Məscidlərdə Qurban bayramı namazı qılınıb – YENİLƏNDİ/FOTOLAR

Gəncədə Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yüzlərlə şəhər sakininin qatıldığı ibadətdə dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Həmçinin şəhərin “İmamzadə” Dini Kompleksinin qurbangahında, M. Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş heyvanların kəsimi həyata keçirilib.

Qurbanlar sanitar-gigiyenik tələblər gözlənilməklə və İslam qaydalarına uyğun şəkildə kəsilib.

***

11:17

Şuşada Yuxarı Gövhər Ağa məscidində Qurban bayramı namazı qılınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bayram namazında yerli sakinlərlə yanaşı çoxsaylı qonaqlar da iştirak edib.

Tədbir çərçivəsində dini mərasimlər keçirilib.

Qeyd edək ki, ibadət zamanı iştirakçılar birlik, həmrəylik və sülh üçün dualar ediblər. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ruhu yad olunub, qazilərə şəfa arzulanıb.

Raul Muradlı

***

10:30

AĞDAM, 27 may. TELEQRAF

İşğaldan azad olunmuş Ağdam şəhərində Qurban bayramı namazı qılınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam Cümə məscidində qılınan bayram namazı xüsusi duyğularla yadda qalıb. Vaxtilə işğalın ağrı-acısını yaşamış Ağdam bu dəfə bayram səhərinə dualar, təbriklər və insanların sevinc dolu addımları ilə oyanıb. Əvvəlki illərdən fərqli olaraq, doğma yurda qayıdan sakinlər də bayram namazında iştirak ediblər.

Namaz zamanı xalqımızın birliyi, dövlətimizin qüdrəti və ölkəmizin əmin-amanlığı üçün dualar edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.

Ağdamda qılınan bu bayram namazı təkcə dini ibadət deyil, həm də qayıdışın, dirçəlişin və böyük Zəfərin mənəvi rəmzi kimi qiymətləndirilib.

Raul Muradlı

***

08:01

Azərbaycan məscidlərində Qurban bayramı namazı qılınıb.

Teleqraf xəbər verir ki, Bakının Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə bayram namazı qılınıb.

Azərbaycanın bölgələrindəki məscidlərində, eləcə də, işğaldan azad olunmuş ərazilərdə bərpa edilmiş ibadət ocaqlarında bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar mayın 27, 28-i Azərbaycanda qeyri-iş günüdür.

Şəbnəm Zahir

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button