Müsəlman alimlərinin dünya elminin inkişafına təsiri – ARAŞDIRMA

Müsəlman alimləri dünya elminin inkişafına əsrlər boyu mühüm töhfələr veriblər. Tibb, riyaziyyat, astronomiya, fizika, kimya, coğrafiya və digər elm sahələrində onların apardıqları araşdırmalar sonrakı elmi inkişaf üçün mühüm zəmin yaradıb.
Məsələn, İbn Sinanın “Əl-Qanun” əsəri yalnız İslam dünyasında deyil, Avropada da uzun müddət tibbin əsas mənbələrindən biri hesab olunub. Bu əsərin təxminən 600 il ərzində Avropa universitetlərində dərslik kimi istifadə edildiyi bildirilir.
Razi (864–925) suçiçəyi və qızdırma kimi xəstəlikləri ilk dəfə ayıraraq təsvir edən alimlərdən biri olub.
Təbrizli Akşəmsəddin (1389–1459) mikrobların mövcudluğuna dair fikirlər irəli sürüb.
Kəmbur Vasim (vəfatı 1761) vərəm mikrobunu aşkar edən alim kimi təqdim edilir.
İbrahim Cəssar (vəfatı 1009) təxminən min il əvvəl cüzam xəstəliyinin səbəbləri barədə fikirlər irəli sürüb və onun müalicəsi üçün üsullar təklif edib.
İbn Xətib (1313–1374) isə vəbanın yoluxucu xarakter daşıması barədə elmi fərziyyə irəli sürüb.
Əmmar adlı müsəlman alim təxminən 9 əsr əvvəl göz üzərində özünəməxsus cərrahi əməliyyat üsulundan istifadə edib.
Əli ibn Abbas (vəfatı 994) xərçəng xəstəliyinin müalicəsində cərrahi əməliyyatdan istifadə edib. Onun yazdığı “Kitab əl-Məliki” adlı tibb ensiklopediyası uzun müddət mühüm tibbi mənbələrdən biri olub.
İlk xəstəxananın 707-ci ildə Əməvilər sülaləsinin xəlifəsi Valid ibn Əbdülməlikin hakimiyyəti dövründə yaradıldığı bildirilir.
Riyaziyyatda mühüm kəşflər
Müsəlman alimləri riyaziyyat sahəsində də mühüm nailiyyətlər əldə ediblər. Avropalı alim Jak Rislerin “Renessans dövrümüzün riyaziyyat müəllimləri müsəlmanlar olub” fikri də bu təsirin göstəricilərindən biri kimi təqdim edilir.
Cəbr elminin əsasını qoyan alimlərdən biri hesab edilən Xorəzmi (780–850) sıfır rəqəmindən istifadə edib. O, “Əl-Cəbr vəl-Müqabələ” adlı əsəri yazıb. Əsərin adındakı “əl-cəbr” sözü sonradan Qərb dillərində dəyişilərək “algebra” formasını alıb.
Bəttani (858–929) triqonometriyanın əsaslarının formalaşmasında mühüm rol oynayıb.
Əbul-Vəfa (940–998) triqonometriyada tangens, kotangens və kosinus anlayışlarının inkişafına töhfə verib.
Nəsirəddin Tusi (1201–1274) triqonometriyaya həsr olunmuş mühüm elmi əsərin müəllifi olub.
Triqonometrik düsturların dəyişən formalarının kəşfi İbn Yunusla (vəfatı 1009) əlaqələndirilir.
Nyutona aid edilən binom düsturu ilə bağlı ideyaların daha əvvəl Ömər Xəyyamın (vəfatı 1123) cəbr sahəsindəki işlərində mövcud olduğu qeyd edilir.
Diferensial hesablamanın isə Nyutondan xeyli əvvəl Sabit ibn Qürra (vəfatı 901) tərəfindən araşdırıldığı bildirilir.
Astronomiyada müsəlman alimlərinin rolu…
Astronomiya müsəlman alimlərinin xüsusi maraq göstərdiyi elm sahələrindən biri olub. İslam dövlətlərinin demək olar ki, bütün böyük şəhərlərində rəsədxanalar fəaliyyət göstərib. Alimlər burada əsrlər boyu astronomik müşahidələr aparıb, səma cisimlərini öyrəniblər.
Bu tədqiqatların sonrakı dövrlərdə Avropa alimlərinə də təsir göstərdiyi bildirilir. Onların arasında Cordano Bruno, Kopernik və Qalileo Qaliley kimi alimlərin adları çəkilir.
Müsəlman alimləri ulduzların mövqeyini müəyyən etmək və onlar arasındakı məsafələri ölçmək üçün istifadə edilən astrolabı təkmilləşdiriblər.
Zərqali (1029–1087) dövrü üçün ən dəqiq və istifadəsi əlverişli astrolablardan birini hazırlayıb.
Müsəlman alimləri avropalılardan xeyli əvvəl Yer kürəsinin kürə formasında olması və onun hərəkəti barədə fikirlər irəli sürüblər.
Əl-Biruni Yerin öz oxu ətrafında və Günəş ətrafında hərəkət etdiyini əsaslandırmağa çalışıb.
Hindistanda, Nandana şəhəri yaxınlığında apardığı tədqiqatlar zamanı əl-Biruni Yer səthinin ölçülərini hesablamağa nail olub. Bu məqsədlə istifadə etdiyi üsul sonralar Avropada “Biruni qaydası” kimi tanınıb.
IX–X əsrlərdə Musa qardaşları Yer kürəsinin çevrəsinin uzunluğunu hesablayıblar.
Fərqaninin astronomiya sahəsindəki əsərlərindən Avropada təxminən 700 il ərzində dərslik kimi istifadə edilib. O, həmçinin Günəşdə ləkələrin mövcudluğunu müşahidə edən alimlərdən biri olub.
