Birgə iradədən ortaq qanunvericilik təşəbbüslərinə

Bişkek platforması Türk dünyasının strateji koordinasiyasını gücləndirir
19–20 oktyabr 2026-cı il tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası və Assambleya Şurasının toplantısı Avrasiya geosiyasi məkanında parlament diplomatiyasının gücünü və institusional əhəmiyyətini nümayiş etdirən mühüm siyasi hadisədir.
Qlobal qeyri-müəyyənliklərin artdığı, beynəlxalq hüquq normalarının selektiv tətbiqinin narahatlıq doğurduğu hazırkı dövrdə türk dövlətlərinin qanunverici orqanlarının vahid platformada bir araya gəlməsi inteqrasiya proseslərinin ardıcıl və davamlı xarakter aldığını göstərir. Plenar iclasın “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna həsr olunması isə TÜRKPA-nın fəaliyyətinin ənənəvi siyasi dialoq və bəyanatlarla məhdudlaşmadığını, müasir dövrün texnoloji çağırışlarına uyğun hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına yönəldiyini nümayiş etdirir.
Bişkekdə keçirilən bu ali toplantı Türk Dövlətləri Təşkilatının strateji hədəflərinin qanunvericilik müstəvisində dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan parlamentlərinin, eləcə də müşahidəçi statusuna malik Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyətlərinin iştirakı müzakirələrin siyasi əhəmiyyətini daha da artırır. Müşahidəçi və tərəfdaş təşkilatların prosesə cəlb olunması isə parlamentlərarası dialoqun regional çərçivəni aşaraq beynəlxalq idarəetmə institutları ilə əlaqələrin genişlənməsinə imkan yaradır.
21 noyabr 2008-ci ildə imzalanmış İstanbul Sazişindən və 2009-cu ildə Bakıda keçirilmiş təsis plenar sessiyasından bəri TÜRKPA mühüm institusional inkişaf yolu keçərək Türk dünyasında parlament diplomatiyasının əsas platformalarından birinə çevrilib. Bişkekdə keçirilən 15-ci plenar iclas bu inkişafın yeni mərhələsini əks etdirir. Parlamentlərarası əməkdaşlıq artıq yalnız fikir mübadiləsi və məsləhətləşmələrlə məhdudlaşmır, üzv dövlətlərin qanunvericilik sistemləri arasında uyğunluğun gücləndirilməsinə də xidmət edir. Bu istiqamətdə birgə təşəbbüslər ticarət prosedurlarının sadələşdirilməsi, gömrük və vergi qaydalarının uyğunlaşdırılması, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına yönəlmiş model qanunvericilik proseslərinin hazırlanması üçün yeni imkanlar açır.
Toplantının əsas müzakirə istiqamətlərindən birini təşkil edən süni intellekt və texnoloji tərəqqi məsələləri Türk dünyasının gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə texnoloji suverenliyin qorunması, kritik informasiya infrastrukturunun kiberhücumlardan müdafiəsi və milli məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi strateji zərurətə çevrilir. Bişkekdə aparılan müzakirələr bu sahədə xarici texnologiyalardan asılılığın azaldılması üçün dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin, mövcud resursların birgə istifadəsinin və qanunvericilik çərçivələrinin uyğunlaşdırılmasının əhəmiyyətini ön plana çıxarır. Süni intellektin tətbiqi ilə bağlı etik prinsiplərin və hüquqi normaların müəyyənləşdirilməsi istiqamətində ortaq yanaşmaların formalaşdırılması isə türk dövlətlərinin texnoloji yeniliklərə uyğunlaşmasına, rəqəmsal təhlükəsizliyin gücləndirilməsinə və innovasiya potensialının inkişafına töhfə verə bilər.
15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun 5-ci iclaslarının keçirilməsi TÜRKPA-nın sosial inkişaf və nəsillərarası əməkdaşlıq məsələlərinə verdiyi əhəmiyyəti göstərir. Qadın parlamentarilərin dövlət idarəçiliyində, sosial siyasətin formalaşdırılmasında və humanitar təşəbbüslərin həyata keçirilməsində iştirakının genişlənməsi türk dövlətlərində ictimai-siyasi həyatın inkişaf edən dinamikasını əks etdirir. Gənc parlamentarilər arasında dialoqun gücləndirilməsi isə yeni nəsil liderlərin ortaq dəyərlər əsasında formalaşmasına, innovativ ideyaların idarəçilik proseslərinə inteqrasiyasına və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə şərait yaradır. Bu qurumların fəaliyyəti parlamentlərarası əməkdaşlığın müxtəlif ictimai təbəqələri əhatə etdiyini və türk dünyasında inteqrasiya proseslərinin daha geniş sosial əsaslar üzərində inkişafını nümayiş etdirir.
