Krımın taleyini dəyişən üç lider – Stalinin qanlı əmri, Xruşşovun gözlənilməz addımı, Putinin ihaqı

18 oktyabr 1921-ci ildə Sovet Rusiyasının tərkibində Krım Muxtar Sovet Sosialist Respublikası qurulub.

Musavat.com xəbər verir ki, 1921-ci ildən bu günə qədər yarımadanın inzibati və siyasi statusu dəfələrlə dəyişib. Bu dəyişikliklərdə Stalin, Nikita Xruşşov və Vladimir Putinin qərarları mühüm rol oynayıb.

Çar Rusiyasından SSRİ-yə uzanan tarix

Krım 1783-cü ildə Rusiya imperiyası tərəfindən ilhaq edilib. Bundan əvvəl Krım yarımadası Osmanlı imperiyasının tabeliyində olan Krım xanlığının tərkibində olub.

1802-ci ildə Rusiya imperiyasında Tavriya quberniyası yaradılıb. Bu inzibati vahidə Krım yarımadası ilə yanaşı, materikdə yerləşən bəzi ərazilər də daxil idi.

1917-ci il Rusiya inqilablarından sonra Krım müxtəlif siyasi qüvvələr arasında mübarizə meydanına çevrilib. 1917-ci ilin dekabrında Krım tatarlarının Qurultayı Krım Xalq Respublikasını elan edib. Lakin bu dövlət qurumu uzun müddət mövcud olmayıb.

18 oktyabr 1921-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və RSFSR Xalq Komissarları Sovetinin qərarı ilə Krım MSSR yaradılıb. Paytaxt Simferopol şəhəri olub. Respublika Canköy, Yevpatoriya, Kerç, Sevastopol, Simferopol, Feodosiya və Yalta dairələrini əhatə edib.

Krımın strateji əhəmiyyəti təkcə coğrafi mövqeyi ilə bağlı deyil. Sevastopolda yerləşən Qara dəniz donanması bazası Rusiya üçün mühüm hərbi əhəmiyyət daşıyır.

Stalinin qərarı və Krım tatarlarının faciəsi

Krım tarixinin ən faciəli səhifələrindən biri İkinci Dünya müharibəsi dövrünə təsadüf edir.

1944-cü il mayın 18-də Stalin hakimiyyətinin qərarı ilə Krım tatarlarının kütləvi deportasiyasına başlanılıb. Sovet rəhbərliyi bütöv xalqı nasist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.

Sovet təhlükəsizlik qüvvələri səhər tezdən Krım tatarlarının evlərinə daxil olaraq ailələrə əşyalarını toplamaq üçün çox az vaxt veriblər. Qadınlar, uşaqlar və yaşlılar silahlı əsgərlərin nəzarəti altında evlərindən çıxarılaraq dəmir yolu stansiyalarına aparılıblar.

45e60dd8-64dd-460a-a36a-c277ac916214.jpg (299 KB)

Təxminən 190 min Krım tatarı yük vaqonlarına doldurularaq, əsasən, Özbəkistana və SSRİ-nin digər bölgələrinə sürgün edilib. İnsanlar həftələrlə davam edən səfərlərdə susuzluq, aclıq, havasızlıq və ağır antisanitar şəraitlə üzləşiblər. Xəstələnənlər və həyatını itirənlər arasında çoxlu sayda körpə, uşaq və yaşlı olub.

Sürgün edilənlər yeni yaşayış yerlərində də ağır şəraitlə qarşılaşıblar. Onların bir çoxu lazımi mənzil, ərzaq və tibbi yardım olmadan yaşamağa məcbur edilib. Xüsusi məskunlaşma rejimi altında saxlanılan Krım tatarlarının hərəkət azadlığı məhdudlaşdırılıb, yaşadıqları əraziləri icazəsiz tərk etmələri qadağan olunub.

Deportasiyadan sonrakı ilk illərdə aclıq, xəstəlik və ağır həyat şəraiti nəticəsində on minlərlə Krım tatarı həyatını itirib. Ölənlərin dəqiq sayı barədə müxtəlif tarixi hesablamalar mövcuddur.

Sürgün nəticəsində Krım tatarları yalnız doğma torpaqlarından deyil, evlərindən, əmlaklarından, tarixi və mədəni irslərinin mühüm hissəsindən də məhrum olublar. Onların Krıma kütləvi qayıdışı yalnız 1980-ci illərin sonlarında mümkün olub.

