TRAMP QƏRB MÜTTƏFİQLƏRİNİ DƏ HƏDƏLƏDİ – “Gedib neftinizi özünüz alın”

ABŞ prezidenti Donald Trump İran böhranı və Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda Vaşinqtonun mövqeyini dəstəkləməyən Qərb müttəfiqlərinə qarşı kəskin bəyanatlar səsləndirib.
“AzPolitika” Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-İsrail və İran arasında davam edən qarşıdurmaya diqqət çəkən Tramp, xüsusilə Birləşmiş Krallıq və Fransa rəhbərliyini hədəf alaraq onların mövqeyini sərt tənqid edib. O bildirib ki, ABŞ artıq müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün əvvəlki kimi öhdəlik götürməyəcək:
“Öz başınıza müharibə aparmağı öyrənməlisiniz. ABŞ artıq sizə kömək etməyəcək”, – deyə Tramp vurğulayıb.
“Gedib neftinizi özünüz alın”
Hörmüz boğazında yaranmış böhran səbəbindən yanacaq çatışmazlığı ilə üzləşən ölkələrə də mesaj göndərən ABŞ prezidenti, onların ya ABŞ-dan yanacaq almalı olduqlarını, ya da birbaşa bölgəyə gedərək resursları özlərinin təmin etməli olduqlarını deyib.
“İran faktiki olaraq darmadağın edilib. Ən çətin mərhələ arxada qaldı. Gedib öz neftinizi özünüz alın!” – deyə Tramp əlavə edib.
Londona açıq xəbərdarlıq, Parisə sərt reaksiya
Tramp xüsusilə Böyük Britaniyanın İran əleyhinə əməliyyatlara dəstək verməməsini tənqid edərək bunun nəticələrinin olacağını bildirib. Onun sözlərinə görə, belə mövqe ABŞ-la strateji münasibətlərə təsir göstərə bilər.

ABŞ prezidenti Fransanı da kəskin tənqid edib. O, İsrailə yönələn hərbi uçuşlara Fransa hava məkanının bağlanmasını “qəbuledilməz addım” adlandırıb və əlavə edib ki, Vaşinqton bu mövqeni “heç vaxt unutmayacaq”.
Hazırkı gərginlik fonunda beynəlxalq münasibətlərdə yeni parçalanmaların yarana biləcəyi istisna olunmur. Ekspertlər hesab edir ki, xüsusilə enerji təhlükəsizliyi və Yaxın Şərqdəki geosiyasi balans yaxın dövrdə daha da mürəkkəbləşə bilər.
Polise.az



