ABŞ VƏ İRANA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI TƏKLİF EDİLDİ – Detallar və şərtlər AÇIQLANDI

İran və ABŞ arasında Hörmüz yenidən açılması və hərbi toqquşmaların dayandırılmasını nəzərdə tutan iki mərhələli atəşkəs planı müzakirə olunur.

Məlumata görə, Pakistanın vasitəçiliyi ilə hazırlanmış və şərti olaraq “İslamabad razılaşması” adlandırılan layihə hər iki tərəfə təqdim edilib.

“Reuters” agentliyinin məlumatına əsasən, Pakistan Baş Qərargah rəisi Asim Munir sənəd üzərində razılıq əldə etmək məqsədilə ABŞ rəsmiləri və İran nümayəndələri ilə intensiv danışıqlar aparıb. Bildirilir ki, o, ABŞ-nin vitse-prezidenti J. D. Vens ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə gecə boyu əlaqədə olub.

Razılaşma imzalanarsa, planın qüvvəyə minməsi 6 apreldə mümkün olacaq.

Mənbələr bildirir ki, İslamabad dərhal atəşkəs təklif edir. Bu, Hörmuz boğazında gəmiçiliyin bərpasına şərait yaradacaq. Daha sonra tərəflərə 15–20 gün müddətində geniş razılaşmanı müzakirə etmək imkanı veriləcək. Son mərhələdə sənədin imzalanması İslamabadda baş tutacaq.

Sazişdə İrandan nüvə silahı istehsal etməmə öhdəliyi tələb olunur, əvəzində isə sanksiyalar aradan qaldırılacaq və bloklanmış aktivlər açılacaq.

Eyni zamanda, “Axios” xəbər verir ki, ABŞ və İran region vasitəçilərinin iştirakı ilə 45 günlük atəşkəs variantını müzakirə edir. Mənbələr 48 saat ərzində razılaşma ehtimalının az olduğunu, amma bunun ciddi eskalasiyanın qarşısını almaq üçün son cəhd olduğunu vurğulayıb.

Təklifin təqdim edilməsindən sonra İran tərəfindən rəsmi açıqlama verilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, ABŞ daha əvvəl də 15 maddəlik təklif irəli sürüb, lakin bu təklif İran tərəfindən məntiqsiz və qəbuledilməz tələblər kimi qiymətləndirilib.

Bəqayi qeyd edib ki, İran öz milli maraqlarına uyğun tələblərini formalaşdırıb və vasitəçilərə cavab artıq hazırlanıb:“Cavabımız hazırdır, lazım olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

O əlavə edib ki, İran həm hərbi sahədə mövqeyini qoruyur, həm də diplomatik kanalları aktiv saxlayır. Eyni zamanda, Tehran sadəcə müvəqqəti atəşkəs deyil, hücumların təkrarlanmayacağı davamlı və uzunmüddətli razılaşma əldə olunmasını istəyir.

İran rəsmisi vurğulayıb ki, danışıqlar təhdid və ultimatumlarla aparıla bilməz və ölkə yalnız öz təhlükəsizlik maraqlarına uyğun qərarlar qəbul edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button