Tarixin silinməz iziylə: İrəvanı bizdən kimlər, necə aldılar?
Bu yazımızda Ermənistan adlanan dövlətin paytaxtı kimi tanınan İrəvan şəhərinin ermənilər tərəfindən ələ keçirilməsi və onlara tarix boyu havadarlıq edən qüvvələr haqqında bəhs etmək istəyirik.
Dərhal qeyd edək ki, bəlkə də, bir çox oxucunun tanımadığı İsrael Ori adlı erməninin (1657- 1711) bu işdə böyük rolu olub. Səfəvilər dövlətinin Sisyan kəndində erməni məliyin ailəsində anadan olmuş İsrael Ori (fars mənbələrində Avri) kiçik yaşlarından antitürk ruhunda böyümüşdü. Təsadüfi deyil ki, 1678-ci ildə Avropaya, Avropa dövlətlərindən “zavallı” erməniləri “müsəlmanların zülmündən qurtarmaq” üçün hərəkətə keçmələrini gizlincə xahişə gedən 7 nəfərlik nümayəndə heyətinə erməni katalikosu IV Hakopun xüsusi emissarı kimi, məhz İsrael Ori başçılıq etmişdi.
Qəribədir ki, ermənilərin “azadlıq missiyası”na o vaxtkı gürcü çarı XI Georgi (1651-1709, fars qaynaqlarında onun ismi Nəvaz xan olaraq təsbit edilmişdir) də dəstək vermişdir.
Erməni İsrael Ori Parisdə, Vyanada, Venesiyada, Romada konfidensial görüşlər keçirir, ermənilərə yardım üçün Müqəddəs Roma İmperiyasının imperatoru I Leopoldun (1640- 1705), Fransa kralı XIV Lüdovikin (1638- 1715) qəbulunda olur. Avropalılar İsrael Oriyə deyirlər ki, “əlinizdə ermənilərin müsəlmanlardan zülm görmələri və buna görə də onlardan ayrı yaşamaq istəmələri barədə yazılı bir sənəd olmadığı üçün sizə yardım edə bilmərik. Bu işdə sizə ən yaxşı Rusiya yardım edə bilər.”
İsrael Ori də ona görə 1701-ci ildə Rusiyaya gəlir və rus çarı I Pyotrla (1672-1725) görüşməyə nail olur. Görüşdə İsrael Ori, guya, bütün ermənilərin adından yazılmış, əsas məğzini “Sizə yalvarırıq, başına müxtəlif müsibətlər gətirilmiş yazıq millətimizi, ALLAH xatirinə, azad edin. Göydə ALLAHdan, yerdə Sizdən başqa heç kimə gümanımız yoxdur” fikri təşkil edən bir ərzi-halı da çara təqdim edir ( Bax: ЦГАДА, ф. 100, 1701-1703 гг., д. 3, лл. 30-34).
I Pyotr isveçlərlə muharibə qurtaran kimi (Rusiyanın 1700-1721-ci illərdə Baltik dənizinə çıxmaq uğrunda İsveçlə apardığı Şimal müharibəsi), ermənilərə yardım edəcəyinə söz verir. İsrael Ori 1704-cü ildə yardım üçün yenidən Roma Papası XI Klimentlə (1649-1721 ) görüşür. İsrael Ori rus çarından xahiş edir ki, erməniləri azad etmək üçün İrana, Şah Sultan Hüseynin (1668-1726) üstünə mütləq 25 minlik qoşun göndərsin.
Oriyə polkovnik rütbəsi verilir və o, böyük bir dəstəylə 1707-cü ildə İsfahana yola düşür. Məqsəd həm İran şahının fikrini öyrənmək, həm də yol boyu kəşfiyyat aparmaq idi.
İsrael Orinin dəstəsinin əsl məramından xəbərdar olan fransız missionerləri İran şahını vəziyyətdən hali edirlər ki, Rusiya Səfəvi torpaqlarında ermənilərə dövlət qurmaq istəyir. İsrael Ori uzun sərgüzəştlərdən sonra 1709-cu ildə səfəvilərin o zamankı paytaxtı İsfahana gəlir. İsrael Ori anlayır ki, səfəvilər öz ərazilərində xoşluqla heç vaxt ermənilərə dövlət qurmağa imkan verməzlər. İsrael Ori kor-peşman geri qayıdanda, müəmmalı şəkildə Həştərxanda ölür.
