Oqtay Qasımov: “Türkiyənin bölgədə hərbi iştirakı legitimləşdi”
Yanvarın 30-da Ağdam şəhərində rus və türk hərbçilərindən ibarət Monitorinq Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Türkiyə və Rusiya Müdafiə nazirlərinin müavinlərinin iştirakı da göstərdi ki, tərəflər bu məsələyə ciddi yanaşırlar. Azərbaycan da öz növbəsində bu mərkəzin fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraiti yaradıb. Cəmiyyəti isə daha çox bu mərkəzin Azərbaycana hansı üstünlüklər gətirəcəyi, Azərbaycanın nəzarətindən kənarda qalan ərazilər üzərində suverenliyimizin bərpasına hansı şəkildə köməklik göstərəcəyi maraqlandırır.
“AzPolitika.info” bu aktual mövzu ətrafında analitik Oqtay Qasımovla söhbət edib:
– Oqtay bəy, nəhayət, Ağdamda Rusiya və Türkiyə hərbçilərinin birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Sizcə, bu mərkəzin fəaliyyəti bizə nə verəcək?
– Fikrimcə, mərkəzin fəaliyyətə başlaması əhəmiyyətli və sevindirici hadisədir. Könül istərdi ki, bu mərkəz 10 noyabr sazişindən qısa müddət sonra fəaliyyətə başlasın. Türkiyə hərbçilərinin burada, xüsusilə də cəbhə xəttində təmsilçiliyi bir sıra məqamlar baxımından əhəmiyyətə malikdir.
Birincisi, bu, Türkiyənin hüquqi baxımdan bölgədə hərbi mövcudluğu deməkdir. Yəni Türkiyənin bölgədə hərbi iştirakı legitimləşdi.
İkincisi, münaqişənin həlli prosesində Türkiyənin rolunun artması mənasını verir.
Üçüncüsü, Rusiya sülhməramlılarının narahatlıq yaradan fəaliyyətinin aradan qaldırılması baxımından müsbət hadisədir.
Bəli, biz çox arzu edirdik ki, Türkiyə prosesdə həm sülhməramlı qismində, həm də Monitorinq Mərkəzində paritet əsaslarla iştirak etsin. Amma bu baş verməsə də, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bütün yönləri ilə müsbət hadisədir. Bu, ən azından rus sülhməramlılarının fəaliyyətilə bağlı Azərbaycan cəmiyyətində olan narahatlıqları müəyyən qədər aradan qaldıra bilər.
– Əksər təhlilçilər və siyasətçilər bildirirlər ki, Monitorinq Mərkəzi rus sülhməramlılarının narahatlıq yaradan addımlarını önləyə bilər. Sual yaranır ki, buna hansı imkan və mexanizmlərlə nail olunacaq.
– Monitorinq Mərkəzinin əsas vəzifəsi təmas xəttində yerləşən sülhməramlıların fəaliyyətini və təmas xəttini müşahidə etməkdir. Bu funksiya ilə yanaşı onların sülhməramlıların fəaliyyətinə nəzarət və həm də müdaxilə etmək imkanları olacaq. Prosesi yerində izləyəcək və hansısa narahatedici məqamların ortadan qaldırılmasına cəhd edəcəklər. Ən azı bu baxımdan sülhməramlı missiyanın fəaliyyətinə xeyli dərəcədə nəzarət olunacaq. Hər halda bu, müsbət haldır.
Qənaətimcə, türk hərbçilər burada yerləşəndən bir müddət sonra bəzi məsələlərin üzərinə fəal şəkildə gedilə bilər. Bu, həm də 10 noyabr razılaşmasında nəzərdə tutulan erməni silahlılarının ərazidən çıxarılması bəndi ilə bağlıdır. Bildiyimiz kimi, orada, müharibə bitsə də, təxminən 25 minə qədər erməni ordusunun hərbi qulluqçusu qalmaqdadır. Bu ordunun münaqişə bölgəsindən çıxarılmasına dair hər hansı bir informasiya yoxdur. Son dövrlər həm Xankəndi, həm də İrəvandan verilən açıqlamalardan aydın olur ki, bu qüvvələr orada qalmaqdadır. Üstəlik, hansısa savaş və revanşla bağlı fikirlər eşidilir. Məncə, Monitorinq Mərkəzinin fəaliyyətə başlamasıyla türk hərbçilər bir xeyli məsələlərin həllinə yardımçı olacaqlar.
– Bəs, mərkəzdə birgə fəaliyyət zamanı türk və rus hərbçiləri arasında gərginlik, fərqli mövqelərin olması mümkündürmü?
