Bakıda insidentlə bağlı saxlanılan 5 nəfər həbs olundu, Arzuxan Əlizadənin oğlunun işi başqa məhkəməyə göndərildi

Bakıda General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Polise.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məlumata görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə saxlanılan Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov, Həsən Zülfiqafov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə hakimlərin özü-özünə etiraz ərizələri müvafiq qaydada baxılaraq həll edilməsi, habelə materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Onların hər birinə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi kütləvi insidentdə iştirak edən 9 nəfərin polis tərəfindən müəyyən edilərək saxlanıldığını açıqlayıb.
Saxlanılanlardan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Polise.az



