Avropa kəşfiyyatlarından xəbərdarlıq… Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər…

Avropa kəşfiyyat rəhbərləri Rusiyanın NATO ölkələrinə qarşı hərəkətlərinin mümkün eskalasiyası barədə xəbərdarlıq ediblər. “The Guardian” qəzetinin məlumatına görə, Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin rəhbəri Mixal Kudelka bildirib ki, məhdud işğal, yalançı təxribat və ya başqa bir əməliyyat ssenarisi “illər yox, aylar” ərzində reallaşa bilər.
Eyni zamanda, Eyni zamanda, Baltikyanı ölkələrin nümayəndələri yaxınlaşan hücumla proqnozları ilə bağlı ehtiyatlı olmağın vacibliyini bildirərək, hələlik belə bir təhlükənin heç bir əlamətini görmədiklərini qeyd ediblər.
Xəbərdarlıqlar Polşa Baş naziri Donald Tuskun açıqlamasından sonra verilib. O, parlamentə bildirib ki, kəşfiyyat dəyərləndirmələri Rusiyanın yaxın aylarda NATO ərazisinə pilotsuz təyyarə və ya raket zərbələri endirəcəyini göstərir. Tuskun sözlərinə görə, Moskvanın mümkün məqsədlərindən biri alyansın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirməyə hazırlığını yoxlamaq ola bilər.
Fransa prezidenti Makron Tuskun xəbərdarlığını ciddi adlandırıb. O, Parisdə siyasi partiya liderləri və 2027-ci il prezident seçkilərində namizədlərlə təcili görüş keçirib və orada Rusiyadan gələn artan təhlükə ilə bağlı məlumatlar, digər məsələlərlə yanaşı, müzakirə olunub.
Çexiya kəşfiyyat rəisi Kudelka mümkün ssenarinin NATO ərazisinə kiçik miqyaslı müdaxilə, yalançı təxribat və ya genişmiqyaslı informasiya kampaniyası ola biləcəyini vurğulayıb. O, Avropa ölkələrinin belə bir ssenarinin qarşısını almaq üçün tədbirlər gördüyünü vurğulayıb.
Baltikyanı ölkələr bu bərədə proqnozlara daha ehtiyatlı yanaşır. Latviya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mejviets bildirib ki, onun qurumu qaçılmaz hücum əlaməti görmür. Onun sözlərinə görə, Moskvanın Avropada daha qətiyyətli hərəkətlərə hazırlaşdığına dair dəlillər var, lakin bunun konkret planlarla, yoxsa Qərb cəmiyyətlərində qorxu və qeyri-müəyyənliyi artırmaq cəhdi ilə bağlı olub-olmadığı hələlik aydın deyil.
Estoniya Xarici İşlər Nazirliyinin baş katibi Conatan Vseviov da insanları panikaya düşməməyə çağırıb. O, real təhlükə yaranarsa, hakimiyyət orqanlarının onlara məlumat verəcəyini bildirib. Hələlik isə o, sakitliyə və Ukraynaya dəstəyin davam etdirilməsinə çağırıb.
Bu arada, Çexiya, Latviya və İsveçin üç kəşfiyyat xidmətinin rəhbəri Rusiyanın Avropadakı təxribat kampaniyasının daha da güclənməsinin ehtimal olunduğuna inanır. Onların hesablamalarına görə, potensial hədəflər dəmir yolu infrastrukturu, Ukraynaya dəstək verən obyektlər və müdafiə sənayesi ola bilər.
İsveç hərbi kəşfiyyatının rəisi Tomas Nilson isə bildirib ki, Moskva Ukraynaya dəstəyi zəiflətməyə və NATO daxilində nifaq salmağa çalışır.
Onu da qeyd edək ki, Moskva NATO-ya hücum etmək niyyətində olmadığını bildirir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov əvvəllər bildirmişdi ki, planlaşdırılan hücumla bağlı xəbərlərin Rusiyanın niyyətləri ilə “heç bir ortaq cəhəti yoxdur”.
Tahir TAĞIYEV- Bakıxəbər



