“44”: zəfərin, fədakarlığın və Vətən sevgisinin ekran salnaməsi – FOTO

Heydər Əliyev Mərkəzində təqdim olunan “44” bədii filmi 44 günlük Vətən müharibəsinin qəhrəmanlığını, şəxsi taleləri və xalq birliyini böyük ekran vasitəsilə yaddaşımıza qaytarır.

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin qala təqdimatı keçirilib. Tədbirə dəvət olunanların sayı minə yaxın olub. Təqdimat mərasimi də filmin özü kimi böyük maraq və yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qalıb.

“44” sadəcə müharibə səhnələrindən ibarət ekran əsəri deyil. Bu, torpaq uğrunda döyüşən insanların, onların ailələrinin, sevgisinin, qorxularının və ümidlərinin hekayəsidir. Filmin süjet xəttinin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdemir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Ekran əsərində döyüş və qəhrəmanlıq xətti ilə yanaşı, sevgi və şəxsi sınaqlar da yer alır.

Musavat.com-un qalada iştirak edən əməkdaşının qənaətinə görə, filmin əsas uğurlarından biri müharibənin yalnız hərbi əməliyyatlar tərəfini deyil, insan talelərinə təsirini də göstərməsidir. Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında təkcə qazanılmış Zəfər kimi deyil, böyük fədakarlıq, itki və birlik sınağı kimi yaşayır. “44” bu duyğuları bədii dillə tamaşaçıya çatdırmağa çalışır. Filmin adı da 44 günlük müharibənin hər bir gününün tariximizdə daşıdığı mənanı xatırladır.

d00fa6f3-1f8d-4b32-91e1-6f00fc75a8a6.jpg (93 KB)

Ekran əsərinin ssenari müəllifi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, rejissorları isə İsmayıl Səfərəli və Maksim Smetanadır. Film Bakı Media Mərkəzinin istehsalıdır və Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə İbrahim Çingiz və Türkiyəli aktrisa Özge Gürel baş rolları canlandırırlar. Aktyor heyətində İlqar Musayev, Mehriban Zəki, Qurban İsmayılov, Hikmət Rəhimov, Mahir Dərviş, İsmayıl Kərimov, Tərlan Əli, Azər Atakişiyev, Elnur Nəcəfov, Nadir Rüstəmli, Türkay Cəfərli və başqaları yer alıb.

Layihənin miqyası onun istehsal prosesində də görünür. Çəkilişlər iki il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb. Anar Ələkbərovun açıqlamasına görə, filmin ərsəyə gəlməsi üzərində iş ümumilikdə dörd il davam edib. O, yaradıcı heyətə, aktyorlara və layihəyə ürəkdən yanaşan hər kəsə təşəkkürünü bildirib.

Musavat.com olaraq hesab edirik ki, “44” Azərbaycan kinosu üçün əhəmiyyətli və cəsarətli layihədir. Belə ekran əsərləri müharibə tarixini gələcək nəsillərə çatdırır, qəhrəmanların xatirəsini yaşadır və Zəfərin arxasında dayanan insan əməyini, iradəsini göstərir. Qala gecəsinin möhtəşəmliyi filmin daşıdığı mövzunun böyüklüyünə uyğun idi; ekran əsəri isə Vətən müharibəsinin yaddaşımızda qoyduğu izləri yenidən canlandıran təsirli bir iş kimi yadda qalır.

d42a08eb-1481-4270-9ff6-9ec8ff07fe44.jpg (116 KB)

Filmin təqdimatından sonra aktyorlar, Şəhid Anaları və müharibə qəhrəmanaları danışdılar. Hər şey çox təbii, təsirli və heyrətamiz dərəcədə səmimi idi. Film o qədər güclü alınıb ki, həm düşündürür, həm ağladır, həm də qürurlandırır..

“44” bədii filmi oktyabrın 15-dən ölkənin kinoteatrlarında nümayiş olunacaq.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button