Paşinyan: Azərbaycanla münaqişə həll olunub, Rusiya ilə əvvəlki kimi ola bilmərik

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan-Avropa İttifaqı münasibətləri ilə bağlı Rusiyanın istədiyi referendumun keçirilməsinin real olmadığını bildirib.
Polise.az xəbər verir ki, bu barədə o, “Radio France Internationale”ə müsahibəsində danışıb.
“Əgər məndən soruşsanız ki, Ermənistan bu gün Avropa İttifaqına üzv olmağa hazırdırmı, səmimi şəkildə deyərəm ki, xeyr. Çünki bu meyarlara uyğunlaşmaq üçün hələ çoxsaylı islahatlar keçirməliyik. Yəni müraciətin özü artıq prosesin müəyyən yetkinlik səviyyəsinə çatmasını nəzərdə tutur. Sadəcə müraciət xatirinə müraciət etmək o qədər də məntiqli deyil. İslahatları mümkün qədər səmərəli həyata keçirmək üçün Aİ ilə çox fəal əməkdaşlıq edirik”, – Paşinyan deyib.
O həm də vurğulayıb ki, Rusiya ilə münasibətlərin kəsilməsi və ya pisləşməsi heç vaxt Ermənistanın məqsədləri sırasında olmayıb, hazırda da deyil və gələcəkdə də olmayacaq:
“Əksinə, biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik. Sadəcə bir məqamı qeyd etməliyik: hər şeydən, o cümlədən siyasi rəhbərlikdən asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Dəyişən odur ki, əvvəllər Azərbaycanla münaqişə var idi, indi isə sülh mövcuddur”.
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedevin “Ermənistan ikinci Ukraynaya çevrilə bilər” fikrinə gəlincə, o iddia edib ki, belə bir şey olmayacaq.
Polise.az



