Baş Siyasi İdarənin “N” saylı məzarı – 3-cü yazı

Əvvəli burada

Davamı

Müşfiqin ölümü və məzarı ilə bağlı yeni versiya 

1938-ci ilin yanvarın 5-də ­ ölüm hökmü icra olunur… 
Bundan sonra serjant Əli Əlistan 1109 saylı məhkumun meyitini palaza bükülmüş halda təcili kameradan çıxararaq aparır. Kapitan Sinman istintaq idarəsinə verdiyi ifadədə göstərir ki, 1109 saylı məhkumun meyidinin tələm-tələsik aparılmasını MK-da bilirdilər. İstintaq idarəsinin rəisi Ağasəlim Atakişiyev verdiyi ifadələrin birində qeyd edib ki, Bağırov şairin ölümündən xəbərsiz idi… Hadisəni biləndən sonra Əli Əlistana şairi dəfn etməyi tapşırır. Əli Əlistan 1109 saylı məhkumun – Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin meyitini Bayıl qəbiristanlığına aparır. Orada adsız qəbirlərin birində dəfn edir. 
Bu yazının müəlliflərindən biri Rövşən Novruzoğlu Əli Mərdan oğlu Əlistanla 1994-cü il may ayının 27-də Prezident yanında Xüsusi İdarədə görüşüb. Görüş idarənin rəisi, sonralar xaincəsinə qətlə yetirilmiş polkovnik Şəmsi Rəhimovun otağında olur. Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, fəxri çekist mərhum Kamal Əlisəttar oğlu Əliyev də görüşdə iştirak edib. Söhbətdən sonra mayın 27-də saat 17:30-da Əli Mərdan oğlu Əlistan Rövşən Novruzoğlunu və polkovnik Kamal Əliyevi Bayıl qəbiristanlığına aparıb üzərində kiçik başdaşı olan bir qəbri göstərib hönkürür. Sonra da, başdaşının üstündə yazılmış Əli sözünü nişan verir. “Bu sözü mən yazmışam. Qəbir itməsin deyə, onun da üstündə Allah sözü yazdım” deyir. 
Əli Əlistan onu əlavə edir ki, şairin məzarı ətrafında Azərbaycanın onlarca tanınmış, sevilən insanlarının məzarları var Onların hamısı Sumbatovun, Qriqoryan Xoren İvanoviçin, Markaryan Ruben Ambarsumoviçin, Borşşevlərin, Yemelyanovların hökmü ilə öldürülüb. Ayrılarkən Əli kişi dağılmış, batmış, adsız, ünvansız məzarlardan birini nişan verib deyir: “Qurani-Kərimi Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş 83 yaşlı Seyid Mirəli Məhəmmədini də sürüyə-sürüyə bu qəbirə atdılar. Onun Nargin adasında öldürüldüyü deyilirdi, amma yalandır. Onu başına döyə-döyə öldürdülər. Ölüm hökmü isə ertəsi gün çıxdı”. 
Redaksiyadan: Noyabrın 3-də ­Bayıl qəbiristanlığına gedib mərhum Əli Əlistanın Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəyə aid olduğunu söylədiyi qəbri ziyarət edib, ruhuna dualar oxuduq. Allahdan ona rəhmət dilədik. Bu qəbrin böyük şairimiz Mikayıl Müşfiqə aid olub-olmadığı yalnız DNT analizi nəticəsində müəyyənləşdirilə bilər. Hələlik isə bu, irəli sürülən versiyalardan biridir.
Müşfiqin əleyhinə donos yazanların, ifadə verənlərin bir qismi özünü repressiya təhlükəsindən xilas etməyə çalışırdı, digərləri mənzil almaq, ad-san qazanmaq, vəzifə tutmaq naminə alçalmışdılar. Başqa bir qrup isə ağır işgəncələrə dözməyib istintaq orqanlarının istədiyi kimi ifadə vermişdilər. Təəssüf doğuran haldır ki, Müşfiqi qorumağa, müdafiə etməyə borclu olan qələm əhlinin bir qismi də ona balta çalanların, repressiya maşınının ağzına atanların sırasında yer alıblar, qurultayda, plenumlarda onu tənqid və təhqir ediblər. Heç bir halda və heç bir səbəblə donosçulara, verdikləri ifadələrlə kiminsə ölümünə bais olanlara haqq qazandırmaq olmaz!
Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edənlərdən Henrix Yaqoda 1938-ci ilin iyununda, Nikolay İvanoviç Yejov isə 1940-cı ilin fevralında güllələnməyə məhkum olundular.
1956-cı ilin fevralında Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında Nikita Xruşşov “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” məruzə ilə çıxış etdi. Qurultay SSRİ-nin ictimai-siyasi həyatının liberallaşmasında mühüm rol oynadı. Repressiyaya məruz qalanların işinə yenidən baxıldı. 
1956-cı il may ayının 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəyə də bəraət verildi. Ölümündən 18 il sonra. 
Bəraət hökmü ilə bağlı Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin rəisinə 9d-471-56 nömrəli məxfi məktub göndərilib. Məktubda deyilir: “SSRİ Daxili İşlər Nazirliyinin birinci xüsusi şöbəsi, SSRİ Nazirlər Soveti yanında DTK-nın qeydiyyat-arxiv şöbəsi, 23 may 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının İsmayılzadə Müşfiq Qədir oğlunun işi haqqında göndərişini icra olunmaq üçün sizə göndərirəm. İsmayılzadənin yaxın qohumlarını tapıb, göndərişin mətnini tam elan etmədən onlara ancaq işin baxılması və tarixi haqqında məlumat verilsin. Hərbi Kollegiya və Baş Prokurorluğa da məlumat verilsin. DTK-nın Azərbaycan İdarəsinin rəisindən xahiş edirəm ki, İsmayılzadənin qanuni varislərinə müsadirə olunmuş əmlakı və ya onun dəyəri qaytarılsın. İcra barədə Hərbi Kollegiyaya məlumat verilsin”. 
Müşfiqin qanuni varisi kiçik bacısı Balacaxanım İsmayılzadə dövlət tərəfindən ayrılan vəsaiti almaqdan imtina edir. Evdə qalan şeylərin Müşfiqə aid olduğunu bildirərək dövlətə keçməsinə razılıq verir. 
Təəssüf ki, bəraət hökmündən sonra Mikayıl Müşfiqin dəfn olunduğu yerlə maraqlanan olmadı. O vaxt onu güllələyənlərin də, istintaq aparanların da, şahidlərin də çoxu hələ həyatda idilər, istənilən məlumatları dəqiqləşdirmək, həqiqətləri aşkara çıxarmaq mümkün idi. O halda biz indi – Müşfiqin ölümündən 80 il keçəndən sonra cavabsız suallarla üzbəüz qalmazdıq. Bununla bağlı Müşfiqin qohum-əqrabasını günahlandırmaq insafsızlıq olar. Çünki bacısı Böyükxanım Müşfiq tutulandan sonra onu həbs etməyə gələn NKVD işçilərinə paltarını dəyişmək istədiyini deyib mətbəxə keçərək üstünə neft töküb özünü yandırmışdı. Kiçik bacısı Balacaxanım “ifşa edilmiş xalq düşməninin bacısı” kimi həbs olunaraq Arxangelskə sürgün edilib. 
Müşfiqin böyük qardaşı isə 1938-ci ildən sonra Astara rayonunun Pensər kəndində (bəzi məlumatlara görə Masallıda) yaşayıb, lakin şairin qardaşı olduğunu kimsəyə bildirməyib. 1937-ci il noyabrın 1-də NKVD inspektoru Kolqinanın təqdimatı əsasında Borşşev Dilbər Axundzadənin həbsinə dair order imzalayıb. Həbs olunaraq iki ay işgəncələrə məruz qaldıqdan sonra Dilbər Axundzadənin əsəbləri pozulur, 1938-ci ilin fevralında əsəb xəstəlikləri xəstəxanasına göndərilir. 1939-cu il martın 7-də Respublika Prokurorluğunun xüsusi işlər şöbəsinin təqdimatından sonra martın 10-da NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən Dilbər Axundzadə həbsdən azad olunmuşdur.

Ardı var…

Rövşən Novruzoğlu:
“Beynəlxalq Terrora və Korrupsiyaya

Qarşı Mübarizə” Strateji Araşdırmalar
Mərkəzinin direktoru.

Hamısını Göstər

Related Articles

Back to top button