Bakıda polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs haqqında cinayət işi açılıb
Paytaxtın Xətai rayonunda xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Bu barədə məlumat verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirilərək polis bölməsinə gətirilib.
E.Dadaşovun üzərindən bir ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.