Başı Şimal müharibəsinə qarışan I Pyotr da “zavallı” ermənilərin ona yazdıqları ərzi-halı unudur. 1725-ci ildə I Pyotrun ölməsindən sonra hakimiyyətə gələnlərin də başları saray intriqalarına qarışdığından (I Yeketerina, II Pyotr, Anna İvanovna, VI İvan, Yelizaveta Petrovna, III Pyotr) erməni məsələsi bir müddət unudulmuş görünsə də, ermənilər sakit dayanmır, milli məqsədlərinə çatmaq üçün mümkün olan bütün imkanlarını səfərbərliyə alırlar.
1762-ci ildə II Yekaterinanın (1729 – 1796) hakimiyyətə gəlməsi yenidən ermənilərin ümidlərini qığılcımlandırdı. Ermənilər pravoslav (ortodoks) xristian olmadıqları üçün mitropolit Kiprian ( (1330- 1406) onları hətta “mürtədlikdən daha iyrənc münafiq – гнуснейше паче всех ересей” olmaqda ittiham etsə də (Bax: https://ru.armeniasputnik.am/columnists/20171029/9256166/pereselenie armyan-v-rossiyu-ili-chto-ekaterina-ii-cdelala-dlya-armyanskogo-naroda.html ) I Pyotrun cənuba doğru ekspansiya siyasətini davam etdirməyə başlayan II Yekaterina erməni kilsəsinin müstəsna səyi nəticəsində, 30 iyun 1768-ci ildə ermənilərə Rusiya imperiyası ərazisində xüsusi imtiyazlar verən fərman imzaladı: “ Bütün dürüst erməni xalqı bizim imperator mərhəmətimiz və nəvazişimiz altında tutulsun – Весь честный армянский народ в нашей императорской милости и благоволении содержать.” (Bax: Полное собрание законов Российской империи с 1649 года по 19 ноябрь 1825 г., т. 18, с. 4)
Çar Rusiyasının xarici siyasətində xüsusi əhəmiyyət təşkil edən Şərq məsələsini öz xeyrinə həll etmək həmişə gündəmdə olub. Bu məslədə onlar ələ keçiriləcək ərazilərdə yaradılacaq Ermənistan dövlətini forpost olaraq dəyərləndirmişlər. 1825-ci ildə hakimiyyətə gəlmiş I Nikolay da bu mənada istisna deyildi. 1826-1828-ci illlərdə baş vermiş İran-Rusiya müharibəsində İrəvan qalası hər iki tərəf üçün son dərəcə həyati əhəmiyyət daşıyırdı. Ruslar nəyin bahasına olursa-olsun həmin qalanı almaqda qərarlı idilər.
İ. F. Paskeviçin (1782- 1856) komandanlığı ilə rusların İrəvan qalasının alınmasında İrəvan qalasındakı ermənilərin də rolu olmuşdur. O vaxtlarda, yəni, 1826-1827-ci illərdə İrəvanın əhalisinin ümumi sayı, təqribən, 110 mindən çoxdu və bunların 90 mini müsəlman idi.
Mühasirəyə alınmış qalanı müdafiə etmək üçün Hüseynqulu xanın qardaşı Həsən xan ermənilərə müraicə edəndə, onlar qalanın müdafiəçilərinə kömək etmək əvəzinə, qalanı bir neçə yerdən uçurmuşdular ki, ruslar şəhərə asanlıqla girsinlər. Qaladakı erməni topçular qəsdən hədəfdən uzağa atəş acır, faktiki olaraq, qala müdafiəçilərinin məhdud cəbbəxanasına ziyan vururdular (Bax: Алексей Шишов. Орден святого Георгия. Москва, 2013, с.338).
