Pakistanlı vasitəçilər haqqında DOSYE

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının tam açılması şərti ilə İranla 2 həftəlik qarşılıqlı atəşkəs elan etməsindən sonra Pakistanın bu prosesdəki vasitəçilik rolu dünya gündəminin mərkəzinə çevrilib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, atəşkəs təklifinin Pakistan vasitəsilə çatdırıldığı bu kritik mərhələdə iki mühüm ad ön plana çıxır: Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, general Asim Munir və Pakistanın Qətərdəki səfiri Məhəmməd Əmir.

Diplomatik mənbələrdən sızan məlumatlara görə, səfir Əmir danışıqlar üçün zəruri zəmini hazırladığı halda, general Munir isə birbaşa Donald Tramp ilə təmasda olub.

Atəşkəsin əldə olunmasında Pakistanın baş naziri Şahbaz Şərif və Asim Munirin ABŞ lideri ilə qurduğu birbaşa əlaqələr həlledici rol oynayıb. Eyni zamanda Pakistanın hər iki ölkənin nümayəndə heyətlərini İslamabadda görüşdürmək üçün diplomatik hazırlıqlara başladığı bildirilir. Hazırda Asim Munirin Pakistanda “əsl güc” sahibi olduğu vurğulanır.


Asim Munir 

Britaniyanın “The Guardian” və “Independent” qəzetlərinin təhlillərinə görə, ötən il Pakistanda qəbul edilən konstitusiya dəyişiklikləri Asim Munir üçün “Müdafiə Qüvvələrinin Komandanı” adı altında yeni və genişsəlahiyyətli bir vəzifə yaradıb. Bu tənzimləmə nəticəsində Munir təkcə quru qoşunları deyil, hərbi hava və dəniz qüvvələri üzərində də birbaşa nəzarət imkanı qazanıb. Sözügedən dəyişikliklər ona vəzifə müddəti başa çatdıqdan sonra rütbəsini saxlamaq və ömürlük hüquqi toxunulmazlıq hüququ verir.

Qərb mediası bu addımları Pakistan ordusunun mülki hökumət üzərindəki təsirinin artması kimi qiymətləndirir. Corctaun Universitetinin eksperti Akil Şah və analitik Zahid Hüseynin rəyinə görə, Munirin dövründə ordunun idarəetmədəki çəkisi kəskin şəkildə yüksəlib.

Londonda yerləşən “Al Majalla” nəşri qeyd edir ki, 57 yaşlı Asim Munir sələflərindən fərqli olaraq Qərb hərbi akademiyalarında deyil, Pakistanın daxili təhsil müəssisələrində yetişib. Buna baxmayaraq, o, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə sıx əməkdaşlıq edir və son 3 ildə qurumun rəhbəri general Maykl Kurilla ilə azı 6 dəfə görüşüb.

Vaşinqton Muniri Yaxın Şərqdə “sabitləşdirici faktor” kimi görür. Ərəb dilini mükəmməl bilən general, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə strateji əlaqələrin möhkəmləndirilməsində əsas fiqur hesab olunur.


Məhəmməd Əmir

Prosesin diplomatik tərəfini idarə edən səfir Məhəmməd Əmir isə “pərdəarxası qəhrəman” kimi xarakterizə olunur. 58 yaşlı təqaüddə olan general-leytenant Əmir daha əvvəl Syerra-Leonedə BMT missiyasında hərbi müşahidəçi kimi xidmət edib. Onun 2025-2026-cı illər üzrə ABŞ-İran danışıqlarının ilk raundunda, Maskatda vasitəçilik kanalını quran və koordinasiya edən əsas şəxs olduğu bildirilir. “Intelligence Online” nəşrinin məlumatına görə, Əmir hazırda Körfəz diplomatiyasının ən nüfuzlu gizli simalarından biridir.

Bu atəşkəs təkcə regional gərginliyi azaltmaqla qalmır, həm də Pakistanın Yaxın Şərq və Qərb arasındakı strateji vasitəçi statusunu yenidən bərpa edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button