– Açığını desək, mümkündür. Bu günə qədər görünən odur ki, Rusiya tərəfi Türkiyənin burada yerləşməsindən çox da məmnun deyil. Sadəcə, Rusiya bu reallıqlarla razılaşmaq məcburiyyətində qaldı. Üstəlik, Rusiya mümkün qədər türk hərbçilərinin regiona gəlişini uzatmağa çalışdı və buna qismən də nail ola bildi. 10 noyabr anlaşmasından sonra Rusiya və Türkiyə müdafiə nazirliklərinin nümayəndələri Ankarada müzakirələr apardı, sonra bu müzakirələr Moskvada davam etdirildi. Dekabrın 1-də isə yekun razılıq əldə edildi və razılaşma imzalandı. Müqavilənin imzalanmasından iki aya yaxın vaxt keçir. 10 noyabrdan hesablayanda isə, bunun üzərindən az qala üç ay keçib. Bu müddət ərzində Rusiya bölgədə yerləşdi, oraya razılaşmada nəzərdə tutulan saydan daha çox hərbçi gətirdi. O cümlədən razılaşmada nəzərdə tutulan hərbi texnika və xüsusi vasitələrdən daha çox hərbi texnika cəlb etdi. Burada Rusiyanın humanitar reaksiya mərkəzi yaradıldı, Rusiya Fövqəladə Hallar Nazirliyinin bölmələri açıldı və s. Rəsmi açıqlamalarına görə, artıq 52 mindən çox erməni də Ermənistandan Dağlıq Qarabağa gətirilib. Hələ biz bilmirik ki, bunların hamısı əvvəl Qarabağda yaşayan ermənilərdir, yoxsa içərilərində Ermənistanda yaşayan və ya xaricdən gələn muzdlular da var. Bizdə bu haqda məlumat yoxdur. Çünki Rusiyanın təkidi və maneçiliyi səbəbindən hələ də Laçında sərhəd-keçid məntəqəmizi qura bilməmişik. Yəni, Laçın dəhlizinə nəzarət etmirik. Odur ki, problemlər qalır.
Bəli, bu məsələlər asan və rəvan şəkildə həll edilməyəcək. Bütün hallarda fikir və mövqe ziddiyyətləri mümkündür. Lakin Rusiya və Türkiyə Suriyada ən mürəkkəb məsələləri müzakirə edərək ortaq rəyə gəlmək bacarıqlarını göstəriblər. O baxımdan tərəflərin burada həm maraqları, həm də fərqli baxışları olsa da, ümid edək ki, onlar konsensusa gələrək bu çətin məsələləri həll edə biləcəklər.
– Demək istəyirsiniz ki, Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını gecikdirməklə, əslində daha öncə bölgədə möhkəmlənməyə çalışıb?
– Mən belə görürəm. Rusiyanın bu məsələyə könüllü yanaşdığı fikrində deyiləm. Rusiya çox istəyirdi və qismən də buna nail oldu ki, sülhməramlı missiya olaraq, məhz rus hərbçiləri bölgəyə yerləşsin. Qarabağ bölgəsinə yerləşmək Moskvaya hava, su kimi lazım idi. Niyə?
Buna ən doğru cavabı bu gün Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi və Moskvaya yaxın fiqur olan Vazgen Manukyan verib. Manukyan qeyd edib ki, Ermənistanla Rusiyanın münasibətlərində ən həssas həlqə Qarabağdır. Açıq dedi ki, əgər Qarabağ yoxdursa, Rusiya da yoxdur, Rusiyanın bölgədə yerləşməsini ermənilər dəstəkləyir, ruslar Qarabağda yerləşməsəydi və Azərbaycan bu məsələni həll etsəydi, Cənubi Qafqazda ruslara ehtiyac qalmayacaqdı. Bu mənada Rusiya ciddi cəhd etdi ki, bölgədə yerləşsin. Həmçinin, Rusiya türk hərbçilərinin bölgəyə gəlişini mümkün qədər ləngitdi ki, orada özünün müəyyən strukturlarını yaratsın, münaqişə zonasını tamamilə öz təsiri altına alsın.
