Bakıda “İrəvan: Tarixin və İtirilmiş İrsin Sədaları” kitabının təqdimatı keçirilib.

Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla Əliyevanın dəstəyi ilə filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Azərbaycan, rus, ingilis və fransız dillərində nəşr olunmuş “İrəvan: Tarixin və İtirilmiş İrsin Sədaları” kitabının təqdimatı keçirilib .
Polise.az-ın məlumatına görə, Leyla Əliyeva və Alena Əliyeva təqdimatda iştirak ediblər .
Tədbirdən əvvəl görkəmli oftalmoloq alim, akademik və ictimai xadim Zərifə xanım Əliyevanın vəfatının ildönümü münasibətilə onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova təqdim olunan kitabın maraqlı və əhəmiyyətli olduğunu qeyd etdi. O, kitab təqdimatının məhz bu məkanda keçirilməsindən məmnunluğunu bildirdi.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, İçərişəhər təkcə turizm məkanı deyil, həm də incəsənət, yaradıcılıq və intellektual fəaliyyət mərkəzi kimi əhəmiyyətlidir. O, bu cür tədbirlərin keçirilməsinin bu funksiyanın təzahürü olduğunu vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri və kitabın redaktoru Cəbi Bəhramov layihənin həm tarixi, həm də hüquqi baxımdan əhəmiyyətli olduğunu xatırladıb. O, İrəvanın qədim tarixi olduğunu və bölgənin toponimlərinin mənşəyinin çox qədim dövrlərə gedib çıxdığını qeyd edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında bu cür kitabların hazırlanmasının və ictimaiyyətə təqdim edilməsinin vacibliyini xüsusi vurğuladı.
Kitabın müəllifi Fəridə Səfiyeva, əslən İrəvandan olduğunu xüsusi qeyd edərək, bu əsəri yazmağı təkcə elmi bir iş kimi deyil, həm də mənəvi bir məsuliyyət və vəzifə kimi gördüyünü söylədi. Onun sözlərinə görə, doğma diyarının tarixi, mədəni irsi və xatirəsi haqqında həqiqəti qorumaq və gələcək nəsillərə ötürmək hər bir İrəvan sakininin borcudur.
Tədbir bədii hissə ilə davam etdi və iştirakçılara maraqlı və zəngin mədəni proqram təqdim edildi.
Qeyd etmək lazımdır ki, bu kitabın məqsədi İrəvan şəhərinin Azərbaycan xalqına məxsus qədim sivilizasiya və mədəniyyət mərkəzi olduğunu elmi sübutlarla sübut etməkdir. Əsərdə şəhərin çoxəsrlik tarixi, zəngin mədəni irsi, onun formalaşmasında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin həyat və əsərləri ətraflı araşdırılır. XIX və XX əsrlərin faciəli hadisələri nəticəsində İrəvanın Azərbaycan kimliyini qəsdən silmək cəhdlərinə baxmayaraq, onun əsl siması arxiv sənədlərində, fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapmışdır. Bu tədqiqat bu reallıqları bərpa etməyə, İrəvanın unudulmuş Azərbaycan milli-mədəni irsini öyrənməyə və gələcək nəsillərə ötürməyə xidmət edən mühüm elmi əsərdir. /Azərtac\



