Qarabağda separatizmin sonu necə gəldi? – TARİXİ MƏQAMLAR

Üç il əvvəl Qarabağda baş verən hadisələr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqla bərabər, dünyanın ölkəmizlə bağlı mövqeyinə ciddi təsir göstərdi
Belə ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayaraq bir gün ərzində tarixi uğura imza atdı. Sentyabrın 20-də əldə edilən razılaşmanın şərtlərinə uyğun olaraq Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni silahlı dəstələri silahı yerə qoymalı, mövqelərini tərk etməli və tam tərksilah olunmalı idi. Həmçinin silah-sursat və ağır texnikanın təhvil verilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, 2023-cü ilin sentyabr hadisələri 2020-ci il müharibəsindən sonrakı mərhələdən fərqlənirdi. Həmin vaxt əsas məsələ Qarabağda qalan qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və separatçı idarəçilik strukturunun aradan qaldırılması oldu.
Bu prosesin davamı kimi 28 sentyabr 2023-cü ildə Samvel Şahramanyanın imzaladığı sənəddə qondarma qurumun bütün dövlət təsisatlarının 2024-cü il yanvarın 1-dək ləğv edilməsi nəzərdə tutuldu. Beləliklə, 2023-cü ilin sentyabrında baş verən hadisələrdən sonra Qarabağda separatçı silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və qondarma idarəçilik strukturunun ləğvi prosesi rəsmiləşdirildi.
Mövzunu “Azpolitika” ya şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda suverenliyini tam təmin etdi. Bu hadisə təkcə hərbi əməliyyatların başa çatması deyildi. Həm də uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn separatizmə və qanunsuz silahlı fəaliyyətə son qoyulması baxımından mühüm tarixi mərhələ idi:
“Lakin 2023-cü ilin sentyabr hadisələrinin mahiyyətini düzgün qiymətləndirmək üçün onu 2020-ci ilin müharibəsindən fərqləndirmək vacibdir. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə baş verdi və müharibənin nəticəsində Ermənistan kapitulyasiya aktına imza atdı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması nəzərdə tutuldu. Müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ oldu. Ancaq müharibənin başa çatması ilə problemin bütün aspektləri aradan qalxmadı. 2020-ci ildən sonrakı dövrdə üçtərəfli bəyanatla nəzərdə tutulan bir sıra öhdəliklərin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması məsələsi icra olunmadı. Bununa əksinə, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu davam etdi, onların mövqelərinin möhkəmləndirilməsi, yeni səngər və istehkamların qurulması, müşahidə qurğularının yaradılması və müxtəlif təxribatların törədilməsi ilə bağlı hallar baş verdi. 2020-ci ilin nəticələri yeni reallıq yaratmasına baxmayaraq, bu reallığın ərazidə tam şəkildə təmin olunması üçün əlavə addımlar zəruri oldu. Azərbaycanın sülh və regional sabitlik istiqamətində irəli sürdüyü təşəbbüslərə baxmayaraq, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətini davam etdirməsi mövcud vəziyyətin dayanıqlı olmadığını göstərirdi. Məhz bu şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri başlandı. Antiterror tədbirlərinin nəticəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təslim oldu, silah və sursatlarını təhvil verdi. Bununla da silahlı qarşıdurma faktiki olaraq başa çatdı”.

Politoloqun sözlərinə görə, 2020-ci ildə əldə edilən hərbi nəticələr 2023-cü ildə Azərbaycanın öz ərazisində suverenliyinin tam təmin olunması ilə tamamlandı:
‘Bununla Qarabağda uzun illər fəaliyyət göstərən separatçı qurumun da mövcudluğu sona çatdı. Belə ki, qondarma qurum öz fəaliyyətini dayandırması və strukturun ləğvini nəzərdə tutan sənəd imzaladı.
Ümumilikdə isə 2023-cü ilin sentyabr hadisələri nəticəsində Qarabağda həm qanunsuz silahlı birləşmələrin fəaliyyəti, həm də qanunsuz separatçı idarəçilik faktiki və institusional baxımdan sona çatdı. Bununla da uzun illər Azərbaycanın ərazilərində davam etmiş separatizm mərhələsi başa çatdı və ölkənin bütün ərazisində vahid hüquqi və inzibati məkan formalaşdırıldı. Bu nəticə isə yalnız Qarabağdakı vəziyyətin dəyişməsi ilə məhdudlaşmadı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionda yeni siyasi reallıqlar yaratdı. Artıq əsas məsələ yaranan yeni reallıqlar əsasında regionda təhlükəsizlik, əməkdaşlıq və sülh gündəliyinin formalaşdırılması idi.
Azərbaycan 2020-ci ildən sonrakı dövrdə hərbi qələbə ilə kifayətlənməyərək siyasi və diplomatik istiqamətlərdə də fəallığını davam etdirdi. Qeyd edə bilərik ki, 2023-cü ildə Azərbaycanın öz ərazisində suverenliyini tam təmin etməsindən sonra isə əsas gündəlik regional sülhün və əməkdaşlığın institusional əsaslarının yaradılmasına yönəldi.
Ölkənin Avropa ilə enerji əməkdaşlığı genişləndi, strateji tərəfdaşlıq əlaqələri inkişaf etdi, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər daha da möhkəmləndi. Bununla paralel olaraq, Azərbaycanın regional nəqliyyat və enerji layihələrində rolu da artdı.
Bu prosesin digər mühüm istiqaməti isə sülh gündəliyinin irəli aparılması oldu. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm hadisə oldu. Burada Azərbaycanın mövqeyinin əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ölkə hərbi qələbədən sonra sülh gündəliyini davam etdirir. Azərbaycan davamlı sülhün təmin olunması üçün Ermənistanın ərazi iddialarından imtina etməsini, bu iddiaların hüquqi-normativ bazadan çıxarılmasını və münasibətlərdə konstruktiv yanaşmanın davamını vacib sayır”.
Günəş Fərəh
Azpolitika.info



