DİN ötən gün keçirilən əməliyyat tədbirlərini açıqladı

Aprelin 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Polise.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Bundan əlavə, aprelin 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının aprelin 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 10 patron darağı, 1460 ədəd müxtəlif çaplı patron və 4 mərmi aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 2-də ümumi çəkisi 3,4 kiloqrama yaxın narkotik vasitə və 40 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polise.az



