Bakının tıxacına universitet ÇARƏSİ: Dərslər fərqli saatlarda keçirilə bilər

Bakıda səhər saatlarında yaranan nəqliyyat sıxlığı təkcə işə gedən vətəndaşların deyil, ali məktəb tələbələrinin də yollara çıxması ilə daha da artır. Eyni vaxtda minlərlə tələbənin universitetlərə üz tutması həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda əlavə yük yaradır. Dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqinin müzakirə olunduğu bir vaxtda universitetlərdə dərslərin başlama və bitmə saatlarının dəyişdirilməsi də gündəmə gəlir.
Universitetlərdə vahid dərs qrafiki əvəzinə fərqli başlama saatlarının tətbiqi – məsələn, bəzi ali məktəblərdə dərslərin 08:00-da, digərlərində isə 09:00 və ya 10:00-da başlaması real görünürmü? Bu modelin təhsil prosesinə hansı təsirləri ola bilər?
Moderator.az bildirir ki. mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a danışıb. Ekspert bildirib ki, Azərbaycanda universitetlər üçün vahid dərs qrafiki mövcud deyil:
“Hər bir universitetin öz daxili reqlamenti var və dərs qrafiki də həmin reqlamentə uyğun müəyyənləşdirilir. Azərbaycanda isə ən çətin məsələlərdən biri ali təhsil müəssisələrində tələbə sıxlığının çox yüksək olmasıdır. Bir universitet artıq bir növbəli sistemdə tədris keçirə bilmir. Ona görə də universitetlər öz daxili imkanları hesabına tədris prosesini elə təşkil edirlər ki, ikinci, bəzi hallarda isə üçüncü növbədən də istifadə etmək mümkün olsun. Məsələn, magistratura təhsili alanlar dərslərini əsasən axşam saatlarında, təxminən 6-dan, 7-dən sonra keçməli olurlar.
Bütün bunlar universitetlərin akkreditasiya standartları, tələbə tutumu, auditoriyaların sayı, laboratoriyalar, professor-müəllim heyətinin imkanları və digər amillərlə bağlıdır. Bəzi universitetlərin mövcud infrastrukturu həmin tələbə sayına tam uyğun gəlmir, professor-müəllim heyəti də bu qədər tələbəni əhatə etməyə kifayət etmir. Ona görə də Azərbaycanda artıq iki, hətta üç növbəli tədris modeli mövcuddur”.
Məzahir Məmmədli hesab edir ki, universitetlərdə dərslərin başlanma saatlarının fərqli müəyyənləşdirilməsi şəhərdə nəqliyyat sıxlığının müəyyən qədər azalmasına kömək edə bilər:“Dərslərin eyni vaxtda başlaması həm yerüstü nəqliyyatda, həm də metrolarda sıxlıq yaradır. Xüsusilə şəhərin mərkəzində yerləşən universitetlərin ətrafında bunu daha aydın müşahidə etmək mümkündür.
Ona görə də bu tənzimləmələri ya Elm və Təhsil Nazirliyi universitetlər arasında müəyyən bölgü apararaq razılaşdırmalıdır, ya da universitetlər öz daxili reqlamentləri çərçivəsində bir-biri ilə koordinasiya etməlidirlər. Məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti eyni ərazidə yerləşir. Bu universitetlərdə dərslər eyni vaxtda deyil, müəyyən zaman fərqi ilə başlasa, bunun nəqliyyat sıxlığının azalmasına müəyyən effekti ola bilər. Çünki həmin ərazidə həm yerüstü nəqliyyatdan, həm də “Elmlər Akademiyası” metro stansiyasından eyni vaxtda çox sayda tələbə və müəllim istifadə edir.
Eyni yanaşmanı “Sahil” metrosu ətrafında da tətbiq etmək mümkündür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin, bir neçə ümumi təhsil məktəbinin və kollecin həmin ərazidə yerləşməsi müəyyən sıxlıq yaradır. Burada da dərs saatlarının müəyyən qədər koordinasiya olunması nəzərdən keçirilə bilər. Yəni bu kimi məsələləri birgə komissiya yaradaraq müzakirə etmək və uyğun qərar qəbul etmək mümkündür”.
Ekspert vurğulayıb ki, belə bir modelin tətbiqi tədris prosesinə ciddi təsir göstərməməlidir:
“Tələbənin qarşısında müəyyən proqram öhdəliyi var və əsas məsələ həmin proqramın icra olunmasıdır. Saat fərqinin tədris prosesinə mane olmaması lazımdır. Dərs qrafikinin dəyişdirilməsinin təhsilin keyfiyyətinə hər hansı ciddi ziyan vuracağını düşünmürəm. Əksinə, bu işə ən yaxın vaxtda başlanılsa, nəqliyyat sıxlığının, xüsusilə də universitetlərin yerləşdiyi ərazilərdə yaranan tıxacların müəyyən qədər aradan qaldırılmasına fayda verə bilər”.
Polise.az



