Azərbaycan dilinin 2040-cı ilədək inkişaf perspektivləri: çağırışlar və hədəflər

Azərbaycan dili xalqımızın milli varlığını, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən mühüm mənəvi sərvətlərimizdən biridir. Dil yalnız insanlar arasında ünsiyyət vasitəsi deyil. O, xalqın düşüncə tərzini, dünyagörüşünü, mədəniyyətini və dövlətçilik ənənələrini nəsildən-nəslə ötürən canlı sistemdir. Bu mənada, Azərbaycan dili milli kimliyimizin əsas dayaqlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dilinin dövlət dili kimi mövqeyi onun qorunmasını və inkişaf etdirilməsini dövlətçilik baxımından mühüm vəzifəyə çevirir.

Dövlət dili statusu yalnız mövcud dil normalarını qorumağı deyil, həm də dilimizin zamanın tələblərinə uyğun inkişafını və yeni imkanlar qazanmasını tələb edir. XXI əsrdə dilin gücü artıq yalnız ədəbi əsərlərin, kitabların və mətbuatın sayı ilə ölçülmür. Bu gün dilin yaşarlığı və gələcək imkanları onun elmdə, təhsildə, internet resurslarında, texnologiyada, süni intellekt və rəqəmsal platformalarda nə dərəcədə fəal işlənməsindən də asılıdır. Elə buna görə 2040-cı il perspektivindən Azərbaycan dilinə baxarkən qarşımıza yalnız dilimizi necə qoruyaq? – sualını qoymaq kifayət deyil. Daha mühüm olan budur: Azərbaycan dilini gələcəkdə necə güclü, çevik və rəqabətqabiliyyətli dilə çevirək? Məsələ, əslində, dilimizin gələcəyinin olub-olmamasında deyil: Azərbaycan dili var və olacaq. Əsas məsələ bu gələcəyin hansı səviyyədə və hansı imkanlarla formalaşacağıdır. Bu baxımdan Azərbaycan dilinin gələcək inkişafı onun yalnız qorunmasından deyil, yeni elmi, texnoloji və informasiya mühitinə fəal şəkildə uyğunlaşmasından və bu mühitdə öz layiqli yerini tutmasından asılıdır.

Bu gün dilimizin dövlət dili kimi mövqeyi möhkəmlənmiş, təhsil, dövlət idarəçiliyi, media və ictimai kommunikasiya sahələrində işlənmə imkanları genişlənmişdir. Elektron resursların, Azərbaycan dilində internet materiallarının və rəqəmsal xidmətlərin artması da müsbət meyillərdən xəbər verir. Eyni zamanda, dilimizin öyrənilməsi və tədrisi, onun normativ bazasının təkmilləşdirilməsi istiqamətində elmi araşdırmalar davam etdirilir. Bütün bunlar mühüm nailiyyətlərdir. Lakin gələcəyin çağırışları qarşısında əldə olunanlarla kifayətlənmək olmaz. Qarşıdakı mərhələ Azərbaycan dilinin yeni inkişaf imkanlarının müəyyənləşdirilməsini və ardıcıl şəkildə reallaşdırılmasını tələb edir.

Azərbaycan dilinin müasir inkişafı qarşısında rəqəmsallaşma, süni intellekt, dəyişən kommunikasiya mühiti, elmi və texnoloji inkişaf, eləcə də qloballaşan informasiya məkanı ilə bağlı yeni vəzifələr dayanır. Bu şəraitdə dilimizin müasir rəqəmsal resurslarının, elmi və terminoloji imkanlarının, yeni kommunikasiya mühitlərində funksional tətbiqinin və beynəlxalq informasiya məkanında təmsilçiliyinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə Azərbaycan dilinin inkişafına ənənəvi yanaşmalarla kifayətlənmək olmaz. Texnologiyalar, dəyişən informasiya mühiti və cəmiyyətin dilə münasibətində baş verən yeniliklər qarşısında yeni yanaşmalara ehtiyac yaranır.

Çağırışlar. Rəqəmsallaşma və süni intellekt. Bu gün süni intellekt həyatımızın getdikcə daha çox sahəsinə daxil olur. Mətn yaradan, tərcümə edən, nitqi tanıyan, məlumatları təhlil edən və sualları cavablandıran sistemlər sürətlə inkişaf edir. Bu inkişaf dil qarşısında da yeni vəzifələr qoyur. Azərbaycan dili də bu texnoloji dəyişikliklərdən kənarda qala bilməz. Süni intellekt sistemlərinin dili tanıması və düzgün emal etməsi üçün böyük həcmdə, keyfiyyətli və sistemləşdirilmiş dil məlumatlarına ehtiyac vardır. Əgər Azərbaycan dilində belə resurslar kifayət qədər yaradılmasa, dilimiz süni intellekt texnologiyalarında zəif təmsil olunan dillər sırasında qala bilər. Ona görə də Azərbaycan dilinin rəqəmsal gələcəyini bu gündən hazırlamaq lazımdır. Bunun üçün geniş elektron mətn korpusları, nitq nümunələri, qrammatik və leksik məlumatlar, terminoloji və dialektoloji bazalar, morfoloji və sintaktik resurslar, Azərbaycan dilində işarələnmiş və sistemləşdirilmiş mətnlər bazası yaradılmalıdır.

Əslində, söhbət yalnız texnologiyanın Azərbaycan dilinə uyğunlaşdırılmasından getmir. Azərbaycan dilinin müasir texnoloji sistemlərdə yüksək səviyyədə işlənməsi və bu sistemlər tərəfindən tanınması, emal olunması və generasiya edilə bilməsi təmin edilməlidir. Yəni Azərbaycan dili müasir texnoloji sistemlər tərəfindən tanınmalı, emal olunmalı və generasiya edilə bilməli, bu sistemlərdə onun funksional istifadəsi təmin edilməlidir. Bu baxımdan gələcək dil siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan dilinin müasir texnoloji sistemlər tərəfindən yüksək səviyyədə tanınmasını, emalını və generasiyasını təmin etməkdir. Bu artıq uzaq gələcəyin məsələsi deyil. Bu gün atılan addımlar Azərbaycan dilinin 2040-cı ildə rəqəmsal dünyadakı mövqeyini müəyyənləşdirəcək.

Sosial media və dil norması. Sosial media Azərbaycan dilinin işlənmə mühitini əhəmiyyətli dərəcədə dəyişir. Burada yeni sözlər, ifadələr, qısaltmalar, üslubi və sintaktik modellər sürətlə yaranır və geniş yayılır. Sosial media yalnız mövcud dil normalarının tətbiq olunduğu bir kommunikasiya mühiti deyil, həm də dil dəyişmələrinin müşahidə olunduğu mühüm bir sahədir. Buna görə sosial media dilində baş verən dəyişikliklərin sistemli şəkildə izlənilməsi, yeni dil vahidlərinin və istifadə modellərinin toplanması, təhlili və elmi baxımdan qiymətləndirilməsi zəruridir.

Lakin dil istifadəsində meydana çıxan hər yeni forma avtomatik olaraq ədəbi dil normasının elementi hesab edilə bilməz. Onun normativ statusu işlənmə tezliyi, funksional yayılması, kommunikativ sabitliyi, dil sisteminə uyğunluğu və müxtəlif kommunikasiya sahələrində qəbul səviyyəsi kimi meyarlar əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan müasir dil siyasətində dil normasının qorunması ilə dil dəyişmələrinin obyektiv şəkildə izlənilməsi arasında tarazlığın təmin edilməsi mühüm vəzifələrdən biri olmalıdır.

Bu məqsədlə sosial media və digər rəqəmsal kommunikasiya mənbələri əsasında Azərbaycan dilinin müasir işlənmə xüsusiyyətlərini əks etdirən korpus və monitorinq mexanizmlərinin yaradılması, əldə olunan məlumatların lüğətçilik, normativ dil resursları və dil siyasəti üçün elmi əsas kimi istifadəsi təmin edilməlidir.

Terminologiyanın inkişafı. Elm, texnologiya və ictimai həyatın sürətli inkişafı Azərbaycan dilində yeni anlayışların və terminlərin davamlı şəkildə yaranmasına və ya başqa dillərdən daxil olmasına səbəb olur. Müasir terminologiyanın qarşısında duran əsas vəzifələrdən biri yeni anlayışların Azərbaycan dilində sistemli, dəqiq və vahid şəkildə ifadə olunmasını təmin etməkdir. Bu sahədə müxtəlif mənbələrdə terminlərin pərakəndə şəkildə yaranması və ya işlədilməsi, eyni anlayış üçün fərqli terminlərin istifadə olunması, eləcə də terminoloji resursların sistemləşdirilməsi və əlçatanlığının artırılması ehtiyacı müəyyən problemlər yaradır.

Bu baxımdan Azərbaycan terminologiyasının inkişafı yalnız yeni terminlərin yaradılması ilə məhdudlaşmamalı, mövcud terminlərin toplanması, araşdırılması, qarşılaşdırılması, elmi ekspertizadan keçirilməsi və sistemləşdirilməsini də əhatə etməlidir. Müxtəlif elm və texnologiya sahələri üzrə terminoloji məlumatların vahid rəqəmsal mühitdə toplanması və daim yenilənməsi terminoloji fəaliyyətin səmərəliliyini artırmaqla yanaşı, elmi və peşəkar kommunikasiyada terminoloji vahidliyin təmin edilməsinə də imkan verə bilər.

