struktur kimi fəaliyyət göstərir. Onun əsas funksiyası silahlı döyüşdən çox daxili nəzarət və ideoloji mobilizasiyadır.
Etiraz aksiyalarının dağıdılması, küçə nəzarəti, universitetlərdə və ictimai mühitdə ideoloji təbliğat – bütün bunlar Bəsic sisteminin əsas fəaliyyət sahələridir.
Müharibənin yeni mərhələsi
İran–İsrail–ABŞ qarşıdurması son aylarda yeni mərhələyə keçib.
İsrail və ABŞ tərəfindən həyata keçirilən zərbələr İranın hərbi infrastrukturlarına yönəlib. SEPAH qərargahlarının, raket bazalarının, hərbi obyektlərin İran perimetri boyunca ard-arda vurulması artıq açıq strategiyanın göstəricisidir. Bu hücumların əsas məqsədi Tehran rejiminin təhlükəsizlik sütunlarını zəiflətməkdir.
Son aylarda SEPAH komandirlərinin ardıcıl şəkildə öldürülməsi, qərargahların vurulması və hərbi şəbəkələrin dağıdılması məhz bu planın tərkib hissəsi kimi qiymətləndirilir. Çünki İranın regional siyasətinin – proksi qüvvələrin, raket proqramlarının və Yaxın Şərqdəki hərbi şəbəkənin əsas idarəedici mərkəzi SEPAH hesab olunur.
Müctəba Xamenei və SEPAH faktoru
İranın ali dini lideri institutunda baş verən son dəyişikliklər də SEPAH-ın siyasi rolunu açıq göstərdi. Ayətullah Əli Xameneinin ölümündən sonra yeni ali dini lider kimi Müctəba Xameneinin önə çıxması təsadüfi hadisə deyil. Müctəbanın seçilməsində əsas rol oynayan qüvvələrdən biri məhz SEPAH oldu.
O, uzun illər bu strukturla yaxın əlaqələri olan teokratik fiqurlardan biri kimi tanınır.
İran daxilində bir çox analitiklər hesab edir ki, Müctəba Xamenei SEPAH-a ən yaxın dini liderlərdən biridir və onun hakimiyyətə gəlişi İran sistemində hərbi-ideoloji xəttin daha da güclənməsi deməkdir.

Azərbaycan kökü – amma fərqli siyasət
Xamenei ailəsinin Azərbaycan köklərinə malik olması da məlum faktdır. Lakin bu fakt İran siyasətinin real xəttinə heç vaxt təsir göstərməyib. Əksinə, SEPAH ideologiyası uzun illərdir ki, Azərbaycan dövlətinə və milli ideyasına qarşı sərt mövqe ilə seçilir.
Bu strukturun dünyagörüşü qatı dini doktrinalara, teokratik düşüncəyə və İranın regional hegemonluğu ideyasına söykənir. SEPAH üçün milli kimlik və etnik bağlar deyil, inqilab ideologiyası əsasdır.
İran sisteminin 3 sütunu
Bu gün İran hakimiyyət sistemi 3 əsas dayağa söykənir:
– ali dini lider
– SEPAH hərbi sistemi
– Bəsic kimi kütləvi ideoloji şəbəkə
Bu sütunlardan hər hansı biri zəiflədikdə İranın siyasi sistemi ciddi sarsıntı keçirə bilər.
Məhz buna görə də regionda gedən qarşıdurmada SEPAH və Bəsic strukturlarının hədəfə alınması təsadüfi deyil.
Bu, sadəcə hərbi əməliyyat deyil – İran rejiminin dayaqlarına yönəlmiş strateji zərbədir.

Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, qarşıdakı dövr bu strukturların taleyi baxımından həlledici mərhələ ola bilər.
Musavat.com



