“Kəbleyi”nin İrandan göndərdiyi heroin Corat bağlarından tapıldı
Qaçaqmalçılqıda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Sumqayıt şəhəri, Corat qəsəbə sakini 35 yaşlı Mahir Ağayevin cinayət işi üzrə istintaq yekunlaşıb.
Mahir Ağayev İran İslam Respublikasının vətəndaşı “Kəbleyi” adlı şəxslə əlbir olaraq sərhəddən gizli yolla keçirilən külli miqdarda heroinin və metamfetominin satışını təşkli etməkdə, narkotik vasitənin bir qismini kirayə yaşadığı mənzildə, bir qismini isə Corat bağlarında gizlətməkdə təqsirləndirilib.
İttihama görə, əvvəllər dələduzluqda, oğurluqda və narkotik vasitələrin dövriyyəsinə görə məhkumluq həyatı yaşayan M.Ağayev 2018-ci ildə azadlığa çıxıb. Həbsdən buraxıldıqdan bir müddət sonra şəxsi işləri ilə bağlı İrana yollanan M.Ağayev orada şəxsiyyəti istintaqa məlum olmayan “Kəbleyi” adlı şəxslə tanış olub. Bu tanışlıq onun yenidən dəmir barmaqlıqlar arxasına düşməsinə səbəb olub.
Təqsirləndirilən Mahir Ağayev ilkin ifadəsində cinayəti etiraf etsə də, istintaq zamanı ifadə verməkdən imtina edib. İfadəsində həbsindən bir-iki ay öncə heroin qəbul etdiyini, narkotiki tanımadı şəxslərdən aldığını göstərib. “Kəbleyi” ilə İranın Rəşt şəhərində tanış olduğunu, aralarında dostluq münasibət yarandığını, Azərbaycana qayıtdıqdan sonra da telefonla əlaqə saxladıqlarını deyib: “Həbsdə yatdığımı, narkotik qəbul etdiyimi, maddi vəziyyətimin ağır olduğunu, heç yerdə işləmədiyimi bilirdi. Telefonda danışanda dedi ki, “şüşə”,”kakos” göndərim, müştəri tap sat, dolan. Əvvəlcə razılaşmadım, amma sonra fikrimi dəyişdim”.
“Kəbleyi”nin təklifi ilə razılaşan M.Ağayevə İrandan heroin və metamfetamin göndərib. M.Ağayev də malı satdıqdan sonra pulu göndərəcəyinə söz verib: “Yanvarın 27-si idi. Zəng vurub dedi ki, malı bir nəfər sərhəddən keçirib Sumqayıtdakı 14 saylı məktəbin stadionunda ağacın dibinə gizlədib, get oradan götür. Həmin yerə gəldim, malı götürdüm. Balaca bükümdəki heroini özüm istifadə etmək üçün cibimə qoydum. Qalanları evə gətirib yataq otağındakı dolabda gizlətdim. Malı satıb “Kəbleyi”yə 4500 manat göndərəcəkdim”.
M.Ağayev “Kəbleyi” ilə əlaqə saxlayıb, malı artıq götürdüyünü, yaxın günlərdə müştəri tapıb satacağını deyib. Cəmi bir gün sonra polis əməkdaşları tərəfindən evinin qarşısında saxlanılan M.Ağayev narkotik vasitələri satmağa macal tapmayıb. Polis əməkdaşları M.Ağayevin üzərinə və yaşadığı mənzilə baxış keçiriblər. Mənzildən beş büküm “kakos”, “şüşə” və elektron tərəzi tapılıb.
Əməliyyat-istintaq tədbirləri zamanı M.Ağayevin qeydiyyatda olduğu Corat qəsəbəsindəki mənzilinin zirzəmisindən də 300 qram metamfetamin aşkarlanaraq götürülüb.