Baş Siyasi İdarənin “N” saylı məzarı – 4-cü yazı
…Davamı
1109….saylı məhkum
Keçmiş ittifaqın Baş Kəşfiyyat İdarəsinin 6-cı idarəsi kimi tanınan və dövlətin elm, təhsil, maarif, ədəbiyyat və incəsənət, səhiyyə… sisteminə nəzarət edən Baş Siyasi İdarəyə 1937-ci ildə Azərbaycandan 69 min məktub göndərilib. Ölüm saçan bu məktubların hər birində insane taleyinə balta çalan, onu iflic edən bu məktubların təqribən 85%-I yenidən Azərbaycana qayıdırdı.
Respublikanın tanınmış ziyalılarının, sənət adamlarının taleyinə balta çalan böhtan, şər və yalan dolu bu məktubların hər birini ağlar bir daş kimi qaldırmaq lazım idi, saf-çürük etmək tələb olunurdu. Amma heç kəs heç kəsin məktubunu oxumaq istəmirdi, əksinə yalanı və böhtanı dinləmək, ona istənilən bəzəyi vurmaq daha asan və maraqlı idi. Yalan və böhtan qanunların keşikçisi olmuşdular.
Araşdırma materiallarına görə 1937-ci ilin avqust ayında 248 məktub dövrün və zamanın ən gözəl şairlərindən olan Mikayıl Müşviq haqqında idi. Məktub müəllifləri utanmadan, çəkinmədən yazır, qışqırırdılar: ”…Tutun onu! Dövlətimizi parçaladı… Satqındı”. Amma araşdıran yox idi ki, nə baş verib? Şair dövlətin əleyhinə hansı addımı atıb? İnsan sarsılmışdı. Ləyaqətsizlik, şərəfsizlik, biganəlik və unutqanlıq, yaltaqlığ… hər şeyi əvəz edirdi. Xarici kəşfiyyat millətin potensial imkanlarını, intellectual səviyyəsini dağıdıb, viran qoymaq üçün, onu genetic cəhətdən iflic edib, kimlərdənsə asılı vəziyyətə salmaq üçün onu məhv edib, nəslini və yaxud kökünü birdəfəlik kəsirdi. Elə bir mexanizm qurulmuşdu ki, onu kökündən çıxarmaq qeyri-mümkün idi.
Baş Siyasi İdarənin “Moskva Bürosu”na göndərilən foto-şəkillər də çoxluq təşkil edirdi. Arada belə məktublara da rast gəlmək olurdu: Yalandan, böhtan və şərdən ətrafına çəpər hörülmüş şair Mikayıl Müşfiqin kömək üçün, yardım və imdad üçün açılan əlləri, irəli uzadılmış qolları havada qaldı. Tələm-tələsik əyin-başına əl gəzdirib, əyninə dustaq paltarı geydirdilər. Boynuna üstü şifrələnmiş halqa saldılar. Daha onu adı ilə yox, boynuna keçirdikləri, sinəsindən asdıqları nömrəsilə çağırırdılar: Məhbus 1109…
Amma ürək soyumurdu. Bakıda kimlər idisə şairin sonu ilə əlləşirdi, yaşıl budağı kökündən qoparmağa cəhd edirdi. Üstündə 1109 nişanı olan dustaq şəklindəki intizar dolu baxışlar, nigançılıq… Azərbaycana bəs idi.
Mikayıl Mirzə Əbdülqadir oğlu İmayılzadə 1937-ci ilin iyun ayının 4-də həbs olundu. Dövlət Təhlükəsizlik Komitəsinin istintaq zabiti İ.S.Çinman S.F.Yemelyanova müraciət edir ki, milliyyətcə azərbaycanlı olan Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə ilə bağlı ilk istintaq pritokolunu o yazsın. Həmin vaxt sənədlərdə S.F.Yemelyanovun adı o qədər də hallanmırdı. Çünki o, bilavasitə xarici kəşfiyyat məsələlərilə məşğul olurdu. İstintaqda ona müraciət olunduqda, dustaqın qatı cinayətkar olduğu, xarici hərbi kəşfiyyata işlədiyi bildirilirdi. Şairə artıq növbəti damğa vurulurdu. Artıq bu müraciətdən sonra S.F.Yemelyanov Moskvaya Baş Kəşfiyyat İdarəsinin (Bu idarə həm də sənədlərdə “Baş Siyasi İdarə” kimi də gedirdi) başçısı general N.İ.Yejova xüsusi teleqram gondərir və göstərir ki, Azərbaycanda həbs olunmuş, vətənin potensial hərbi qüdrətini, kəşfiyyat sirlərini Türkiyə və İrana satan… cinayətkarı icazənizlə Moskvaya Baş Siyasi İdarəyə göndərək. (Verilən sual və teleqram cavabsız qalır).
