“907-ci düzəliş”in ləğvi tezləşəcək? – SENSASİON gəlişmə

“Azərbaycan incə balanslaşma kursu həyata keçirir. Bir tərəfdən İsrail, Türkiyə və Pakistanla sıx əlaqə saxlayır, digər tərəfdən isə İranla birbaşa qarşıdurmadan qaçır. Bu strategiya Bakıya sabitliyi qorumağa və regiondakı rolunu gücləndirməyə imkan verir”.
Musavat.com xəbər verir ki, bu barədə “The National Interest” jurnalındakı təhlili məqalədə deyilir.

Müəllif vurğulayır ki, ABŞ üçün Azərbaycan Rusiya və İrandan yan keçərək Orta Asiya və Avropanı birləşdirən “Orta Dəhliz” adlanan ərazidə əsas halqadır. Eyni zamanda, qeyd olunur ki, Vaşinqton öz yanaşmasına yenidən baxmalıdır: “ABŞ Qafqazda yeni bir strategiya hazırlamalı və həyata keçirməlidir. Lakin köhnə “907-ci düzəliş” səbəbindən Amerikanın Bakıya qarşı siyasəti məhdud olaraq qalır”.
Nəşr hesab edir ki, bu düzəlişin ləğvi ABŞ-a Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə və dronlar və hibrid müharibə də daxil, İrandan gələn təhdidlər fonunda mühüm enerji və nəqliyyat yollarını qorumağa imkan verərdi. “Daha geniş kontekstdə desək, Bakı ilə tərəfdaşlığın gücləndirilməsi Cənubi Qafqazı Qərbin orbitində təhlükəsiz saxlaya və orada Rusiya, Çin və İranın təsirini azalda bilər”, – deyə məqalədə qeyd edilir.
Belədirmi? Yaxın Şərq böhranı “907-ci düzəliş”in ləğvini tezləşdirə bilərmi?
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, “907-ci düzəliş”in ləğvi Konqresin qərarından asılıdır. Onun proqnozu budur ki, növbəti seçkilərdə demokrat namizəd prezident seçilərsə, ABŞ-nin Azərbaycana münasibəti yenidən dəyişə bilər: “Bu da həmin bədnam aktın icrasının işə düşməsinə belə səbəb ola bilər. Ona görə də qarşıdakı dövrdə ləğvini gözləmirəm. Çünki Konqresdə İrana görə Trampa ciddi müqavimət var. Əgər “907-ci akt” ortaya qoyularsa, Konqresdən müsbət cavab veriləcəyi inandırıcı görünmür. Bütün hallarda aktın dayandırılması böyük hadisədir. Məncə, Azərbaycan ABŞ ilə əlaqələri inkişaf etdirməlidir”.
Ekspert Azərbaycana hərbi yardımı aktual hesab etmir, çünki regionda sülh gündəmi var: “ABŞ ilə imzalanan Xartiya əlaqələrimizdə yeni mərhələdir. Bizim hədəfimiz bu münasibətləri strateji müttəfiqlik səviyyəsinə qədər qaldırmaqdır. Sadəcə, dünyada və Yaxın Şərqdə baş verənlər prosesləri ləngidir. ABŞ üçün Cənubi Qafqazda mühüm planlar var və reallaşdırmalıdır. Amma İran münaqişəsi buna imkan vermir. Hər halda, Trampdan sonra Vens, yaxud başqa respublikaçı hakimiyyətə gələcəksə, Bakı-Vaşinqton arasında indiki pozitiv yaxınlaşma irəliyə gedəcək. Ancaq demokratlar da Azərbaycanın qədrini bilməlidirlər və regiondakı əhəmiyyətimizə diqqət yetirməlidirlər”.
Emil Salamoğlu
Musavat.com