İrəvan Müəllimlər Seminariyasının müəllimi K. Şulginin yazdığına görə, ruslar İrəvan qalasını 8 gün mühasirədə saxladılar, ermənilər İrəvan qalasını Təpəbaşı adlanan istiqamətdə qala divarını partlatdıqdan sonra Paskeviçin əsgərləri qalanı ələ keçirdilər. Qalanı ələ keçirən əsgərlər qala müdafiəçilərinə qarşı çox amansız davranırdılar, hətta xanın hərəmxanasına mənsub qadınları da qaladan aşağıya – Zəngi çayına atırdılar ( Bax: К. Шульгин. Взятие Эривани. Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 4. Тифлис. 1884).
İran və Rusiya arasında baş vermiş ikiillik muharibə İranın ağır məğlubiyyəti, 1828-ci ilin 22 fevralında Türkmənçay sülh müqaviləsinin imzalanmasıyla tamamlanmışdı. Bu müqavilə əsasında rus çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə ələ keçirilmiş yeni ərazilərdə erməni bölgəsi – ermənilərin “Haykakan marz” – adlandırılmağa başladıqları inzibati ərazi vahidi təşkil edildi.
İlk vaxtlarda “erməni bölgəsi”ndəki ermənilər etnik baxımdan ümumi əhalinin heç üçdə bir hissəsini də təşkil etmirdilər (Bax: Richard G. Hovannisian. Armenia on the Road to Independence, 1918, p. 9-10). Lakin qısa zaman içərisində Osmanlı və Qacar xanədanlığı ərazilərindən – İrandan – buraya ermənilərin kütləvi köçü başladı. Məsələn, 1838-ci ildə Persiyadan (İrandan) İrəvana 23 min 568, Naxçıvana – 10 min 652; Osmanlı dövləti ərazisindən isə İrəvana 21 min 639 nəfər erməni köçüb gəlmiş, ərazidə ermənilərin sayı bir neçə il ərzində 82 min 377 nəfərə çatmışdı (Bax: Muriel Atkin. Russia and Iran, 1780—1828. University of Minnesota Press, 1980).
Çar Rusiyasının havadarlığı və birbaşa dəstəyi ilə ermənilər köçüb gəldikləri ərazilərdəki yerliləri – türkləri sıxışdırması, özlərini yeni torpaqların dominantı kimi aparması, cəfəng “Böyük Ermənistan” xəyalını gerçəkləşdirmə cəhdləri bu ərazilərin daimi və əzəli sakinlərinin haqlı narazılığına səbəb olurdu.
2 oktyabr 1837-ci ildə Birinci Nikolay Eçmiədzinə (“Üç müəzzin”ə) gələndə, onun qarşısında diz çökmüş erməni arxiyepiskopu Karapetdən nə arzuladığını soruşanda, Karapet belə deyib: “Великий Государь, Ты будь отцом и защитником Твоего нового верноподданного армянского народа, мой армянский народ Тебе поручаю и Тебя — Господу Богу – Böyük Hökmdar, Sən yeni sadiq təbəələrin – erməni xalqının atası və hamisi ol, mən erməni xalqımı Sənə, Səni də ALLAHa tapşırıram“. (Bax: А.Д. Ерицов. Пребывание императора Николая I в Эчмиадзине и Эривани).
Ermənilər məskunlaşdıqları yerləri dərhal erməniləşdirməyə, o yerlərin ən qədim vaxtlardan ermənilərə məxsusluğunu “isbatlamaq” işinə girişdilər. Ən birinci də, İrəvan sözünün erməni mənşəli olduğunu “sübuta yetirməyə” başladılar.
Nə zaman yaşadığı dəqiq bəlli olmayan (bəzilərinə görə, V əsr, digərlərinin ehtimalına əsasən, VII əsr, hətta bir başqa fərziyyəyə görə, IX əsr) Musa Qalanqaytuqlu (qrabar ermənicəsində Movses Xorenatsi) öz kitabında İrəvan toponiminin mənşəyini, guya, Nuh Peyğəmbərin söylədiyi sözlə açıqlamışdır. Tufandan sonra dünya suya qərq olanda yəhudi Həzrəti-Laməkin oğlu şeyxül-ənbiya sayılan Nuh Peyğəmbərin gəmisi Ağrı dağının zirvəsində dayananda, su basmayan quru torpaq sahəsi görüb və həyəcanından ermənicə (?!) “yerevats” deyə qışqırıb, ona görə də burada salınmış şəhərin adı İrəvan olub.