Mikayıl Müşfiq 1937-ci ilin iyunun 3-də 508 nömrəli orderlə, cümə günü saat 24.00-da həbs olundu, yəni ayın 4-nə keçən gecə. Ertəsi gün Yemelyanov tabeçiliyində olan təhlükəsizlik zabiti Cinmanın arayışına nəzər salır və tapşırır: “Bacardıqca onun əleyhinə ifadələrin sayını artır. Ola bilər yoldaş Bağırova tanınmış adamlar zəng edər, xəbər verərlər. Onda mən səni onların sıralarına göndərəcəm…”
Arxiv sənədlərə görə təhlükəsizlik kapitanı İ.S.Çinmanın ozü isə 1955-ci ildə həbs olunur. 1956-cı ilin yanvar ayında o, ürək tutmasından ölür. Onu dəfn etmək üçün Krasnodara göndərirlər. Lakin və ailəsi mənzil başına çatmır. “Runa” kiçik gəmisi qəzaya uğrayır.(Hər halda qəribə mənzərədir).
İ.S.Çinman həbs olunarkən verdiyi ifadələrdə (Xüsusi qovluq 21. Vərəq 9-13) qeyd olunur ki, şair Mikayıl Müşfiqin əleyhinə Azərbaycan Yazıçılar İttifaqının 26 üzvü arayış verib. Onlar hamısı yalvarırmış ki, heç kəs bilməsin. Amma kişi kimi dayanan, məni və əməkdaşlarımızı evindən içəri buraxmayanlar da var idi. Onlardan tanınmış biri Bagırov yoldaşa zəng edərək etirazını bildirdi. Acıqlı və əsəbi halda dedi ki, onun əleyhinə ifadə vermək üçün növbəyə duranlar var, onları arayın… Yemelyanov dedi ki, həmin adamın yoldaş Bağırovla şəxsi dostluq əlaqəsi var. Həmin gün eşitdim ki, yoldaş Bağırov Ağasəlim Atakişiyevi, Timofey Boşevi, Qriqoryan Xoreni, Sumbatovu, Ruben Markaryanı, Stepan Yemelyanovu “Sehirli Qala”ya çağırır. Biz MK-yə Sehirli Qala deyirdik. Yoldaş Bağırov tələb edirdi ki, təhlükəsizlik idarələrində özbaşnalığa son qoyun… Kim gəldi həbs etməyin.
Xahiş edirəm, yoldaş hakim, mənim ifadələrim Baş Kəşfiyyat İdarəsində “mənim üçün ayrılmış “Xüsusi Qovluq”da saxlanılsın…”
Arxiv sənədlərilə tanış olduqca indiyədək məlum olmayan həqiqətlər üzə çıxır. Bir vaxt təqribən on il bundan öncə Bakıda nəşr olunan “Millətin səsi” və “Ulus” qəzetlərində az-çox materiallar vermişdik. Təhlükəsizlik zabiti Cinman bunu da qeyd edirdi ki, yoldaş Bağırov hətta istintaq idarəsinə iradını bildirir ki, şairin günahı yoxsa açın, buraxın… Amma Yemelyanov çalışırdı ki, hansı səbəbdənsə onu Moskvaya istintaqa göndərsin… Yoldaş Bağırovdan ehtiyat edirdi. Əslində Baş Siyasi İdarənin rəisi general Yejov da yoldaş Bağırovun hiddətlənməsindən qorxurdu. 1109 saylı məhbusla bağlı bütün hadisələr gözümün önündədir… Sorğunuza cavab verirəm. Etiraf edim ki, mən 1109 saylı məhbusa əl qaldırdım. Onu vurdum. Onun canı üzülmüşdü. Yeməkdən imtina etmişdi… Onun sinəsindən itələyəndə o, yıxıldı. Ağzı üstə dəydi. Dodaqlarından qan gəldi. Onu nə üçün vurdum?, heç özüm də bilmədim. Amma vurdum. İstintaqda iştirak edən köməkçim vardı ,azərbaycanlı idi… Və gördüm ki, o, ağlayır. Əyilib 1109 saylı məhbusu yerdən qaldırdı. Dəsmalını çıxarıb, məhbusun ağzının qanını sildi. Onda gördüm ki, 1109 saylı məhbusun gözləri dolub…
Ertəsi gün yenə eşitdim ki, yoldaş Bağırov 1109 saylı məhbusu xəbər alır. Fikri var idi ki, onu xilas etsin. Amma kimsə mane olurdu. Söhbət daha yuxarılarda gedirdi. Moskvadan kimsə təzyiq edirdi. Mən bundan sonra iki ay istintaqa getmədim, onu dindirmədim. Başqaları da şairlə görüşməkdən imtina edirdi. Çünki yoldaş Bağırovdan qorxurdular.
