İRƏVANDA TƏŞKİLATLANMIŞ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI… – Bu səfər revanşistləri niyə təşvişə saldı?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabr 2026-cı il tarixlərində Qarabağ və Şərqi Zəngəzur regionlarına etdiyi növbəti kütləvi səfər Ermənistanın media məkanında, sosial şəbəkələrində və siyasi dairələrində növbəti genişmiqyaslı düşmənçilik reaksiyasına səbəb olub. Politoloq Fərhad Məmmədov baş verənləri, Ermənistandakı təşkilatlanmış kampaniyanı və “Sülh Körpüsü” təşəbbüsü ətrafındakı son vəziyyəti faktlarla təhlil edib.

“AzPolitika.info” Fərhad Məmmədovun şərhini tam şəkildə təqdim edir:
Diplomasiya səfərinə təşkilatlanmış reaksiya və məyusluq
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan Qrupunun bəyanatında 11–12 sentyabr 2026-cı il tarixlərində beynəlxalq diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına səfərinə Ermənistanın kütləvi informasiya vasitələrində verilən düşmənçilik reaksiyası və ictimai diskursun qəbuledilməz tonu ilə bağlı dərin məyusluq ifadə olunub.
Son bir neçə gün Ermənistanın əsas media resurslarının məzmununu, eləcə də özlərini iqtidaryönlü, müxalifətçi, müstəqil, revanşist və ya “sülhməramlı” kimi qələmə verən siyasi xadimlərin, ekspertlərin və jurnalistlərin sosial şəbəkələrdəki çıxışlarını monitorinq etməyə imkan verdi. Reaksiya son dərəcə coşğun, miqyaslı, toptancı və eyni tezislərə söykənən idi — bu, yaxşı təşkil olunmuş vahid kampaniyanın bütün tərkib hissələrini özündə əks etdirirdi.
Analoji mənzərə 2023-cü ildə, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun ləğvi ideyasını irəli sürdüyü dövrdə də müşahidə olunmuşdu. Həmin vaxt Ermənistan cəmiyyəti, diaspor və hakimiyyət bu prosesə müqavimət göstərmək üçün vahid mövqedən çıxış edirdi. Azərbaycan üçün ATƏT-in Minsk Qrupunun ləğvinə münasibət ərazi bütövlüyünə münasibətin göstəricisi (markeri) idi. Bu mərhələ yalnız 2025-ci ilin sonlarına doğru dəf olundu…
Məyusluq üçün iki ana səbəb: Diplomatlara təzyiq və Alban irsinə iddialar
Ermənistan mediasında və siyasi məkanında formalaşan məzmunu iki əsas hissəyə bölmək olar:
-Azərbaycanda akkreditə olunmuş diplomatik korpusa kənar təzyiqlər: Diplomatik korpusun azad edilmiş ərazilərə səfərləri olub, var və bundan sonra da olacaq! Bu, Azərbaycanın suveren hüququdur və heç bir halda müzakirə mövzusu ola bilməz. Səfərin forması, keçirilən tədbirlər və ekskursiyalar hər hansı mübahisə və ya narazılıq üçün əsas təşkil edə bilməz. Lakin Ermənistanda səfərdə iştirak edən ölkələrin nümayəndələrinə qarşı təzyiq kampaniyası başladılıb. Rəsmi şikayətlərin tərtib olunması çağırışları ilə yanaşı, Ermənistanın bəzi diplomatları tərəfindən ayrı-ayrı diplomatlara şifahi təzyiqlərin edildiyi barədə də siqnallar var.
Diplomatik korpusun səfərinin əsas məqsədi işğal dövründəki dağıntıların miqyasını, bərpa işlərinin gedişatını və minatəmizləmə səviyyəsini nümayiş etdirməkdir. Münaqişədən və müharibədən əziyyət çəkmiş bu ərazilər Azərbaycanın tərkibindədir – bu həqiqəti xarici tərəfdaşlara məhz belə səfərlər vasitəsilə xatırlatmaq məcburiyyətində qalırıq.
-Dini tikililərə dair iddialar: İctimai diskurs Erməni Kilsəsini, hakimiyyəti və diasporu bir araya gətirib. Əvvəllər dini irs mövzusunu əsasən kilsə və diaspor qaldırırdı. Minsk Qrupu kontekstinin boş yerə xatırladılmadığı bəlli olur: Minsk Qrupu ləğv edildikdən sonra məhz dini irs konusu Ermənistandakı revanşist qüvvələr üçün Azərbaycana qarşı ərazi iddialarını reallaşdırmaq alətinə çevrildi. Biz bunu Erməni Kilsəsinin doktrinal sənədlərində, eləcə də diasporun ABŞ və Avropadakı dini radikallar arasında apardığı fəaliyyətdə aydın görürük.
Azərbaycan hər zaman bəyan edib ki, Qarabağdakı tarixi kilsələr Qafqaz Albaniyasının irsidir, Azərbaycan tarixinin sərvətidir və hər növ qəsdlərdən qorunur.Diplomatik korpusun səfəri çərçivəsində həmin kilsələrin salamat olduğu və bərpa edildiyi nümayiş olundu.
Ermənistan platformalarının monitorinqi həm də onu göstərdi ki, “Qarabağda erməni dini irsi” mövzusu müzakirə edilərkən Ermənistandakı Azərbaycan mədəni-dini irsi haqqında bir kəlmə də belə qeyd olunmayıb. Ümumiyyətlə heç nə… Bu isə hakimiyyətin, müxalifətin, kilsənin və diasporun bu birliyinin revanşist meyllərdən qaynaqlandığına dair ciddi şübhələr yaradır.
Sözdən əmələ keçmək vaxtı
Sülh gündəmində çoxlu sözlərin deyildiyi, lakin heç bir praktiki əməlin görünmədiyi bir çox mövzular toplanıb. Biz bununla əvvəllər də rastlaşmışıq. Artıq sülh gündəliyini irəli aparmaq üçün yalnız sözlərin və vədlərin kifayət etmədiyi bir zaman çatır. Revanşizm meyllərini xatırladan bu tür təşkilatlanmış reaksiyalar isə şübhələrin səviyyəsini daha da artırır.
“Sülh Körpüsü” Təşəbbüsünün Ermənistan qrupu birbaşa və açıq dialoq yerinə bəyanatlar vasitəsilə dialoq metoduna üstünlük verdi. Bu, onların seçimidir.
Cəmiyyətlərimizdə qapalı sessiyalarda nəyi müzakirə etdiyimizlə bağlı çoxlu diskussiyalar gedirdi. Məhz bu məsələləri — real vəziyyəti, Ermənistandakı revanşist ritorikanı və tərəflərin öhdəliklərini müzakirə edirik.
Rasim Əliyev
“AzPolitika.info”



