“İran bununla bir sıra dövlətləri ABŞ ilə üz-üzə qoyacaq”

Yaxın Şərqdəki geosiyasi vəziyyət son illərdə həm regional, həm də qlobal güclər üçün strateji əhəmiyyət kəsb edir. Bölgədə enerji resurslarının bolluğu, əsas nəqliyyat marşrutlarının mövcudluğu və tarixi siyasi qarşıdurmalar bu ərazini daim diqqət mərkəzində saxlayır.
Hörmüz boğazı isə dünya neft və qaz ticarəti üçün kritik əhəmiyyət daşıyan su yoludur və buradakı hər hansı hərəkət qlobal bazarlara birbaşa təsir göstərə bilər. Abbas Əraqçı bildirib ki, İran bəzi dövlətlərlə gəmilərinin Hörmüz boğazından keçidi barədə danışıqlar aparır.
Bu açıqlama, bölgədəki mövcud gərginliyi və rəqabəti daha da artırmaq potensialına malikdir. Bu, Yaxın Şərqdəki geosiyasi rəqabəti daha da kəskinləşdirə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İran Xarici İşlər naziri Abbas Əraqçının Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı səsləndirdiyi bəyanat göstərir ki, İran münasibətinin normal olduğu ölkələrin gəmilərinin bu strateji su yolundan keçməsinə razılıq vermək barədə düşünür:

“Bununla yanaşı, ABŞ və onun müttəfiqlərinin gəmilərinin Hörmüz boğazında bloklanması ilə bağlı atılacaq addımlar barədə də bəzi niyyətlər mövcuddur. Bu siyasət bir tərəfdən bir çox dövlətləri ABŞ ilə üz-üzə qoymaq məqsədini güdür və İranın regional strategiyasının əsas hissəsini təşkil edir. İranın taktikası, əsasən, Körfəzdə gəmiləri olan ölkələri ABŞ-yə qarşı təzyiq vasitəsi kimi istifadə edərək müharibəni dayandırmaq üzərində qurulub”.
Politoloqun fikrincə, bu taktikanın effektiv olub-olmaması zamanla aydın olacaq:
“Eyni zamanda, müxtəlif dövlətlər artıq İranla Hörmüz boğazından gəmilərin keçidi məsələsində danışıqlar apardıqlarını bəyan ediblər. Bu, həm regional gərginliyi, həm də qlobal enerji və ticarət marşrutlarına təsirləri baxımından diqqət çəkir, eyni zamanda İranın strategiyasının beynəlxalq arenada necə reaksiya alacağını ortaya qoyacaq”.\Niyaz Hacıyev\
Polise.az



