Dünyanın gözü Azərbaycanda – təhlükəsizlik şefləri Bakıda niyə toplaşıb?

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün Bakıda “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunun göstəricilərindən biridir:

“100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin, eləcə də beynəlxalq təşkilatların təmsilçilərinin forumda iştirakı tədbirin regional çərçivədən kənara çıxan əhəmiyyətini göstərir. Forumun mövzusunun “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” seçilməsi də təsadüfi deyil. Son illərdə təhlükəsizlik anlayışı əhəmiyyətli dərəcədə dəyişib. Terrorçuluq artıq yalnız silahlı qrupların fəaliyyəti ilə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, süni intellekt, kiberməkan, pilotsuz sistemlər, maliyyə şəbəkələri, dezinformasiya və transsərhəd cinayətkarlıq terror təhlükəsinin yeni ölçülərini formalaşdırır. Bu baxımdan ayrı-ayrı dövlətlərin öz təhlükəsizlik imkanları ilə kifayətlənməsi getdikcə daha çətinləşir. Terrorçuluğun təşkilatçıları və maliyyə mənbələri bir ölkədə, icraçıları başqa ölkədə, kommunikasiya və maliyyə infrastrukturu isə üçüncü ölkədə yerləşə bilər. Deməli, belə təhlükələrə qarşı mübarizənin effektivliyi böyük ölçüdə xüsusi xidmət orqanları arasında operativ məlumat mübadiləsindən, koordinasiyadan və qarşılıqlı etimaddan asılıdır”.

Professor qeyd edib ki, belə bir forumun keçirilməsi üçün Bakının seçilməsi xüsusi əhəmiyyət daşıyır: “Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın təhlükəsizlik məsələlərində regional və beynəlxalq əməkdaşlıq üçün platformaya çevrilmək imkanlarını nümayiş etdirir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın, Şimal ilə Cənubun kəsişməsində yerləşir. Ölkənin mühüm nəqliyyat və enerji marşrutlarının üzərində yerləşməsi onu həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji məkana çevirir”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycanın son illərdə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsi də Bakının belə bir tədbir üçün uyğun platforma rolunu gücləndirir: “Azərbaycan özü terrorçuluq, separatizm, transmilli cinayətkarlıq, mina təhlükəsi və yeni texnologiyalardan irəli gələn risklərin müxtəlif formaları ilə üzləşmiş ölkələrdəndir. Bu səbəbdən Bakının təhlükəsizlik gündəliyinə yanaşması yalnız nəzəri müzakirələrdən ibarət deyil, həm də real təcrübəyə əsaslanır. Forum Azərbaycanın beynəlxalq təhlükəsizlik dialoqunda özünü yalnız iştirakçı deyil, həm də təşəbbüskar və platforma təqdim edən ölkə kimi göstərməsi baxımından əhəmiyyətlidir”.

Qabil Hüseynlinin fikrincə, IV Bakı Təhlükəsizlik Forumunun gündəliyi faktiki olaraq yalnız terrorçuluqla mübarizənin deyil, gələcəyin təhlükəsizlik modelinin müzakirə edildiyi platforma kimi də hesab edilə bilər.

Xatırladaq ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib. İclasda çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib. Xidmət rəhbəri belə mötəbər tədbirlərin aktual çağırışların peşəkar müzakirəsi üçün geniş imkanlar yaratdığını, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrildiyini vurğulayıb. General-polkovnik Əli Nağıyev beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid dövrü yaşadığını, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.

Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb. BTF çərçivəsində həmçinin DTX və Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda yan tədbir də keçirilib. Müzakirələrdə müasir texnologiyaların doğurduğu terror təhdidlərinə qarşı effektiv milli, eləcə də beynəlxalq əlaqələndirmə mexanizmləri, habelə BTF-in platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl alətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button