Bu ehtimalın, əlbəttə, həqiqətlə bir bağlılığı yoxdur.
Birincisi, Nuh Peyğəmbər niyə öz ana dilində – ibranicə deyil, heç vaxt bilmədiyi ermənicə qışqırmalıydı ki? İkincisi, Ağrı dağının 5137 metr hündürlüyü var, İrəvan isə dəniz səviyəsindən, təxminən, 1000 (min) metr yüksəklikdədir. Deməli, o zaman Nuh Peyğəmbərin gəmisi Ağrı dağında qərar tutanda, hesabla, İrəvan 4 min metr dərinlikdə, suyun altında qaldığından Nuh Peyğəmbər İrəvan adlandıracağı yeri qətiyyən görə bilməzdi.
Üçüncüsü, “Tövrat”a görə, Nuh Peyğəmbər dünyanın ilk sakini Həzrəti Adəmin 9-cu nəslidir və ulu dədəsinin vəfatından, təxminən, 1056 il sonra dünyaya gəlib. “Tövrat”a görə, Nuh tufanı Nuh Peyğəmbərin 600 yaşı olanda (yəni, miladdan 1656 il əvvəl) baş verib: “And Noah was six hundred years old when the flood of waters was upon the earth” (Bax: Tövrat, Mənşə, 7-ci surə, 6-cı ayə ).
Ermənilər isə 2018-ci ildə İrəvanın 2800 illliyini qeyd edirdilər (?!).
Bəzi ermənilər Musa Qalanqaytuqlunun ehtimalının tutarsızlığını anlayaraq, başqa rəvayətlər uydururlar. Məsələn, İrəvan adının mənşəyini miladdan əvvəl III əsrin ikinci yarısı ilə II əsrin başlanğıcında yaşamış hökmdar Yervandın adıyla bağlamağa çalışırlar. Երևանի մասին հիշատակում եղել է միայն 3-րդ դարի մանիքեական տեքստում – “İrəvan adının yalnız 3-cü əsrə aid Manihey yazısında keçdiyini” etiraf edirlər.
Bir para tarixçi də İrəvan adının “yeri” və ya “eri” adından yarandığı fikrindədir: Արգիշտի կամ կոչել է «երի» կամ «արի» ցեղի (երկրի) անունով։ (hökmdar) Arqişti onu “yeri” və ya “eri” ( tayfa adı) adlandırdı (Bax: Հայաստան Հանրագիտարան, 2012, ss. 802-829 ).
Oxuculara xatırladaq ki, Urartu hökmdar I Argişti miladdan öncə 786- 764-cü illərdə hakimiyyətdə olmuşdur. 1950-ci ildə Vanda (Türkiyə) tapılan mixi lövhəni “oxuyan” (?) erməni tədqiqatçıları bu mülahizəyə gəlib ki, I Argişti hökmdarlığının 5-ci ilində Van çarlığının ərazisində Erebuni adlı qala inşa edib http://www.armənianhəritagə.org/hy/monumənt/Ərəbuniəxcavation/1148 ) və o Erebuni qalası Vandan 811 km (!) aralıda yerləşən İrəvandan başqası ola bilməz.
Ermənilər təəssüf hissi ilə qeyd edirlər ki, Erebuni qalası miladdan öncə 585-ci ildə iskitlər və ya Saka türkləri tərəfindən darmadağın edilmişdir.
Ermənilərin İrəvan haqqında ciddi-cəhdlə düzüb qoşduqları nağıl heç bir məntiqə sığmır. Biz bu sözü xalq etimologiyası ilə də “yeri Van”, yəni, “Vandan gələn”; Rəvan(qulu) xanın adıyla “İrəvan” (dilimizdə “r” səsi ilə başlayan sözlər əcnəbi mənşəli olduğundan biz o sözlərə bir sait artıraraq deyirik: irazı, irayon, irəhim, irçal, uruzi və s. ) izah edə bilərik.