Bişkek toplantısında diqqətçəkən digər məqamlardan biri Özbəkistanın parlamentlərarası əməkdaşlıqda iştirakı və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyətinin təmsil olunmasıdır. Özbəkistanın TÜRKPA çərçivəsində hüquqi və institusional əməkdaşlığın inkişafına verdiyi töhfələr Mərkəzi Asiya dövlətlərinin Türk dünyasındakı inteqrasiya proseslərində artan rolunu əks etdirir. Şimali Kipr Türk Cümhuriyyətinin parlament nümayəndə heyətinin toplantıda iştirakı isə türk dünyasında ortaq kimlik və həmrəylik məsələlərinin siyasi dialoq müstəvisində də öz əksini tapdığını göstərir. Beynəlxalq müstəvidə məhdudiyyətlərlə üzləşən Şimali Kipr Türk Cümhuriyyətinin bu platformada təmsil olunması onun türk dövlətləri ilə parlamentlərarası əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.
Təhlükəsizlik və sabitliyin təmin edilməsi türk dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin müdafiəsi ortaq mövqenin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi beynəlxalq hüququn prinsiplərinin əhəmiyyətini bir daha nümayiş etdirir. Separatizmə, ekstremizmə və xarici müdaxilə cəhdlərinə qarşı vahid hüquqi yanaşmanın formalaşdırılması isə regional sabitliyin möhkəmləndirilməsi və iqtisadi tərəqqinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə parlament diplomatiyası təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin təsirli vasitələrindən biri kimi çıxış edir.
Parlamentlərarası əməkdaşlıq türk dövlətlərinin beynəlxalq təşkilatlarda mövqelərinin uzlaşdırılmasına və ortaq maraqlarının müdafiəsinə şərait yaradır. BMT, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası kimi platformalarda dialoqun gücləndirilməsi qarşılıqlı dəstəyi möhkəmləndirir, Türk dünyasının beynəlxalq gündəlikdə daha əlaqələndirilmiş şəkildə təmsil olunmasına imkan verir.
Parlament diplomatiyasının Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafındakı rolu Milli Məclisin Sədri Sahibə Qafarovanın Qırğız Respublikasına səfəri çərçivəsində Joqorku Keneşinin sədri Marlen Mamatalıyevlə görüşündə də öz əksini tapıb. Görüşdə xalqlarımızı birləşdirən tarixi-mədəni və milli-mənəvi bağlar, yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyevin Qırğızıstana son dövlət səfərinin əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsinə verdiyi töhfə qeyd olunub.
Humanitar əməkdaşlığın nümunələri kimi Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan məktəb, Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksi və Nizami Gəncəvi adına məktəb göstərilib. Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması da xalqlarımız arasında dostluq və mədəni əlaqələrin rəmzi kimi dəyərləndirilib. Bu təşəbbüslər Türk dünyasında inteqrasiyanın ortaq mənəvi dəyərlər, təhsil və mədəniyyət vasitəsilə də möhkəmləndiyini göstərir.
Qırğız Respublikasının parlamentində keçirilən Assambleya Şurasının iclası da TÜRKPA-nın institusional inkişafı və fəaliyyətinin səmərəliliyinin artırılması baxımından əhəmiyyət daşıyır. Təşkilati məsələlərin, parlament komissiyalarının fəaliyyət istiqamətlərinin və növbəti dövr üçün prioritetlərin müzakirəsi qəbul edilən qərarların ardıcıl həyata keçirilməsi üçün zəmin yaradır. Daimi katibliyin analitik və təşkilati imkanlarının genişləndirilməsi isə üzv parlamentlər arasında koordinasiyanın gücləndirilməsinə, irəli sürülən təşəbbüslərin izlənməsinə və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə kömək edə bilər. Bu istiqamətdə atılan addımlar TÜRKPA-nın fəaliyyətinin yalnız birgə bəyanat və tövsiyələrlə məhdudlaşmamasına, parlamentlərarası əməkdaşlığın praktiki nəticələrinin artırılmasına yönəlib.
Bişkekdə keçirilən 15-ci plenar iclas türk dövlətləri arasında strateji tərəfdaşlığın parlamentlərarası əməkdaşlıq vasitəsilə daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Parlament diplomatiyası dövlət başçılarının müəyyənləşdirdiyi strateji prioritetlərin qanunvericilik səviyyəsində müzakirəsinə, ortaq təşəbbüslərin inkişafına və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə imkan yaradır. Süni intellekt və texnoloji tərəqqi kimi müasir çağırışların gündəliyə daxil edilməsi isə TÜRKPA-nın ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, gələcəyin tələblərinə uyğun yeni fəaliyyət sahələrinə də diqqət yetirdiyini göstərir.
Yusif ŞƏRİFZADƏ
XQ



