Əziz Şuşa, sən azadsan! – Vətən müharibəsinin 43-cü günü tariximizin ən böyük Zəfər müjdəsinə çevrildi

8 noyabr 2020-ci il Azərbaycan tarixinin yaddaşına heç vaxt silinməyəcək qürur, sevinc və göz yaşları ilə yazıldı. Vətən müharibəsinin 43-cü günü xalqımızın uzun illər qəlbində yaşatdığı ən müqəddəs arzusu gerçəkləşdi – Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, milli qürurumuzun rəmzi olan Şuşa şəhəri Ermənistanın işğalından azad edildi. Bu xəbər təkcə bir şəhərin azad olunması deyildi. Bu, 28 il yarımlıq ayrılığın sona çatması, tarixi ədalətin bərpası və Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsi idi.

Həmin günün səhəri cəbhədə döyüşlər davam edirdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin noyabrın 8-də yaydığı məlumatda bildirilirdi ki, noyabrın 7-si ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Azərbaycan Ordusunun bölmələri düşmənə ciddi zərbələr endirib, bəzi istiqamətlərdə onu geri çəkilməyə məcbur edib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 T-72 tankı, 2 D-20 topu və döyüş sursatı daşıyan bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələri cəbhədəki uğursuzluqlarının əvəzini mülki əhaliyə qarşı hücumlarla çıxmağa çalışırdı. Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərinin artilleriya atəşinə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar olmuş, mülki infrastruktura ziyan dəymişdi. Lakin düşmənin bu hücumları Azərbaycan Ordusunun irəliləyişini dayandıra bilmirdi. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altında idi.

Bu tarixi günün mənəvi başlanğıcı isə Fəxri xiyabanda yaşanan ehtiram anları ilə yadda qaldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, onun xatirəsini dərin ehtiramla yad etdilər. Daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər. Bu ziyarət tarixin qarşısında verilmiş sözün, milli iradənin və şəhidlərin müqəddəs əmanətinə sədaqətin rəmzi idi.

Nəhayət, Azərbaycan xalqının illərlə gözlədiyi müjdə Şəhidlər xiyabanından bütün dünyaya çatdırıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində böyük fəxarət hissi ilə Şuşanın işğaldan azad edildiyini bəyan etdi:

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”

Ardınca səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri həmin günün tarixi şüarına çevrildi. Bu ifadələrdə illərin həsrəti, şəhidlərin qanı bahasına qazanılan Qələbənin sevinci və doğma yurda qayıdışın müjdəsi birləşirdi.

Dövlət başçısı müraciətində Şuşanın 28 il yarım işğal altında qaldığını xatırladaraq bildirdi ki, Azərbaycan bu tarixi Qələbəni döyüş meydanında qazanıb. Danışıqlar masası arxasında deyil, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyəti sayəsində əldə edilən bu nailiyyət Azərbaycanın hərbi-siyasi gücünü bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad olunması həm də Ulu Öndər Heydər Əliyevin illər əvvəl ifadə etdiyi fikirlərin mənəvi məzmununu bir daha ortaya qoydu. Ümummilli Lider Şuşanın Azərbaycan xalqı üçün əvəzsiz dəyərini belə ifadə etmişdi: “Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir!”

Bu sözlər Şuşanın yalnız coğrafi məkan olmadığını, milli kimliyimizin, tariximizin, musiqimizin və mədəniyyətimizin ayrılmaz parçası olduğunu göstərirdi. Ulu Öndərin Şuşaya verdiyi bu yüksək qiymət illər sonra böyük tarixi hadisə ilə öz təsdiqini tapdı. Prezident İlham Əliyevin həmin gün Şuşanın azadlığını elan etməsi isə ata vəsiyyətinin yerinə yetirilməsinin də rəmzinə çevrildi. Dövlət başçısı xalqa müraciətində Heydər Əliyevin məzarını ziyarət etdiyini xatırladaraq ürəyində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” dediyini bildirdi.

Şuşanın azad edilməsi adi hərbi əməliyyatın nəticəsi deyildi. Bu, mürəkkəb relyefə, sıldırım qayalara və meşəlik ərazilərə malik şəhərin böyük peşəkarlıq və cəsarət tələb edən döyüşlərlə geri qaytarılması idi. Prezident İlham Əliyev sonrakı çıxışlarında bu əməliyyatın xüsusiyyətlərinə toxunaraq hərbçilərimizin əsasən yüngül silahlarla, dağlardan, meşələrdən və cığırlardan keçərək döyüşdüklərini vurğulayıb. Bu qəhrəmanlıq Azərbaycan hərb tarixində xüsusi yer tutan döyüş nümunəsinə çevrildi. Şuşanın azadlığına aparan yolda iştirak edən hər bir əsgər və zabitin igidliyi, fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

Həmin gün Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev noyabrın 8-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul etdi. Dövlət başçısı Şuşanın azad edildiyi gün onların Azərbaycanda olmasını xüsusi əhəmiyyət daşıyan qardaşlıq nümunəsi kimi qiymətləndirdi. Bu görüş iki ölkə arasında sarsılmaz dostluq və həmrəyliyin daha bir ifadəsi idi.

8 noyabrın tarixi əhəmiyyəti Şuşanın azadlığı ilə yanaşı, müharibənin sonrakı taleyinə göstərdiyi təsirlə də ölçülür. Qarabağın strateji və mənəvi mərkəzinin geri qaytarılması Ermənistanın hərbi-siyasi mövqelərinə sarsıdıcı zərbə vurdu və böyük Zəfərin əldə olunmasında həlledici mərhələ oldu. Şuşanın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda dönüş nöqtəsinə çevrildi.

Bu gün həmin tarixi hadisəyə nəzər salarkən bir həqiqət daha aydın görünür: Şuşanın azadlığı illərlə qorunan milli yaddaşın, dövlətçilik iradəsinin, xalq-ordu birliyinin və qəhrəman Vətən övladlarının misilsiz fədakarlığının nəticəsi idi. O gün Şuşaya qayıdan yalnız Azərbaycan əsgəri deyildi; xalqımızın tarixi yaddaşı, milli qüruru, musiqisi, sənəti və mənəvi varlığı da öz doğma ünvanına qayıdırdı.

8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi yaşayacaq. Çünki həmin gün Şuşanın dağlarında azadlıq nəfəsi duyuldu, üçrəngli bayrağımız doğma torpağımızda qürurla dalğalandı və bütün dünyaya bir daha bəyan edildi: Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!

 

Nurəngiz Adilqızı

XQ

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button