Krım tatarlarının tarixi də yarımadanın siyasi taleyində xüsusi yer tutur. Stalin dövründə deportasiya olunan xalqın nümayəndələri onilliklər ərzində doğma torpaqlarına kütləvi şəkildə qayıtmaq imkanından məhrum qalıblar.

Deportasiyadan sonra Krımda çoxsaylı yaşayış məntəqələrinin tarixi tatar adları dəyişdirilib. Sovet hakimiyyəti yarımadanın demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirib.

30 iyun 1945-ci ildə Krım MSSR ləğv edilərək RSFSR-in Krım vilayətinə çevrilib. Beləliklə, 1921-ci ildə yaradılmış muxtar respublikanın mövcudluğuna son qoyulub.

Xruşşov Krımı niyə Ukraynaya verdi

1954-cü il fevralın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Krım vilayətinin RSFSR-dən Ukrayna SSR-ə verilməsi haqqında fərman qəbul edib. Həmin ilin aprelində qərar qanunla təsdiqlənib.

Rəsmi əsaslandırmada iqtisadi əlaqələrin yaxınlığı, ərazi qonşuluğu və Krımın Ukrayna ilə təsərrüfat bağlılığı göstərilirdi.

Bu qərar Ukrayna ilə Rusiyanın birləşməsinin 300 illiyi münasibətilə keçirilən sovet yubiley tədbirləri ilə də eyni dövrə təsadüf edirdi.

Krımın verilməsi çox vaxt Nikita Xruşşovun adı ilə əlaqələndirilsə də, qərar SSRİ-nin kollektiv ali rəhbərlik orqanları tərəfindən rəsmiləşdirilmişdi. Krımın sadəcə Xruşşovun şəxsi təşəbbüsü ilə hədiyyə edilməsi barədə təsəvvür tarixi prosesi tam əks etdirmir.

SSRİ tarixində ilk referendum və Krımın yeni statusu

1991-ci il yanvarın 20-də Krımda muxtariyyətin bərpasına dair referendum keçirilib. Səsvermədə iştirak edənlərin 93,26 faizi Krım MSSR-in SSRİ tərkibində bərpasını dəstəkləyib.

Həmin il fevralın 12-də Krımın muxtariyyəti Ukrayna SSR-in tərkibində bərpa olunub.

1991-ci il dekabrın 1-də Ukraynanın müstəqilliyi ilə bağlı ümumxalq referendumunda Krımda da səsvermə keçirilib. Krım seçicilərinin əksəriyyəti müstəqilliyi dəstəkləyib, lakin bu göstərici Ukraynanın digər bölgələrindən xeyli aşağı olub.

1992-ci ildə Krım Respublikası adı qəbul edilib. 1994-cü ildə isə Krım Muxtar Respublikası adı rəsmiləşdirilib.

2014-cü il – Rusiyanın Krımı işğalı və beynəlxalq böhran

2014-cü ilin fevral-mart aylarında Rusiya hərbi qüvvələri Krımı işğal edərək yarımada üzərində nəzarəti ələ keçirib.

Martın 16-da Rusiyanın hərbi nəzarəti altında qondarma “referendum” keçirilib.

Rusiya tərəfindən açıqlanan, müstəqil şəkildə təsdiqlənməmiş və saxtalaşdırıldığına dair ciddi ittihamların olduğu rəqəmlərə əsasən, “səsvermə” iştirakçılarının 96,77 faizinin Rusiyaya birləşməni dəstəklədiyi bildirilib.

Martın 18-də Vladimir Putin Krımın və Sevastopolun Rusiya Federasiyasına birləşdirilməsinə dair müqavilə imzalayıb.

Beynəlxalq ictimaiyyət Rusiyanın Krımı öz ərazisinə birləşdirməsini ilhaq kimi qiymətləndirib. Krım beynəlxalq səviyyədə Ukraynanın ərazisi kimi tanınır.

2014-cü il martın 27-də BMT Baş Assambleyası 68/262 saylı qətnaməni qəbul edərək Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təsdiqləyib.

Sənəddə Krımda keçirilmiş qondarma “referendum”un hüquqi qüvvəsinin olmadığı vurğulanıb. Musavat.com

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button