DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.

Bu barədə Moderator.az-a MKA-dan məlumat verilib.

Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri “ASAN Pay” elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.

Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.

Agentlik vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

– Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.

– SMS və mesencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.

– Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.

– Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.

– Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və “ASAN Pay” xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.

– Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button