Gələcək dil siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan terminologiyasının müasir elm və texnologiyanın inkişaf tempinə uyğun şəkildə yenilənməsi, terminoloji resursların rəqəmsallaşdırılması və onların elmi-metodoloji prinsiplər əsasında idarə olunmasının təmin edilməsidir.

Elmi dilin vəziyyəti. Elm və təhsilin inkişafı Azərbaycan dilinin elmi kommunikasiya dili olaraq imkanlarının genişləndirilməsini və müasir elmi anlayışların dəqiq və ardıcıl şəkildə ifadə olunmasını tələb edir. Azərbaycan dilində elmi mətnlərin hazırlanması, elmi terminologiyanın zənginləşdirilməsi və müxtəlif elm sahələrində terminoloji vahidliyin təmin edilməsi bu istiqamətdə mühüm məsələlərdəndir.

Qloballaşan elmi informasiya mühitində Azərbaycan dilinin elmi dövriyyədə fəal şəkildə istifadə olunması, müasir elmi anlayışların dilimizdə adekvat ifadəsinin təmin edilməsi və elmi üslubun inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun üçün müxtəlif elm sahələri üzrə elmi terminologiyanın və elmi mətnlərin sistemli şəkildə araşdırılması, müasir elmi dil resurslarının yaradılması və Azərbaycan dilində elmi yazı mədəniyyətinin inkişafına elmi-metodoloji dəstək verilməsi zəruridir.

Gələcək dil siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan dilinin elm və təhsil sahəsində tam funksional dil kimi istifadəsinin təmin edilməsi, elmi terminologiyanın müasir inkişaf dinamikasına uyğun yenilənməsi və Azərbaycan dilində elmi kommunikasiyanın keyfiyyətinin yüksəldilməsidir.

Gənclərin dili. Gənclərin dili müasir dil dəyişmələrinin ən dinamik müşahidə olunduğu sahələrdən biridir. Gənclərin gündəlik və rəqəmsal ünsiyyətində yeni sözlər, ifadələr, qısaltmalar və müxtəlif dillərdən alınan vahidlər sürətlə yayılır. Bu proses Azərbaycan dilinin müasir inkişaf meyillərinin, yeni kommunikasiya formalarının və gənclərin dil davranışının öyrənilməsi baxımından mühüm material verir.

Gənclərin dilində müşahidə olunan yeniliklərə yalnız normadan kənaraçıxma kimi yanaşmaq məqsədəuyğun deyil. Bu dil materialının sistemli şəkildə toplanması və elmi baxımdan araşdırılması yeni dil vahidlərinin yaranma və yayılma xüsusiyyətlərini, müxtəlif sosial və kommunikativ mühitlərdə dil seçimlərini müəyyənləşdirməyə imkan verə bilər. Bununla yanaşı, gənclər arasında geniş yayılan hər bir dil formasının ədəbi dil normasına daxil edilməsinin mümkün olmadığı da nəzərə alınmalıdır.

Bu baxımdan gənclərin dilinin korpus və digər rəqəmsal resurslar əsasında mütəmadi öyrənilməsi, yeni dil vahidlərinin və kommunikativ modellərin izlənilməsi, onların dil sisteminə və ədəbi dilə münasibətinin elmi baxımdan qiymətləndirilməsi mühüm istiqamətlərdən biri olmalıdır. Gənclərin Azərbaycan dilindən istifadəsini genişləndirən, onların müasir kommunikasiya ehtiyaclarına cavab verən və dilə marağını artıran müasir dil resurslarının yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyi. Qloballaşan informasiya və kommunikasiya mühitində dillərin mövqeyi yalnız danışanlarının sayı ilə deyil, rəqəmsal resurslarda, internetdə, elmi və informasiya platformalarında, eləcə də müasir texnologiyalarda təmsil olunma səviyyəsi ilə də müəyyənləşir. Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyi və əlçatanlığının artırılması dilin müasir funksional imkanlarının genişləndirilməsi baxımından mühüm vəzifələrdən biridir.

Bu istiqamətdə Azərbaycan dilində etibarlı və keyfiyyətli rəqəmsal məzmunun artırılması, elmi, təhsil və mədəni resursların beynəlxalq informasiya mühitinə çıxarılması, Azərbaycan dilinin rəqəmsal platformalarda və dil texnologiyalarında daha geniş təmsil olunması zəruridir. Bununla yanaşı, Azərbaycan dilindən digər dillərə və digər dillərdən Azərbaycan dilinə keyfiyyətli tərcümə imkanlarının inkişaf etdirilməsi dilimizin beynəlxalq informasiya mübadiləsində iştirakını gücləndirə bilər.

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button