“Tramp unutmasın ki, SSRİ kimi imperiya da, ABŞ kimi nəhəng də nizami ordusu olmayan Əfqanıstandan biabır olub çıxdı…”

“Odur ki, Putinin Ukraynaya qarşı səhvini təkrarlayan Amerika lideri, heç olmasa, səhvin yarısından olsa da, qayıtmalı, İsraillə birlikdə öz qüvvələrini İran ətrafından geri çəkməli, bu ölkənin ərazisini bombardman etməyi dayandırmalı və oradakı molla rejiminin taleyini xalqın öz öhdəsinə buraxmalıdır…”
“İranın başında duran farsdilli rejimin öz xalqları, o cümlədən əhalinin yarısına yaxınını təşkil edən Azərbaycan türklərinə qarşı on illər boyu haqsızlıqlar, zülmlər törətsə də, həmçinin 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış Ermənistana iqtisadi, siyasi dəstək versə də, soydaşlarımızın oradakı varlığı bizim üçün prioritet məsələ olmalıdır…”
“İran nə Suriya, nə İraq, nə də Livandır. İran qədim və davamlı dövlətçilik ənənələrinə malik bir dövlətdir. Digər tərəfdən, tarixən bu dövlətin yetərincə hərbi gücü də olub, müxtəlif imperiyalarla, o cümlədən Rusiya ilə davamlı müharibələr apara bilib. Bu gün də İranın ordusu dünyada 12-ci böyük ordudur. Bütün qoşun birləşmələrinin ümumi sayı 1 milyona yaxındır. Ehtiyatda isə rəsmi rəqəmlərə görə 600 mindən çox, qeyri-rəsmi rəqəmlərə görə isə milyonlarla döyüşçüsü var. Bütün bu parametrləri nəzərə alsaq, ABŞ və İsrailin birləşmiş qüvvələrinin İranı asanlıqla ram etməsi qeyri-mümkündür.”
Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.
“90 milyona yaxın əhalisi, 1,6 milyon kvadrat kilometrdən çox geniş və dağlar, səhralar, çöllüklərlə əhatə olunmuş rəngarəng relyefə malik bir ölkəni quru əməliyyatı keçirmədən, yalnız aviasiya və raket zərbələri endirməklə, siyasi və hərbi liderləri aradan götürməklə işğal etmək mümkünsüzdür. Hesab edirəm ki, Amerikanın hərbi rəhbərliyi də heç vaxt quru qoşunlarının İrana daxil olaraq növbəti Vyetnam, Əfqanıstan bataqlığına düşməsini istəməz. Bu, onlara çox baha başa gələr. Tramp unutmasın ki, Əfqanıstan kimi ciddi bir dövləti olmayan, ayrı-ayrı tayfa birliklərindən ibarət olan bir ölkəyə 10 ildən çox bir müddətdə SSRİ kimi bir nəhəng imperiya da, 20 ilə yaxın bir müddətdə ABŞ kimi ən müasir texnologiyalı orduya malik qüdrətli bir dövlət də böyük bir qoşun kontingenti ilə girib vuruşsalar da, sonda ikisi də biabırçı vəziyyətdə başlarını götürüb qaçmalı olublar. İranın isə öncə dediyim kimi, qədim dövlətçiliyi, nizami qoşun hissələri, Xomeyninin də, Xameneinin də milyonlarla fanatı var. Onlarla qısa müddətdə başa gəlmək mümkün olmayacaq. Eyni zamanda Çin və Rusiyanın da İrana gizli-açıq şəkildə dəstək verdiyini və verəcəyini də nəzərə almaq gərəkdir. Odur ki, Putinin Ukraynaya qarşı səhvini təkrarlayan Tramp, heç olmasa, səhvin yarısından olsa da, qayıtmalı, İsraillə birlikdə öz qüvvələrini İran ətrafından geri çəkməli, bu ölkənin ərazisini bombardman etməyi dayandırmalı və oradakı molla rejiminin taleyini xalqın öz öhdəsinə buraxmalıdır. Əks halda bütün regionu tamamilə xaosa sürüklənəcək və bəşəriyyət III Dünya savaşıyla üzləşməli olacaq”, -deyə davamında general-mayor diqqətə çatdırıb.
“Bir məqamı qeyd etməyi vacib bilirəm ki, tarixən İran yüzillərlə müxtəlif türk, o cümlədən Azərbaycan türklərinin xanədanları tərəfindən idarə olunduğundan və indi də əhalisinin bəzi məlumatlara görə, yarıdan çoxu türk olduğundan bir türk dövləti sayılmalıdır. İkincisi də, İranın başında duran farsdilli rejimin öz xalqları, o cümlədən əhalinin yarısına yaxınını təşkil edən Azərbaycan türklərinə qarşı on illər boyu haqsızlıqlar, zülmlər törətsə də, həmçinin 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış Ermənistana iqtisadi, siyasi dəstək versə də, soydaşlarımızın oradakı varlığı bizim üçün prioritet məsələ olmalıdır. Və yaxşı ki, dövlətimiz də, Prezident də o mövqedədir ki, Azərbaycan ərazisindən hər hansı bir xarici dövlət İrana qarşı plasdarm kimi istifadə edə bilməz. Çünki belə bir davranış ilk növbədə oradakı azərbaycanlılara qarşı yönəlmiş olar və bununla biz dinc soydaşlarımızın da kütləvi şəkildə zərər çəkməsinə dəstək vermiş olarıq. O da diqqətə layiq faktdır ki, İran Silahlı Qüvvələrinin, o cümlədən SEPAH-ın şəxsi heyətinin böyük bir hissəsi də azərbaycanlılardsan ibarətdir”,- sabiq nazir vurğulayıb.
Sultan Laçın



