Üzeyir Hacıbəyli irsi mənəvi xəzinədir

Bu sərvət milli olduğu qədər də bəşəridir
Mədəniyyət tariximizin elə işıqlı səhifələri var ki, orada zamanın qarşısında yenilməyən dühalar və onların bünövrəsini qoyduğu müqəddəs ənənələr dayanır. Şərqdə ilk operanın, ilk musiqili komediyanın və peşəkar musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəyli təkcə musiqimizin dühası kimi deyil, bir millətin mənəvi intibahını yönləndirən mütəfəkkir kimi tariximizə həkk olunub.
Onun yaradıcılığı, sadəcə, dövrünün hadisəsi kimi qalmayıb, zamanın sınağından keçərək gələcək nəsillərin estetik dünyasını formalaşdıran canlı məktəbə çevrilib. Bu irs bizi tərbiyə edən, daxili dünyamızı zənginləşdirən, muğam dramaturgiyasının dərin qatlarına varmağı və aşıq sənətinin qüdrətini dərk etməyi öyrədən mənəvi xəzinədir. Bu canlı məktəbin qorunması və gələcək nəsillərə bütöv halda çatdırılması isə Üzeyir bəyin təməlini qoyduğu Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ), bu quruma rəhbərlik edən mənəvi varislərin və mədəniyyətimizin himayədarı olan Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərinin bəhrəsidir.
Poliqrafiyamızın və elmi düşüncəmizin ən yüksək standartlarına cavab verən genişmiqyaslı təşəbbüslər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və qayğısı sayəsində gerçəkləşib.
Bu mənəvi dirçəliş yolunda xüsusi yer tutan “Üzeyir dünyası” layihəsi milli mədəniyyətimizin əsl dönüş nöqtəsinə çevrilib. Fondun dəstəyi ilə ərsəyə gələn bu fundamental nəşr silsiləsi dahi bəstəkarın irsini ilk dəfə bu qədər ətraflı, sistemli və akademik səviyyədə ictimaiyyətə təqdim edib.
2008-ci ildə işıq üzü görən “Üzeyir dünyası” toplusuna bəstəkarın həyat yolunu bütün təfərrüatı ilə əks etdirən “Ömür salnaməsi”, onun zəngin irsini elmi müstəvidə ümumiləşdirən “Üzeyir Hacıbəyli ensiklopediyası” və puplisistik təfəkkürünü işıqlandıran “Bədii və publisistik əsərlər” kitabları daxil edilib. Bununla yanaşı, layihə çərçivəsində “Leyli və Məcnun” və “Koroğlu” operalarının, eləcə də “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarının klavirləri, librettoları və CD-ləri yüksək poliqrafik keyfiyyətlə yenidən çap olunaraq musiqi aləminə bəxş olunub.
1912-ci ildə premyerası böyük əks-səda doğuran və Üzeyir bəyi klassik opera zirvəsinə – “Koroğlu”ya aparan yolda vacib mərhələ olan “Əsli və Kərəm” muğam operası, süjetinin bəzi xüsusiyyətlərinə görə ötən əsrin 80-ci illərindən etibarən uzun müddət teatr repertuarlarından kənarda qalmışdı. İllər keçdikcə əsərin not materialları köhnələrək pərakəndə düşmüş, müəyyən hissələri itirilmişdi. Layihənin məsul redaktoru, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə başlanan mürəkkəb bərpa prosesinə ölkənin tanınmış musiqiçiləri, təcrübəli ifaçılar və dirijorlar cəlb olunub. Səhifə-səhifə, zərrə-zərrə toplanan notlar, orkestr partituraları, xor partiyaları və muğam epizodları yenidən qurulub, latın qrafikasına keçirilib və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə akademik səviyyədə bitkin partitura şəklində çap edilib.
Firəngiz xanım Əlizadə redaktoru olduğu bu möhtəşəm nəşr haqqında öz fikirlərini belə ifadə edib: “Təqdim etdiyimiz partitura Üzeyir Hacıbəylinin məşhur “Əsli və Kərəm” operasının ilk nəşridir… “Üzeyir dünyası” layihəsinin beynəlxalq miqyasını nəzərə almaqla, əsas məqsədimiz “Əsli və Kərəm”in partiturasını bütün dünyada qəbul olunmuş akademik nəşrlər səviyyəsində hazırlamaq idi”.
Bərpadan sonra operanın Bəstəkarlar İttifaqının layihəsi olan “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı (bədii rəhbər – Firəngiz Əlizadə) çərçivəsində Bakıda “Şirvanşahlar Sarayı” kompleksində və Şəkinin ecazkar açıq hava məkanlarında nümayiş olunması böyük maraqla qarşılanıb. “İpək Yolu” festivalının proqramında Üzeyir bəyin əsərlərinin təqdim olunması daha sonra gözəl ənənə halını alıb.
Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən böyük sənətkarların estafetini layiqincə davam etdirir: Təməli Üzeyir Hacıbəyli ilə qoyulan və mədəniyyətə fədakarcasına xidmət məramını sonrakı dövrlərdə Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyevdən ta Firəngiz Əlizadəyə qədər hər bir ABİ rəhbəri layiqincə davam etdirib. İttifaqın binasında dahi bəstəkarın abidəsinin ucaldılması, portretinin asılması və Konsert Salonunun məhz Üzeyir Hacıbəylinin adını daşıması bu müqəddəs irsə sədaqətin göstəricisidir.
“Üzeyir dünyası” layihəsinin ərsəyə gəlməsində və mədəniyyət mütəfəkkirinin zəngin irsinin öyrənilməsində Bəstəkarlar İttifaqının üzvü olan musiqişünas alimlərin də töhfəsi misilsizdir. Akademik Zemfira Səfərovanın silsilə monoqrafiyaları, sənətşünaslıq doktoru Fərəh Əliyevanın “Üzeyir Hacıbəyli – şəxsiyyət və cəmiyyət”, sənətşünaslıq doktoru Kamillə Dadaşzadənin “Yüksəliş: Üzeyir Hacıbəyli və aşıq sənəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadənin “Üzeyir Hacıbəyli və folklor” tədqiqatları, Ü.Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovun “Üzeyir ışığında” nəşri və İttifaq tərəfindən buraxılan beynəlxalq festival konfranslarının məqalələr kitabları bu zəngin xəzinənin elmi sütunlarını təşkil edir.
Dahi sənətkarın irsinə ehtiramın göstəricisi olaraq Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalının ilk nüsxəsi 2019-cu ildə Heydər Əliyev Fondunun prezidenti, musiqimizin əvəzsiz qayğıkeşi Mehriban xanım Əliyevaya təqdim olunub. Hörmətli Mehriban xanım medalı qəbul edərkən vurğulayıb: “Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirrlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir”.
Eyni zamanda, Mehriban xanım Əliyeva ABİ-nin sədri Firəngiz Əlizadəyə ünvanladığı təşəkkür məktubunda Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli irsinin qorunması, elmi cəhətdən öyrənilməsi və dünyada təbliğindəki müstəsna rolunu yüksək qiymətləndirmişdi.
Tarixi faktlar və aparılan elmi təhlillər bir daha sübut edir ki, Üzeyir Hacıbəyli irsi təkcə müəyyən bir dövrün salnaməsi deyil, milli musiqi mədəniyyətimizin aparıcı xəttini təşkil edən möhkəm bünövrədir. Sənətdə həqiqi dəyər ölçüsü illərin ardında qalan izlərlə müəyyən olunur – bu zəngin irs hər yeni təhlildə və hər yeni nəslin təfəkküründə yenidən doğulan əbədi bir sərvətdir.
Biz ulu musiqi ustadımız Üzeyir Hacıbəylini tarixin uca işığında, onun bizə əmanət etdiyi ölməz əsərlərində öyrəndik. Bu gün fərəhlidir ki, o möhtəşəm məktəbin, sənət fədailiyinin və mənəvi ucalığın davamçısını – Xalq artisti, professor Firəngiz Əlizadədir. Firəngiz xanımın hər bir notda, hər bir kəlmədə əksini tapan sənətə sevgisi Üzeyir bəy ocağının canlı məşəlidir. Onun dediyinə görə, dahi ustadların nəfəsini daşıyan, ruhunu yaşadan bu mənəvi məbəddə çalışmaq, Üzeyir bəy dünyasının işığını nəsillərə çatdırmaq bizim üçün, sözün əsl mənasında, ilahi bir lütfdür. Hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günündə bir daha dərk edirik ki, musiqi incəsənətimiz bizim kimliyimiz və əbədi qürurumuzdur. Nə xoş ki, bu canlı dastan yazılmaqda davam edir və biz ulu ustadın nurunu addım-addım sabaha daşıyırıq.
Ruhumuzu ucaldan musiqimizin sədası, bu müqəddəs ocağın işığı və böyük sənətkarlarımızın əbədi mirası ölkəmizin üzərində həmişə bərraq bir səma kimi parlayacaq. Üzeyir bəyin əbədiyaşarlığı və bu il artıq 18-ci dəfə dünyanı Bakıda eyni ahəngə kökləyən Beynəlxalq Musiqi Festivalı bir daha təsdiq edir ki, zaman onun səsini qocaltmır, əksinə, hər ötən il bu dahi ruhun sədası xalqımızın mənəvi xəzinəsinin ən uca zirvəsində daha əzəmətlə əks-səda verir. Nə qədər ki, bu torpaqda Üzeyir bəy kimi sələflərin adı uca tutulur, onların bəşəri irsi əbədiyyət qübbəsində zəfər marşı kimi səslənəcək!
Aysel KƏRİM,
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi



