İranla bağlı kritik dönüş: Körfəz ölkələri savaş istəyir

Körfəz ölkələri İrana qarşı hərbi addımlar üçün BMT mandatı əldə etməyə çalışır.
Polise.az Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, bu məqsədlə BMT Təhlükəsizlik Şurasına müraciət edilib.
Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi Təhlükəsizlik Şurasını İranın Körfəz ölkələrinə qarşı “təhrik olunmamış hücumlarını” dərhal dayandırmaq üçün “bütün zəruri tədbirləri” sanksiyalaşdırmağa çağırıb.
O, həmçinin dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini, beynəlxalq gəmiçiliyin fasiləsizliyinə zəmanət verilməsini və Körfəz ölkələrinin İranla bağlı bütün danışıqlara daxil edilməsini tələb edib.
Əl-Budeyvi vurğulayıb ki, Körfəz ölkələri sabitliyin tərəfdarıdır, lakin təhlükəsizlik və suverenlik məsələlərində güzəştə getməyə hazır deyil.
Bundan əvvəl Reuters diplomatik mənbələrə və qətnamə layihəsinin mətninə istinadən xəbər vermişdi ki, Bəhreyn Körfəz ölkələri və ABŞ-nin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazından keçən gəmiçiliyin qorunması ilə bağlı qətnamə layihəsi təqdim edib.
Agentliyin yazdığına görə, sənəd diplomatik ifadələrlə təqdim olunsa da, faktiki olaraq güc tətbiqinə icazə verilməsi üçün hüquqi baza yaradır.
Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani bildirib ki, təqdim olunan qətnamə layihəsi üzrə səsvermənin aprelin 3-də keçirilməsi gözlənilir.
Qətnamənin qəbul olunması üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü — ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın vetosunun aşılması tələb olunur.
Polise.az



