“İdrak” liseyində baş vermiş cinayət işi üzrə prosesin qapalı keçilməsi vəsatəti rədd edildi

“İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət verib. O, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadağı üçün iclasın qapalı keçirilməsini xahiş edib.
Bundan əlavə vəkil müvəkkilinin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. O, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini deyib.
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də məhkəmədən prosesinin qapalı keçirilməsini xahiş edib.
Müşavirədən sonra qərar elan olunub.
Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib, baxış iclası iyulun 1-nə təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət də təmin edilməyib.
Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Polise.az