Hökmdar olmasına baxmayaraq, Uluqbəy (1394–1499) elmə böyük maraq göstərib. O, Səmərqənddə böyük rəsədxana tikdirib və dövrünün ən məşhur astronomlarından birinə çevrilib.
XII əsrdə yaşamış Cabir ibn Əfləh ulduzların mövqeyinin və parlaqlığının müəyyənləşdirilməsi ilə bağlı astronomik hesablamalara töhfə verib.
Fizika və mexanika
İsmayıl əl-Cəzəri (vəfatı 1206) “Kitab əl-Hiyəl” (“Hiylələr kitabı”) adlı əsərində müxtəlif mexaniki və avtomatik qurğuları təsvir edib. Onun əsərləri mexanikanın və avtomatik sistemlərin inkişafında mühüm rol oynayıb.
Optika elminin ən mühüm alimlərindən biri olan İbn əl-Heysəm (965–1051) “Optika kitabı” adlı fundamental əsər yazıb. Bu əsərin əsrlər boyu mühüm elmi mənbə kimi istifadə edildiyi və Rocer Bekon, Kepler və Leonardo da Vinçi kimi alimlərin fəaliyyətinə təsir göstərdiyi qeyd edilir.
İşığın sferik güzgülərdən əks olunması ilə bağlı riyazi məsələ də İbn əl-Heysəmin adı ilə bağlıdır.
İbn Cərarə (vəfatı 1100) torna dəzgahının ilk nümunələrindən birini hazırlayan alim kimi təqdim edilir.
İbn Firnas isə 880-ci ildə uçuş aparatına bənzər bir qurğu hazırlayıb. Qurğunun hazırlanmasında sıx toxunmuş parça və quş lələklərindən istifadə edib. Onun bu qurğu ilə müəyyən müddət havada qala bildiyi və yerə uğurla endiyi bildirilir.
Kimya sahəsində yeniliklər
Kimya elminin tarixindən danışarkən Cabir ibn Həyyanın adı xüsusi qeyd olunur. Onun kimya sahəsində apardığı təcrübələrin böyük əhəmiyyət daşıdığı bildirilir.
Cabir ibn Həyyan öz laboratoriyasında apardığı təcrübələr nəticəsində müxtəlif turşuların xüsusiyyətlərini araşdırıb.
Həkim və kimyaçı kimi tanınan Razi isə kükürd turşusunun və saf spirtin əldə edilməsi ilə bağlı işlər aparıb.
Müsəlman alimlərindən Bəşirin fosforu Avropada onunla əlaqələndirilən kəşfdən əvvəl müəyyən etdiyi iddia olunur.
Məqalədə həmçinin müsəlmanların barıt və topdan ilk istifadə edənlər arasında olduğu bildirilir. Pnevmatik topun ixtirası isə Sultan Mehmedlə (1432–1481) əlaqələndirilir.
Coğrafiya və təbiət elmləri
Müsəlman alimləri coğrafiyanın bir elm kimi formalaşmasına da mühüm töhfələr veriblər.
Övlİya Çələbinin (1611–1682) müxtəlif ölkə və bölgələrə səyahətləri zamanı apardığı qeydlər, eləcə də İbn Bəttutənin (1304–1369) geniş səyahətləri nəticəsində yazdığı əsərlər tarix və coğrafiya baxımından qiymətli mənbələr hesab olunur.
Əl-Biruninin Amerika qitəsinin mövcudluğu barədə əvvəlcədən fikir söylədiyi də iddia edilir.
Vasko da Qamanın səyahətlərində ona müsəlman dənizçi İbn Macidin yol göstərdiyi bildirilir.
İdrisi (1100–1166) təxminən 850 il əvvəl dövrünə görə olduqca müfəssəl dünya xəritəsi hazırlayıb.
İbn Baytar (1190–1248) orta əsrlərdə böyük botanik və farmakoloq kimi tanınıb. O, əsərində təxminən 1400 dərman bitkisi və digər bitki növü haqqında məlumat verib. Bu əsərin uzun müddət həmin sahədə əsas elmi mənbələrdən biri olduğu qeyd edilir.
Dəmiri (1349–1405) “Həyatül-həyəvan” adlı əsərində heyvanlar aləmi haqqında topladığı məlumatlarla zoologiyanın inkişafına töhfə verib.
Kağız istehsalı
Kağız istehsalının İslam dünyasında da erkən dövrlərdən inkişaf etdiyi bildirilir.
794-cü ildə Bağdadda vəzir Harun ər-Rəşidin oğlu İbn Fəzl tərəfindən kağız istehsal edən fabrikin yaradıldığı qeyd olunur. Daha sonra 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə, yəni indiki İspaniyanın cənubunda, belə istehsal müəssisələrinin fəaliyyət göstərdiyi bildirilir.
Avropada isə kağız istehsal edən müəssisələr daha sonralar meydana çıxıb. Vizantiyada 1100-cü ildə, Siciliyada 1102-ci ildə, Almaniyada 1228-ci ildə, İngiltərədə isə 1309-cu ildə belə müəssisələrin fəaliyyət göstərdiyi qeyd edilir.
Orta əsrlərdə müsəlman alimlərinin tibb, riyaziyyat, astronomiya, fizika, kimya, coğrafiya, botanika və digər elm sahələrinin inkişafında mühüm rol oynadığı bildirilir. Onların əsərləri və elmi metodları sonrakı əsrlərdə həm İslam dünyasında, həm də Avropada elmin inkişafına təsir göstərib.
Mənbə: “İslam-Today”(Müəllif: Rafiq Muhametşin)
Tərcümə və təqdim etdi:
Sultan Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button