Məşhur türk səyyahı Evliya Çələbinin (1611- 1685) “Səyahətnamə” əsərində verdiyi məlumata görə, 1504-cü ildə Şah İsmayıl Xətai öz vəziri Rəvan xana Zəngi çayının sahilində möhtəşəm qala inşa etdirməyi buyurur. Rəvan xan da əmrə əsasən, yeddi ilə deyilən ərazidə tələb olunan qalanı inşa etdirir. Qala tamamlandıqdan sonra Rəvan xan görülən iş barədə Şah İsmayıla məktub ünvanlayır. Şah İsmayıl da Rəvan xanın işini təqdir edir və o qalanın Rəvan qalası adlandırılması barədə fərman verir. Xalq da o gündən qalaya İrəvan qalası demişdir. İrəvan sözünün mənşəyini başqa yolla da açıqlamaq olar.
Yəqin ki, “yer” və “ər” sözünün bizim sözümüz olduğunu bilmək üçün xüsusi filoloji səviyyə tələb olunmur. “An/ van/yan/qan” dilimizdə cəmlik, çoxluq bildirən şəkilçi kimi işlənir. Məsələn, Türkan (türklər), Qazyan (qazilər), Mərdəkan (kişilər), Nardaran-Nərdaran- (dəvəçilər), Əsgəran (əsgərlər), Şirvan (cəsurlar) və s.
1936-cı ilə qədər müxtəlif rəsmi mənbələrdə “Erivan”, daha sonra da “Yerevan” adlanan qədim türklərin məskəni İrəvan şəhəri öz adını elə bu dildə “Ərlərin yeri”, “Ərlərin obası” şəklində də açıqlana bilər.
Azərbaycanda bu cür onomastik vahidlər yetərincədir: Naxçıvan, Mincivan, Qəmərvan, Sarvan, Ərçivan, Ərkivan, Vilvan və s.
Təəssüf ki, XX əsrin başlanğıcında bizə real kömək edə biləcək siyasi-hərbi qüvvə – Osmanlı xanədanlığı, dünyanın siyasi səhnəsindən getməkdə idi. Ermənilərin isə bəxti gətirirdi. 1913-cü ildə Cənubi Qafqaza gəlmiş rus imperatoru II Nikolay onu ziyarət edən nüfuzlu erməni nümayəndə heyətini bu sözlərlə xatircəm etmişdi: “Вы тогда можете стать счастливыми, когда Константинополь, т.е. Стамбул, станет нашей столицей, Босфор и Дарданеллы станут нашими. Тогда я даю слово о создании на Южном Кавказе, в Малой Азии «Большой Армении” – Konstantinopol, yəni, İstanbul – paytaxtımız, İstanbul boğazı və Çanaqqala da bizim olanda siz xoşbəxt olacaqsınız. O zaman mən sizə Cənubi Qafqazda, Kiçik Asiyada “Böyük Ermənistan” yaratmaq sözü verərəm”.
Ermənilər kütləvi şəkildə məlikləndikləri ərazilərdə türk izini yox etməyə başlamış, İrəvandakı Azərbaycan memarlığına aid müxtəlif binaları, o cümlədən Hüseynəli xan, Hacı Novruzəli bəy və Zal xan məscidlərini müxtəlif bəhanələrlə uçurmuşlar. Məsələn, 1649-cu ilə inşa olunmuş Zal xan məscidi 1950-ci illərə qədər öz mövcudiyyətini qorusa da, ermənilər onu dağıdıb yerində Rəssamlar İttifaqının binasını inşa ediblər.
İrəvan ruslar tərəfindən işğal edildikdən sonra Rəcəb Paşa məscidini 1827-ci ildən kilsəyə çevirmişlər.
