“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR” – Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR

“Bundan sonra nə baş verəcəyini ancaq Allah bilir”
“Qazanan Tramp və onun ailəsidir”
“Hər dəfə Epşteyn işi ortaya çıxanda, dünyanın harasındasa bombalar partlayır və diqqət başqa bir şeyə yönəlir”.
“AzPolitika” xəbər verir ki, bunu Fransa Senatının üzvü Klod Malyure senatdakı çıxışında deyib. Senatorun çıxışı dünya mediasında və sosial şəbəkələrdə böyük əks-səda doğurub.
O qeyd edib ki, dünyada başlanan xaos öz mənbəyini Vladimir Putinin Ukraynaya hücumundan götürüb: “2022-ci ilin fevralında “dahilik xəstəliyi”nə tutulmuş təhlükəli sərsəm birisi Ukraynada fitili çəkdi. Bu, barıt çəlləyini partladaraq, dünya nizamını çevirdi. Düşünülürdü ki, müharibə bir həftəyə bitəcək. O isə 5-ci ildir davam edir”.

Ardınca Donald Trampı sərt şəkildə tənqid edən Malyure onun komandasının üzvlərinin narkomanlardan, alkoqoliklərdən, əxlaqsızlardan və xarici agentlərdən ibarət olduğunu qeyd edib: “2026-cı ilin fevralında digər təhlükəli sərsəm Yaxın Şərqdə yeni fitil çəkdi ki, bu da beynəlxalq tarazlığı yenidən sual altına aldı. Bu müharibə də bir həftə çəkməli idimi? Bir ay keçəndən sonra bütün dünya soruşur: “Bundan sonra nə baş verəcək?” Sadə, qısa və dəqiq cavab budur: “Bunu ancaq Allah bilir”.

Bir il əvvəl mən burada Trampın prezidentliyini Neronun(İmperator-red.) sarayı ilə müqayisə etmişdim. Mən səhv etmişdim. Bu, daha çox “möcüzələr sarayıdır”. ABŞ-də keçmiş heroin narkomanı Səhiyyə naziridir, iqlim skeptiki Ekologiya naziridir, alkoqolik teleaparıcı Müdafiə naziridir, Qətərin agenti Ədliyyə naziridir, Putinin pərəstişkarı Milli Təhlükəsizlik naziridir. Bir Türk atalar sözü var: “Təlxək saraya köçəndə sultan olmur – saray sirkə çevrilir”.

İndi bu komanda BMT-yə rəqib düzəltmək istəyir. Onun “Sülh Şurası” yaranandan sonra Trampın endirdiyi hərbi zərbələr Baydenin bütün prezidentliyi dövründə endirdiyi zərbələrdən çox olub. Hər dəfə gərginlik yarananda dünyada hardasa bombalar partlayır ki, diqqət yayındırılsın. Çox bombalayırlar ki, çox qazansınlar.

Elə bir ölkə yoxdur ki, Tramp oradakı vəziyyətdən istifadə edərək varlanmasın. Bu zaman öz ailəsinin maraqlarını da unutmur. Qətərin bağışladığı şəxsi təyyarə, Fars körfəzindəki və ondan kənardakı layihələrə investisiyalar, fond bazarlarındakı manipulyasiyalar – bunların hamısından onlar qazanırlar”.
C.Məmmədli
“AzPolitika.info”