Moskvaya, Baş Siyasi İdarəyə, Dövlət Təhlükəsizlik Komitəsinə üst-üstə 48 istintaq və yaxud dindirmə, üzləşmə, şahid materialları göndərilmişdi. Materiallar isə qəbul olunmurdu.
Bütün materiallarda istintaq idarəsinin rəisi polkovnik Ruben Ambarsumoviç Markaryanın imzası qoyulmuşdu. Azərbaycan dilini çox təmiz və qüsursuz danışırdı. Respublika Dövlət Təhlükəsizliyi Komitəsində milliyyətcə erməni olan kadrlara Azərbaycan dilini öyrənmələri üçün xüsusi altı aylıq kurs təşkil etmişdi və zabitlər arasında bu kurslara “Markaryan kursları” deyirdilər.
Mikayıl Müşfiq 4-cü kamerada intihar edən gün Təhlükəsizlik Komitəsinin milliyyətcə erməni olan 36 zabiti respublikanın 31 rayon və şəhər şöbələrinə rəis təyin olundular:
- Polkovnik Arakelov D.N.- Astara dairəsinə,
- Mayor Comardyan S.M.-Astraxanbazara (indiki Cəlilabad).
- Mayor Zərgəryan L.M.-Zəngilan rayonuna,
- Kapitan Petrosyan Ş.A.-Samuxa,
- Avanesov M.A.-Masallıya,
- Movsesyan L.Ş. və Tovatov A.O.-Lənkərana,
- Akopyan A.A. və Ağacanyan A.L. Naxçıvana,
- Seyranyan İ.S, İşxanyan və Parseqyan-İmişliyə,
- Muradyan – Salyana təyin olunur və başqaları.
Araşdırmalar göstərir ki, “Güllələnmə kağızlar”I xüsusi vərəqələrdə hazır gəlirdi. Möhürlü, imzalı… təkcə ad familiya qalırdı. Bakıda lazım olan məhbusların adları həmin vərəqələrə əlavə olunurdu, vəssəlam…
Araşdırma materiallarına görə keçmiş Dövlət Təhlükəsizlik (İdarəsinin) Komitəsinin sıravi işçilərindən olan və 1930-cu ildən 1937-ci ilədək Dağıstanda və Rostovda işləyən Məhəmmədcan Əbubəkir oğlu Əbdülsamadov bir neçə nəfərlə təcili teleqramla Moskva Bürosunun sərəncamı ilə (yəni o vaxt məşhur 5-ci şöbənin xəttilə) Bakıdakı duruma kömək məqsədilə Azərbaycan DTK-nə ezam olunur.(?) Milliyyətcə avar olan M.Ə.Əbdülsamadov kiçik təlimat aldıqdan sonra (təlimatı kapitan M.Mustafayevdən alır) komitənin 28 saylı kamerasında saxlanılan ən qəddar və dövlətçilik üçün ən ciddi ideoloji təxribatlar etməkdə təqsirli bilinən şəxsin qorunması, davranışlarına nəzarət olunması ona tapşırılır. M.Ə.Əbdülsamadov kameralarda heç kəsi tanımır və məhbuslarla rəftarı da əvvəl-əvvəl çox qəddar idi. 1937-ci ilin mayın 28-də işə başlayan Əbdülsamadova 4-cü kameraya nəzarət etmək tapşırılır. Kamerada saxlanılan 3 nəfərlə bir-bir tanış olan Əbdülsamadov 1937-ci ilin iyunun 5-də saat 19.30-da Yemelyanova… xüsusi arayış yazır. Arayışda serjant Əbdülsamadov qeyd edir ki, 1109 saylı məhbusun bütün kamera davranışlarına nəzarət etdim. Azərbaycan dilini yaxşı bildiyimdən kamerada bütün danışıqlarını təhlil etdim. O, evi üçün, ailəsi üçün, dəniz və Bakı üçün darıxırdı. Onun kamera yoldaşı professor Məhərrəm Şüvəlanlı Qurbanzadənin həmin axşam ürək tutması oldu. Məhbus M.İsmayılzadə ona yardım etdi. O, həm də mahnı oxuyurdu. Əlbət ki, darıxmamaq üçün. Heç bir ruhu sarsıntısı yox idi. O, özünü çox səliqəli, ciddi və qüsursuz aparırdı…
Ardı var…
Rövşən Novruzoğlu:
“Beynəlxalq Terrora və Korrupsiyaya
Qarşı Mübarizə” Strateji Araşdırmalar
Mərkəzinin direktoru.