ÜST-dən koronavirus peyvəndi olanlara xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Soumya Svaminatsan insanları COVID-19 peyvəndindən sonra virusa qarşı ehtiyatlı olmağa çağırıb.
Bu barədə NTV məlumat yayıb.
Həkimin sözlərinə görə, ABŞ-da və Avropada insanların koronavirus peyvəndi edildikdən sonra yenidən yoluxub-yoluxmamaları barədə kifayət qədər məlumat olmadığından onların yoluxucu olub-olmamalarını da demək çətindir:
“Peyvəndlərlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün immunitet yaranana qədər peyvənd edilənlər də, digərləri kimi, səyahət edərkən karantin tədbirlərinə riayət etməlidirlər”.
ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan COVID-19 epidemiyasının şiddətli olduğunu və qlobal miqyasda sürətlə yayıldığını qeyd edərək, dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş mərhələdə olduğunu vurğulayıb:
“Şübhəsiz, bu, ən böyük epidemiya deyil. Bu virus çox yoluxucudur, insanları öldürür və bir çox insanı yaxınlarından məhrum edir. Gələcəkdə daha da şiddətli ola biləcək epidemiyaya hazırlaşmalıyıq”.