Prezident Xankəndidə: O binanın pəncərələrini açdım ki, şeytanın ruhu oradan çəkilsin

“Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz – bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq”.

Polise.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

“İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik.

Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra – 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək.

O binada oturanlar – hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar”, – dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub:

“Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub. Çünki biz hər gün şəhidlər verirdik, hər gün qan tökülürdü. Buna baxmayaraq, xalqımız əsl vətənpərvərlik və həmrəylik göstərirdi və xalqdan gələn dəstək mənə Ali Baş Komandan kimi əlavə güc verirdi. Ancaq irəli getdik və bir gün də dayanmadıq, bir gün də geri addım atmadıq, düşməni torpaqlarımızdan qovduq, haqq-ədaləti bərpa etdik, bu gün ərazimiz azaddır və bütövdür”.

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button