1606-cı idə tikilmiş Şah Abbas məscidi də yerlə yeksan olmuşdur. (Bax: Т. X. Акопян. Очерк истории Еревана. Изд. Ереванского университета., 1977, с. 131)
İrəvanı ermənilərə verən qüvvə hər zaman onlara havadar çıxır. 1918-ci ilədək ancaq əsatir və nağıllarda öz dövləti olduğu ilə öyünənlərə məhz həmin havadar qüvvə paytaxtı İrəvan olan bir müstəqil dövlət də bağışladı. Çarizmin əl bəbək-gül bəbək olaraq gördüyü ermənilər sovet dönəmində də yağ içində böyrək kimi yaşadılar. SSRİ viranə qalanda liberal cildli, badəpərəst Boris Yeltsin də onlara qahmar çıxdı.
1992-ci ilin payızında Azərbaycan Ordusu Xankəndinə yaxınlaşanda, erməni rəsmiləri yalvararaq rus hərbiçilərini müdaxilə etməyə və cəbhədəki vəziyyətdə dönüş yaratmağa dilə tutdular. Havaya qalxan rus hərbi helikopterlərinin endirdiyi zərbələr sayəsində Azərbaycan Ordusunun hücumunun qarşısı alındı. “Армянские власти уговорили российских военных вмешаться и помочь им переломить ситуацию на фронте. Поднятые в воздух российские штурмовые вертолеты нанесли ряд ударов, благодаря которым азербайджанское наступление захлебнулось.”
( Bax: http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4682000/4682089.stm)
1992-ci ilin 8 mayında Şuşanı, mayın 18-də isə Laçını ələ keçirən erməni işğalçılarına Azərbaycan ordusunun 1992-ci ilin yayında sarsıdıcı zərbələr endirməsi erməni havadarlarının heç xoşuna gəlmədi.
Çoxgedişli münaqişə kombinasiyasını dəqiq hesablayan hərbi strateqlər zərərli hesab etdikləri siyasi fiqurları nüfuzdan salmaq məqsədiylə öz emissarları vasitəsilə fasiləsiz olaraq şayiələr yaymağa, ayrı-ayrı şəxslər arasında nifaq salmağa, diqqəti əsas məqsəddən yayındırmağa, hadisləri məqsədyönlü şəkildə tam fərqli məcraya yönəltməyə, ayrı-ayrı qruplara arasında yaranan narazılığı barışmaz ədavətə çevirməyə, hərbi-siyasi ambisiyaları daha da alovlandırmağa başladılar.
Güclü şəkildə qütbləşən müxtəlif sosial təbəqələrdən, siyasi partiyalardan olanlar bilərəkdən və ya bilmədən bu ümumi intriqanın iştirakçısına çevrildilər. Siyasi səriştəsizlər, iddiaları ilə imkanları tərs mütənasüb olanlar, özünü qabiliyyət zirvəsində təsəvvür edənlər, təbii ki, yaranmış ciddi seytnot vəziyyətində doğru həll yolunu tapa bilmədilər.
Daxili və xarici qüvvələrin intensiv müdaxilələri, səriştəsizlik, səhlənkarlıq və ardıcıl ciddi səhvlər nəticəsində 1993-cü ilin fevral ayında Azərbaycanda hərbi- siyasi vəziyyət böhran şəklini aldı. Bu böhran ermənilərə Dağlıq Qarabağın şimali-qərbi ilə Ermənistan adlandırılan ərazi arasında yerləşən, bizim üçün həyati dərəcədə strateji əhəmiyyət daşıyan Kəlbəcər rayonunu ələ keçirmələrinə fürsət yaratdı. Döyüşçülərimizin durumunu, mövqelərini və hərbi təchizatını havadan və qurudan dəqiq öyrənən erməni işğalçılar 7-ci ordunun hərbi dəstəyi və iştirakı ilə 27 mart 1993-cü ildə Vardenis tərəfdən güclü hücuma başladılar və nəticədə, döyüşçülərimiz 3 aprel 1993-cü ildə Kəlbəcəri tərk etmək məcburiyyətində qaldılar. Kəlbəcərin işğalı Elçibəy iqtidarına sarsıdıcı zərbə oldu.
