Paşinyandan Putinə yeni mesaj: Rusiya hərbi bazasının “icarə haqqı” artırıla bilər…

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının nümayəndəsi Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasına görə ödədiyi məbləğin artırılmasının mümkünlüyünü istisna etməyib.
Moderator.az xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Vilen Qabrielyan bu barədə “Factor TV”yə müsahibəsində danışıb.
Qabrielyan bildirib ki, əgər Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa, İrəvanın da Rusiya ilə münasibətlərdə müəyyən qiymət dəyişikliklərinə getməsi mümkündür. Jurnalistin bunun Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının icarə haqqının artırılmasına aid olub-olmadığı barədə sualına deputat “Niyə də olmasın? Bəli” cavabını verib və bunun şəxsi mövqeyi olduğunu vurğulayıb.
Qabrielyan eyni zamanda Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, iki ölkə arasındakı müqaviləyə əsasən, tərəflərdən birinin tələbi ilə bazanın çıxarılması məsələsi qaldırıla bilər.
Hakim partiyanın deputatı 102-ci bazanın Ermənistanın təhlükəsizliyi üçün əvvəlki əhəmiyyətini də şübhə altına alıb. O, 2021 və 2022-ci illərdə Ermənistan ərazisinə hücumlar zamanı bazanın müqavilədə nəzərdə tutulan missiyanı yerinə yetirmədiyini iddia edib və buna görə onun çıxarılmasının Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərməyəcəyini bildirib.
Bu açıqlama baş nazir Nikol Paşinyanın sentyabrın 11-də verdiyi mesajdan sonra səslənib. Paşinyan Rusiyanın qazın qiymətini artıracağı halda Ermənistanın da “bahalaşdıra biləcəyi” müəyyən məsələlərin olduğunu demişdi. Qabrielyan həmin ifadənin mümkün variantlarından birinin Rusiya hərbi bazasının yerləşdirilməsinə görə ödənişin artırılması ola biləcəyini təsdiqləyib.
Ermənistanda Rusiya hərbi bazasının statusu son dövrdə daha da həssas məsələyə çevrilib. Paşinyan sentyabrın əvvəlində 102-ci bazanın Ermənistanda qalmasını “həyati zərurət” hesab etmədiyini və Moskva bazanı çıxarmaq qərarı versə, İrəvanın buna etiraz etməyəcəyini bildirmişdi.
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının Ermənistanda qalma müddəti 2010-cu ildə imzalanmış protokolla 2044-cü ilə qədər uzadılıb.
Beləliklə, hakim “Vətəndaş sazişi” partiyasından səslənən son açıqlama Moskva ilə İrəvan arasında onsuz da gərginləşmiş münasibətlər fonunda yeni mesaj kimi qiymətləndirilə bilər. Bununla belə, bazanın icarə haqqının artırılması ilə bağlı hazırda qəbul edilmiş rəsmi qərar yoxdur.
S.Laçın



