Həbsdən yayınmaq üçün öz “ölümünü” səhnələşdirdi: planı bir detal pozdu – “South China Morning Post”

Sürücü cəzadan qaçmaq istəsə də, polis onun sağ olduğunu sübut etdi
Çində sərxoş vəziyyətdə avtomobil idarə etməkdə ittiham olunan kişi həbsdən yayınmaq üçün öz ölümünü səhnələşdirib. O, tabut alıb, qohumlarının köməyi ilə saxta dəfn təşkil edib və özü başqa əyalətə qaçıb. Lakin istintaq zamanı üzə çıxan şübhəli məqamlar planın ifşasına səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” nəşri yazıb.
Saxta dəfn təşkil etdi
Nəşrin məlumatına görə, Si soyadlı şəxs ötən ilin yanvarında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, əvvəllər də sürücülük vəsiqəsi olmadan və sərxoş halda avtomobil idarə etdiyinə görə iki dəfə məsuliyyətə cəlb edilib. Real həbs cəzasından qorxan Si iyunda planını həyata keçirib.

O, əvvəlcədən tabut alıb, evə boş dərman qabları və qutuları səpələyib, nəfəsini saxlayaraq və bədənini xüsusi avadanlıqla soyudaraq həddindən artıq dərman qəbulundan öldüyü görüntüsü yaradıb. Anası və nənəsi isə başını örtərək üzünün tanınmaz hala düşdüyünü bildiriblər. Daha sonra tabut tələsik dəfn olunub, Si isə gizlicə Yunnan əyalətinə yollanıb.
Bir detal hər şeyi üzə çıxardı
Polis hadisə yerinə çatanda tabut artıq torpağa tapşırılmışdı. Lakin ailənin təcili yardım çağırmaması, tabutun ölüm təsdiqlənməzdən əvvəl alınması, ölüm haqqında tibbi sənədin olmaması və qonşuların meyiti görməməsi hüquq-mühafizə orqanlarında şübhə yaradıb. Nəzarət kameralarının görüntüləri, bank əməliyyatları və telefon məlumatları araşdırıldıqdan sonra kişinin sağ olduğu müəyyən edilib.

O, axtarışa verilib və aprel ayında saxlanılıb. Məhkəmə Siyə beş ay həbs və 20 min yuan (təxminən 3 min ABŞ dolları) cərimə cəzası verib. Daha sonra anası və nənəsi barəsində də cinayət işi açılıb. Onlar cinayətkarı gizlətməkdə və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinirlər. Prokurorluq bildirib ki, qanundan yayınmaq üçün öz ölümünü səhnələşdirmək məsuliyyətdən xilas etmir, əksinə, əlavə cinayət məsuliyyəti yaradır.



