İlham Əliyev: Qazaxıstan Prezidentini gələn ay Azərbaycanda gözləyirik

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev gələn ay Azərbaycana səfər edəcək.

Polise.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib.

Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva ilə söhbət zamanı dövlətimizin başçısı bildirib:

“Çox sağ olun. İlk növbədə, sizi çox mühüm və məsuliyyətli vəzifəyə təyin olunmağınız münasibətilə təbrik etmək istərdim. Siz Azərbaycanda dəfələrlə olmusunuz və Prezident Kasım-Jomart Kemeleviç Tokayevi bizdə qonaq olanda, o cümlədən Qarabağa səfərimiz zamanı müşayiət etmisiniz. Buna görə də, ilk növbədə, ölkələrimiz arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əvvəlki vəzifənizdə gördüyünüz işə görə sizə təşəkkür etmək və yeni məsuliyyətli fəaliyyətinizdə hər cür uğurlar arzulamaq istərdim. Münasibətlərimizə gəldikdə isə qeyd etdiyiniz kimi, onlar strateji, müttəfiqlik və qardaşlıq xarakteri daşıyır. Bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik”.

Prezident İlham Əliyev iki ölkə arasında həyata keçirilən strateji layihələrə və Qarabağdakı bərpa işlərinə də toxunub:

“Əlbəttə, qeyd etdiyiniz optik lifli kabel layihəsi, – artıq demək olar ki, açılışa hazır olan bu layihə, – həm ölkələrimiz, həm də daha geniş coğrafiya, o cümlədən Türk Dövlətləri Təşkilatı məkanının coğrafiyası üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, biz bundan sonra da fəal qarşılıqlı fəaliyyət göstərəcək, Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə çalışacağıq. Əlbəttə, Qarabağın bərpasına göstərdiyiniz köməyə görə xüsusi təşəkkürümü bildirirəm. Siz Kurmanqazı adına İncəsənət Mərkəzinin açılışında iştirak etmisiniz. Hazırda orada çoxlu gənc qarabağlı təhsil alır və onlar görürlər ki, bu, qardaş xalqın hədiyyəsidir. Bununla da onlar Qazaxıstanı daha çox sevirlər. Çox sağ olun, sizə bütün işlərinizdə uğurlar arzulayıram”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button