Sözsüz ki, türk hərbçilərinin qarşısında kifayət qədər ciddi məsələlər var və bu məsələlərin həllinə nail olmaq lazımdır. Ən azı, qeyd etdiyimiz kimi, aşağı-yuxarı 25 minlik Ermənistan ordusunu münaqişə bölgəsindən çıxarmaq lazımdır. Eləcə də Azərbaycanın nəzarəti altında olmayan ərazilərdə kommunikasiya xətlərindən istifadə məsələsi var. Bu günlərdə sosial şəbəkələrdə paylaşılan videoda açıq görünür ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcərə gedəcək avtomobil karvanımızın qarşısı kəsilir, rus sülhməramlıları tərəfindən bizim bayraqlarımızın endirilməsi tövsiyə olunur. Bunlar əslində, bizi qəzəbləndirən hallardır. Niyə Azərbaycan ərazisi olan bölgədə bizim insanımız və dövlətə məxsus avtomobillər hərəkət edə bilməsin? Guya bu, oradakı hansısa 3-5 erməninin tələbi və istəyi ilə yerinə yetirilir. Mən hesab edirəm ki, bunun da arxasında Rusiyanın maraqları durur və həmin ermənilər əslində ruslar tərəfindən yönləndirilir.
– O zaman Rusiyanın məqsədi nədir?
– Nümayiş etdirir ki, bu ərazilər hələ ki, mənim nəzarətimdədir, ermənilər guya bizim bayrağı görəndə narahat olurlar. Xatırlayırsınızsa, bundan əvvəl də video yayılmışdı, sülhməramlıların müşayiəti ilə hərəkət edən avtomobil karvanımız dayandırılmış və ermənilər rus generalına bildirmişdilər ki, guya bizim sürücülərin hansısa əl hərəkətləri, davranışları onların xoşuna gəlmir, telefonla onları çəkirlər və s. Bundan sonra telefonlar yığışdırıldı.
Məncə, Rusiya göstərmək istəyir ki, bu ərazilər mənim nəzarətim altındadır, burada qayda-qanunu mən yaradır və müəyyən edirəm. Açığı, bu, qəbuledilməz haldır. Mən istəmirəm əlavə fikirlər söyləyim. Düşünürəm ki, Azərbaycanın dövlət qurumları bu məsələlərlə əlaqədar Rusiya tərəfi ilə təmaslar qururlar. Bundan sonrakı dövrdə türk hərbçilərinin ərazidə olması isə bu məsələlərin daha uyğun formada həll edilməsinə imkan yaradacaq.
– Necə düşünürsünüz, bu cür hərəkətlər səbəbindən kommunikasiyaların açılması prosesi dayandırıla bilərmi?
– Düşünmürəm. Burada əslində, siyasi iradə ortaya qoyulmalıdır. İndiyə qədər müşahidələr deməyə əsas verir ki, Rusiya daha çox beynəlxalq səviyyəli kommunikasiya xətlərinin, yəni Mehri dəhlizinin açılmasında, Naxçıvan üzərindən İrana yüklərin daşınmasında, Rusiya yüklərinin Azərbaycan üzərindən Ermənistana aparılması kimi məsələlərdə maraqlıdır, nəinki daxili kommunikasiyaların işlək vəziyyətə gətirilməsində.
Əgər Rusiya gələcəkdə bu iki millətin birgə yaşayışında maraqlıdırsa, daxili kommunikasiyalar açılmalıdır. Yəni elə metodlar seçilməlidir ki, insanlar bir-birinə etimad göstərməyə başlasın.
Elə eyni məsələ Ağdamdan Şuşaya gedən yolun açılmasına da aiddir. Axı niyə bizim Şuşaya gedən hərbçilərimiz, yüklər, vətəndaşlarımız daha çətin və mürəkkəb relyefə malik ərazilərdən keçib getməlidirlər?
Bir sözlə, daxili kommunikasiyaların açılması iki millət arasında birgəyaşayışın təməlini gücləndirə bilər. Türkiyə prezidenti Ərdoğanın dediyi kimi, hamı arzulayır ki, hər iki tərəf heç bir təsir olmadan birgə yaşayışa nail olsun. Səmimi şəkildə Rusiya bunu istəyəcəksə, məncə onların 5 illik missiyası bitənə qədər nəticə əldə etmək olar. Yox, əgər Rusiya bunu arzulamayacaqsa və müxtəlif vasitələrlə burada qalmaq yolunu seçəcəksə, deməli problemin qalmasına və gərginliyin artmasına səbəb olacaqlar.
– Sizcə, Rusiyanın davranışı birgəyaşayış və qarşılıqlı etimad mühitinə xidmət edir, yoxsa bunun yaranmasının qarşısını almağa?…
– Açığı, bu günə qədər onların davranışı Azərbaycan cəmiyyətində heç də xoş qarşılanmayıb. Bu, özünü hansı hallarda göstərir? Əvvəla, Rusiya tərəfi 10 noyabr sazişi ilə münaqişə bölgəsinə qaçqınların BMT nəzarətində qaytarılmasına dair öhdəlik götürüb. Bu anlaşmaya imza atıb. Lakin bu günə qədər Ermənistandan Xankəndinə gətirilən 52 minə yaxın erməniyə qarşılıq bircə azərbaycanlı da bölgəyə qaytarılmayıb. Və həmin 52 min erməni yalnız rus hərbçilərinin nəzarəti altında gətirilib. Yəni BMT və onun Qaçqınlarla İş Üzrə Komissarlığı bu prosesdə iştirak etməyib. Azərbaycan cəmiyyətində də haqlı sual yaranır: nədən 52 min erməni Qarabağa qaytarıla bilir, amma Qarabağın dağlıq hissəsindəki yurdlarından qovulan insanlar geri qaytarılmır? Hansı ki, buna başlamağın uyğun və rahat yolları var.
Biz tələb etmirik ki, qaçqınlarımız Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı və ya Zəngilana qayıtsın. Bu, mümkün də deyil. Çünki bu rayonlar vəhşicəsinə dağıdılıb və əhalinin oraya qayıdıb yaşaması üçün hələ uyğun şərait yoxdur. Amma Dağlıq Qarabağın konkret azərbaycanlıların yaşadığı məntəqələri var. İnsanlarımızın ora qaytarılması məsələsi qoyulmalıdır. Öncə Xankəndi şəhərinə. 1989-cu ilin statistikasına görə, Xankəndidə 7 mindən çox azərbaycanlı yaşayıb. Hazırda onların sayı 12 minə yaxınlaşır. Aydındır ki, Xankəndi dağılmayıb və orada yaşamaq imkanları var. Üstəlik, bu insanların Xankəndidə evləri olub. Eləcə də Hadrutun Tuğ kəndində azərbaycanlılar yaşayıb. Qaradağlı, Malıbəyli, Quşçular, Daşaltı kəndlərində bizim soydaşlarımız yaşayıb. Xocalı məsələsi qoyulmalıdır. 1989-cu ilin siyahıya alınmasına görə, Ağdərə şəhərinin əhalisinin 34 faizi azərbaycanlılardan ibarət olub. Üstəlik, orada azərbaycanlıların yaşadığı 10-dan çox böyük kənd olub. Ən mühümü, 10 noyabr anlaşmasında Laçın şəhərilə bağlı qeyd edilir ki, şəhərin içindən yol keçdiyinə görə, bura 3 il müddətində rus sülhməramlıların nəzarəti altında qalır, yeni yol çəkildikdən sonra şəhərə nəzarət Azərbaycana keçir. Bunu anladıq. Amma bu o demək deyil ki, şəhər rus sülhməramlıların nəzarətində olduğu üçün ora azərbaycanlılar qaytarıla bilməz. Əksinə, Laçın şəhəri bu saat işğaldan azad edilən ərazilərin içərisində yaşamağa ən uyğun yerdir. Ən azı şəhərin əhəmiyyətli hissəsi yaşamaq üçün yararlıdıır, orada vaxtilə yaşamış azərbaycanlı qaçqınların bir neçə mini qaytarıla bilər. Rus sülhməramlıları Xankəndidə və digər yerlərdə yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyi kimi, eyni təminatı burada da verməlidir. Yox, əgər bu onlar üçün çətinlik yaradırsa, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qüvvələri onlara asayişi təmin etmək üçün kömək edə bilər. Hesab edirəm ki, bu məsələlər gündəmə gəlməli və həllini tapmalıdır.
Sülhməramlı missiyanın əsas vəzifəsi odur ki, qarşı tərəflərin arasında dayanır və insidentlərin qarşısını alır, atəşkəsi təmin edir. Amma bizim dövlət başçısı da müşavirə zamanı qeyd etdi ki, Rusiya sülhməramlılarının fəaliyyəti daşıdıqları missiyadan kənara çıxır. Açığını, bir az da sərt desək, bu, işğal ordusunun göstərdiyi fəaliyyətdir. Sülhməramlı missiyanın fəaliyyəti mülki və siyasi işlərə qarışmaq deyil. Orada hansısa təmir, tikinti, infrastruktur layihələrini həyata keçirmək sülhməramlı missiya ilə ziddiyyət təşkil edir. Bəli, Azərbaycan tərəfi rəsmi şəkildə bildirdi ki, başa düşürük, orada müəyyən problemlər var, qış mövsümü ilə bağlı şətləri nəzərə alaraq bunlara göz yumuruq. Amma bu, sonsuza qədər davam edə bilməz. Düşünürəm ki, türk hərbçilərinin fəaliyyətə başlaması bu kimi məsələlərin həllinə daha çox fayda gətirəcək.