“Məni xilas edin…” – 34 il əvvəl Tovuzda ermənilərin oğurladığı Tamara – FOTO

Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində girov götürülən və taleyi bu günədək naməlum qalan mülki şəxslərdən biri də Tamara Saleh qızı Hüseynovadır.
Tamara Hüseynova 26 iyul 1992-ci il tarixində Tovuz rayonunun Əlibəyli kəndində erməni silahlı qüvvələri tərəfindən girov götürülüb. Onun qardaşı Akif Hüseynovun apardığı çoxsaylı araşdırmalar və erməni tərəfi ilə danışıqlar zamanı bildirilib ki, Tamara Ermənistanın Berd rayonunun Paravakar kəndində, itkin düşmüş Mger Alaverdiyanın ailəsində saxlanılır.
1992-ci il noyabrın 6-da erməniəsilli Şamir Alekseyeviç Alaverdiyan Akif Hüseynova teleqram göndərərək Tamaranın girov saxlanıldığını təsdiqləyib. Bu fakt həmçinin əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən də təsdiq olunub. Lakin bütün bu məlumatlara baxmayaraq, Tamara Hüseynovanın sonrakı taleyi indiyədək naməlum olaraq qalır.
Girov götürüldüyü zaman 22 yaşı olan Tamara ailəsinə ünvanladığı məktubda acı taleyini belə ifadə edib:
“Anam, qardaşım! Zindanda çürüyən canım sizə qurban, məni axtarın. Hər gün “ana, bacı, qardaş” deyə ağlayıram. Yalvarıram, nə olar, məni erməni əsirliyindən qurtarın!”
1992-ci il iyulun 30-da Tamaranın radio vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə yaratdığı da qeyd olunur. O zaman Ağstafa rayon İcra Hakimiyyəti nümayəndəsi ilə telefon danışığında Berd rayonunda saxlanıldığını bildirib. Həmin ilin avqust ayında Azərbaycan-Ermənistan sərhədində keçirilən görüşdə erməni tərəfinin müxtəlif nümayəndələri də onun Paravakar kəndində saxlanıldığını təsdiqləyiblər.
Sonrakı dövrlərdə də müxtəlif mənbələrdən Tamaranın Ermənistanda fərdi evdə saxlanıldığına dair məlumatlar əldə edilib. 1993 və 1994-cü illərdə baş tutan görüşlərdə erməni tərəfinin nümayəndələri bu faktı bir daha təsdiqləyiblər.
Azərbaycan tərəfi Tamaranın azad olunması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsə də, erməni tərəfi onun yazdığı məktubun saxta olduğunu iddia edib. Lakin Azərbaycan Respublikasının Əsir və Girov Götürülmüş şəxslər üzrə Dövlət Komissiyası məktubu Tamaranın əvvəlki yazıları ilə müqayisə edərək onun həqiqiliyini təsdiqləyib.
Toplanmış bütün sübutlar beynəlxalq təşkilatlara təqdim olunub. Buna baxmayaraq, Tamara Hüseynovadan bir daha xəbər əldə edilməyib. Dövlət Komissiyasının arxivində onun yazdığı məktublar, aparılan yazışmalar və qardaşı Akif Hüseynovun axtarış zamanı əldə etdiyi sənədlər bu gün də saxlanılır.
Tamara Hüseynovanın taleyi Birinci Qarabağ müharibəsinin yüzlərlə itkin düşmüş və girov götürülmüş mülki vətəndaşının acı aqibətini özündə əks etdirən nümunələrdən biri kimi qalmaqdadır.


\Şahanə RəhimliMusavat.com\
Polise.az



