NATO-da tarixi parçalanma: Avropa ABŞ-sız “B planı”nı hazırladı

Nüfuzlu “The Wall Street Journal” (WSJ) qəzeti Avropa paytaxtlarında NATO-nun gələcəyi ilə bağlı aparılan gizli hazırlıqlar barədə sensasiyalı məlumat yayıb.
Polise.az Musavat.com -a istinadən xəbər verir ki, Avropa ölkələri Donald Trampın ABŞ-ı alyansdan çıxaracağı və ya hərbi dəstəyi kəskin azaldacağı ehtimalına qarşı artıq “B planı”nı dövriyyəyə salıblar.
Məlumata görə, bu məxfi layihənin əsas qayəsi alyansı tamamilə Avropa liderliyinə yönəltmək və Vaşinqtondan asılılığı minimuma endirməkdir. Diplomatik dairələrdə “Avropa NATO-su” adlandırılan bu layihə köhnə qitənin ABŞ-ın iştirakı olmadan öz müdafiəsini müstəqil şəkildə təmin edə bilməsi üçün nəzərdə tutulub.
Analitiklər hesab edirlər ki, İrandakı müharibə və Tramp administrasiyasının kəskin təhdidləri fonunda Avropa dövlətləri artıq Amerikanın hərbi çətirinə əvvəlki kimi etibar etmirlər. Yeni plan çərçivəsində vahid Avropa komandanlığı, birgə silah istehsalı və müstəqil nüvə çəkindirmə strategiyaları müzakirə olunur.
WSJ vurğulayır ki, bu addım NATO-nun yarandığı gündən bəri üzləşdiyi ən böyük struktur dəyişikliyi və Vaşinqtonun alyansdakı mütləq hegemonluğuna son qoyacaq tarixi dönüş nöqtəsi ola bilər.
Hazırda Berlin, Paris və digər aparıcı paytaxtlar ABŞ-ın gələcək seçimlərindən asılı olmayaraq, qitənin təhlükəsizlik arxitekturasını yenidən qurmaq üçün maliyyə və hərbi resursları səfərbər edirlər.
Polise.az



