SUMQAYITDA “TƏHSİL MAFİYASI”: 23 SAYLI MƏKTƏBDƏ SAXTA JURNALLAR VƏ ŞAGİRD ALVERİ İFŞA OLUNDU

Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə baş verənlər artıq “təhsil islahatı” pərdəsi altında gizlədilə bilməyəcək qədər rəzalət həddinə çatıb. Məktəbin direktoru öz şəxsi ambisiyalarını və “uğurlu rəhbər” imicini uşaqların gələcəyindən, qanunun tələblərindən və etik normalardan üstün tutur.
Birbaşa Faktlar və İfşalar:
1. Davamiyyət Saxtakarlığı:
Məktəbdə dəhşətli bir sistem qurulub: Şagirdlərin adı bir sinifdə gedir, amma özləri aylarla başqa yerdə (repetitor yanında və ya hazırlıqlarda) olurlar. İbtidai siniflərdən başlayan bu tendensiya təhsil qanunvericiliyinə qəsdən edilmiş cinayətdir. Direktorun göstərişi ilə jurnallarda uşaqların “qayıb”ları sistemli şəkildə silinir, dövlət sənədləri saxtalaşdırılır. Məktəb artıq real təhsil müəssisəsi deyil, kağız üzərində mövcud olan bir “kabus”a çevrilib.
2. “Transfer” Bazarı və 1000 Manatlıq Yerdəyişmə:
Məktəb rəhbərliyinin “uğur” statistikası yaratmaq üçün əl atdığı ən çirkin üsul kənar məktəblərdən şagird transferidir. İddia edilən faktlar budur ki, birinci sinifə qəbul zamanı valideynlərdən 500-1000 AZN arası məbləğlər alınaraq uşaqlar məktəbə qəbul edilir. Bu, təhsil deyil, açıq-aşkar “şagird alveri” və vəzifə səlahiyyətlərindən rüşvət məqsədilə sui-istifadədir.
3. Bakıdakı Bahalı Repetitorlara Məcburi Yönləndirmə:
Direktorun özünü “savadlı” göstərmək ehtirası valideynlərin cibinə və uşaqların psixologiyasına ağır zərbə vurur. Sumqayıtda yaşayan uşaqlar direktorun təzyiqi ilə Bakıdakı bahalı repetitorların yanına göndərilir. Hər gün Sumqayıt-Bakı yolunda fiziki olaraq tükənən uşaqlar məktəb dərslərindən tamamilə kənarlaşdırılır. Bu, pedaqoji proses deyil, uşaqların istismarıdır!
4. Saxta Olimpiada Uğurları:
Məktəbin təriflənən olimpiada nəticələri sabun köpüyüdür. Bu nəticələri qazananlar məktəbin öz yetirmələri deyil, kənardan “hazır məhsul” kimi gətirilən şagirdlərdir. Məqsəd keyfiyyət yox, Nazirliyə təqdim ediləcək “parlaq” hesabatlardır. Buraxılış imtahanlarında bu uşaqların göstərdiyi real nəticələr isə bu saxta mənzərəni tamamilə darmadağın edir.
Tehsil.media bildirir ki, Sumqayıt 23 saylı məktəbdə direktorun rəhbərliyi ilə qurulan bu sistem Azərbaycan təhsilinə qarşı təxribatdır. Valideynlərin pulunu soran, uşaqları robotlaşdıran və dövlət sənədlərini saxtalaşdıran bu rəhbərlik mütləq hüquq müstəvisində cavab verməlidir. Təhsil İnstitutu və MÜTDA bu məktəbdəki jurnalları və faktiki davamiyyəti qəfil yoxlasa, saxtakarlığın miqyası hər kəsi dəhşətə gətirəcək.
Burada söhbət təhsildən yox, kreslo xatirinə məhv edilən bir nəsildən gedir!
Görəsən daxili nəzarət bu qanunsuzluqları da araşdıracaqmı? Adı başqa, özü başqa sinifdə oxuyanları aşkarlayacaqmı? Reyhan xanımın tükənməz eqosu həqiqətlərlə üzləşəcəkmi?!\Reportyor.TV\
Polise.az