Kəlbəcəri ələ keçirməklə ermənilər Qarabağda mühüm üstünlük qazandılar. İlk dəfə olaraq ermənilər hərbi əməliyyatları Dağlıq Qarabağ ərazisindən kənarda gerçəkləşdirmək fürsəti qazandılar. Bu fakt onların ərazi iştahasını və əhval-ruhiyyəsini daha da artırdı. Əbülfəz Elçibəy, ABŞ Prezidenti B. Klinton başda olmaqla, dünyanın nüfuzlu dövlət başçılarına yardım üçün dəfələrlə müraciət etsə də, onlar olub-bitənlərdən sadəcə təəssüfləndiklərini bildirməklə yetindilər. Güclü havadarlarına arxayın olan erməni işğalçıları 1993-cü ilin yay və payızında Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarını da ələ keçirdilər. Ermənilər BMT Təhlükəsizlik Şurasının nə 30 aprel 1993-cü il tarixli, nə də sonrakı 3 qətnaməsinə məhəl qoydular.
Ermənistanla rəsmi Moskvanın ənənəvi dostluq münasibəti və erməni diasporunun səyi ilə B. Yeltsinlə L.Ter-Petrosyan arasında yaranan səmimi əlaqə Dağlıq Qarabağ hərbi münaqişəsində qüvvələr nisbətini dəyişdi. Ter-Petrosyan özü etiraf edir ki, “Ermənistanın Rusiya silahı ilə təchiz edilməsinə dair Yeltsin şəxsən özü göstəriş vermişdi – Тер-Петросян утверждает, что президент Ельцин лично санкционировал поставки российских вооружений в Армению”. (Bax: Интервью с Тер-Петросяном. 24 мая 2000 г.)
Rusiya dumasının deputatı, general Lev Yakovleviç Roxlinin (1947- 1998) araşdırmalarına görə, 1990-cı illərin birinci yarısında ermənilərə 720 milyon dollar dəyərində hərbi texnika, silah-sursat verilmişdir. Yol xərcləri, ehtiyat hissə və yanacaq qiymətləri də hesablansa bu rəqəm 1 milyard dollar təşkil edər. (Bax: Лев Рохлин. “Спецоперация или коммерческая афера?” – “Независимое военное обозрение”, №13, 1997)
L.Roxlin bu açıqlamanı ictimailəşdirdikdən bir neçə ay sonra – 3 iyul 1998-ci ildə müəmmalı şəkildə qətlə yetirildi. Rəsmi məlumata görə, generalı ailə münaqişəsi zəmnində öz arvadı öldürmüşdür.
Diqqət edirsinizmi: super-gücün siyasi ssenaristinin istəyi ilə zaman-zaman sosial gündəmə müxtəlif məsələlər gətirilir; müxtəlif şayiələr yayılır, efir və klaviatura qəhrəmanları dərhal canfəşanlığa başlayırlar, “şok ifşaedici”materiallarla kimlərsə nüfuzdan salınır, kimlərsə qəhrəmanlaşdırılır, yeni “variantlar”, “platformalar”, “konsepsiyalar” irəli sürülür, kimlərisə asıb-kəsirlər və s…
Düşmən isə sakitcə öz işini görür, ələ keçirdiyi ərazilərdə böyük inzibati binalar, ictimai-iaşə obyektləri, otellər tikir, yollar salır, o yerləri məskunlaşdırır. İrəvanı bizdən alan qüvvənin qurduğu tələyə düşən Azərbaycan vətəndaşları isə hələ də öz aralarında günahkar və xain axtarışındadırlar. İstər-istəməz, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin tanış və hələ də öz güncəlliyini qoruyan məşhur misraları yada düşür:
Ədu qırır qapıyı, biz evdə bixəbəriz,
Nə başqa- başqalarız, nə ittihad edəriz…
İrəvan qalasının görünüşü. 1796-cı il.
İrəvan qalası. 1900-cü il
İrəvan şəhər meydanı XX əsrin əvvəllərində
İrəvan, “London” oteli. 1899-cu il.
Ramazan SİRACOĞLU, professor