Gözlər İslamabada dikilib…

Siyasi dialoq hərbi əməliyyatları dayandıra biləcəkmi?
İlk baxışdan Yaxın Şərqdə əldə olunan iki həftəlik atəşkəsin gərginliyi azaldacağı düşünülürdü. Amma buna baxmayaraq, İsrailin Livana endirdiyi zərbələr razılaşmanın şərtləri ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları olduğunu üzə çıxardı. Bu kontekstdə beynəlxalq medianın gündəmi yenidən hərbi toqquşma xəbərləri ilə müşayiət olunur.
“Mehr”: “Hizbullah” İsrailin bu ölkəyə endirdiyi zərbələrə cavab olaraq hərəkətə keçib. Bununla bağlı “Hizbullah” bəyanat yayıb. Qrupun atəşkəsə sadiq qaldığı diqqətə çatdırılan bəyanatda “Livanı və xalqını müdafiə etmək üçün”, həmçinin düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq Əl-Manara qəsəbəsinin raket atəşinə tutulduğu bildirilib. “Bu cavab tədbirləri İsrail-Amerika təcavüzü ölkəmizə və xalqımıza qarşı dayandırılana qədər davam edəcək”, – bəyanatda qeyd edilib.
“CNN”: Pakistanın ABŞ-dakı səfiri Rizvan Səid Şeyx rəsmi olaraq təsdiqləyib ki, Livan ABŞ, İran və əlaqədar tərəflər arasındakı atəşkəs razılaşmasının bir hissəsidir: “Əldə edilmiş razılaşmalara və Pakistanın vasitəçilik roluna əsasən, Livan açıq şəkildə atəşkəs razılaşması çərçivəsinə daxil edilib. Bu məsələni tərəflər razılaşdırılıb və bu barədə heç bir qeyri-müəyyənlik yoxdur”. O, əlavə edib ki, İslamabad son danışıqlar zamanı atəşkəsin əhatəli olmasının zəruriliyini vurğulayıb və bura Livanda hərbi əməliyyatların dayandırılması da daxildir.
“The Wall Street Journal”: ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə əməl etmək niyyətində deyil: “Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz növbəsində, boğazı açmalıdırlar. Əgər bu baş verməsə, əgər İran razılaşmanın özünə aid hissəsinə əməl etməsə, ABŞ da razılaşmanın özünə aid hissəsinə əməl etməyəcək”.
“IRNA”: İsrailin Beyrut və digər şəhərləri bombalaması nəticəsində 254 vətəndaşın ölümü ilə əlaqədar aprelin 9-u Livanda milli matəm elan edilib. Bu barədə Livanın Baş naziri Nəvaf Salam qərar qəbul edib. O, İsrailin ölkəsinə qarşı həyata keçirdiyi genişmiqyaslı və təcavüzkar hücumlar nəticəsində həlak olanların xatirəsini anmaq üçün aprelin 9-nu ümummilli matəm günü elan edib.
“BBC”: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı məsələləri, habelə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzrə razılıq əldə edib: “Artıq bütün yalan ritorikaya rəğmən, razılaşma var – nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq”. Agentliyin yaydığı digər məlumatda ikitərəfli danışıqların ilk raundunun aprelin 11-də İslamabadda baş tutacağı gözlənilir.
“Times of Israel”: İsrail Müdafiə Ordusu “Hizbullah” qruplaşmasına lazım olan hər yerdə zərbələr endirməyə davam edəcək. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Mesajımız aydındır: İsrailin mülki vətəndaşlarına qarşı hərəkət edən hər kəs hədəf olacaq. Sakinlərin tam təhlükəsizliyini bərpa edənə qədər biz lazım olan hər yerdə “Hizbullah”a zərbələr endirməyə davam edəcəyik”.
“Politico”: Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etmək təşəbbüsünü rədd edib. Baş diplomat bildirib ki, bu mühüm su yolu beynəlxalq gəmiçilik və tranzit marşrutudur və buna görə də naviqasiya azadlığı prinsipləri burada tətbiq olunur: “Ölkələr bu cür beynəlxalq tranzit marşrutlarını, sadəcə, ələ keçirib birtərəfli qaydada ödəniş tətbiq edə bilməzlər. Onlar bunu dəniz hüququ və Birləşmiş Millətlər Təkilatı çərçivəsində qəbul edilmiş qaydalar baxımından edə bilməzlər”.
Hazırladı:
N.BEYDİYEVA



