AB ilə Rusiya arasında gərginlik pik həddə: Sanksiya qərarı… – Soyuq müharibə

Avropa Birliyi (AB) ilə Rusiya arasında “Soyuq müharibə”dən sonra ən pis mərhələ yaşanır. Rusiya müxalifətinin nümayəndəsi Aleksey Navalnının həbsə atılmasından sonra AB Rusiyaya qarşı sanksiyalara hazırlanır. Bu hazırlığın getdiyi dönəmdə Rusiya Xarici işlər naziri Sergey Lavrov “AB ilə münasibətləri dayandırmağa hazırıq”, -deyə bəyanat verib.

Avropa ilə Rusiya arasında münasibətlərin belə gərgin mərhələsi yalnız “Soyuq nüharibə” dövründə mövcud olmuş əlaqələrlə müqayisə oluna bilər.

Navalnının Rusiyaya qayıtdıqdan sonra həbs edilməsi Avropada böyük narahatlıq yaradıb. Hazırda AB daxilində Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə dair səslər getdikcə güclənir.

AB-nin Rusiyaya qarşı sanksiyalara hazırlaşdığına dair açıqlama verilib. AB-nin bu addımına birlik daxilində ən güclü ölkələrdən Almaniya və Fransa dəstək verir. Ehtimal edilir ki, Rusiya lideri Putinin yaxın ətrafının Avropaya girişi qadağan ediləcək, daşınmaz əmlakları isə sanksiya altına salınacaq. Qərb diplomatlarına görə, AB-nin sanksiya qərarı daha çox Putin Rusiyasının siyasi, məhkəmə və təhlükəsizlik sahəsində xidmət göstərən məmurlarını və biznes sahəsində olan dostlarını hədəfə alacaq.

Diplomatik qaynaqların məlumatına görə, Rusiyanın Almaniyaya mavi yanacaq verməsinə imkan yaradacaq “Şimal Axını-2” boru xətti layihəsi səbəbindən Moskvaya sanksiyaların tətbiq edilməsi məsələsində indiyə qədər təmkinli davranan rəsmi Berlin Parislə birlikdə yanaşmasını dəyişib. AB daxilində Polşa, Rumıniya və Çexiya Rusiyaya qarşı sərt sanksiyalar tələb edən ölkələr siyahısındadır.

AB-nin bu fikirlərinə qarşılıq olaraq Moskvadan verilən reaksiya gərginliyin daha da artmasına səbəb olub.

Rusiya Xarici işlər naziri Sergey Lavrov iqtisadiyyatın həssas hissələrini riskə atacaq sanksiyaların tətbiqi halında Avropa ilə əlaqələrin dayandırılmasına hazır olacaqları mesajını verib.

Lavrov “AB ilə münasibətlər qopma nöqtəsinə gəlir” sualına cavabında deyib ki, hərbi sahədə özümüz özümüzü yetərli nöqtəyə gətirmişik: “Risk yaradacaq sanksiyalara qarşı iqtisadiyyatımızı da eyni səviyyəyə gətirməliyik. Özümüzü dünyadan izolyasiya etmək istəmirik, amma buna hazır olmalıyıq. Sülh istəyirsənsə, müharibəyə hazır olmaq lazımdır”.

Sergey Lavrov Qərbin Rusiyaya qarşı ədalətli siyasət yürütmədiyini və əsil məsələnin Navalnı olmadığını da deyib.

Qeyd edək ki, Lavrov “AB ilə əlaqələri pozmağa hazır olmalıyıq” bəyanatını AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozef Borellin açıqlamasından sonra verib. Bu ay Moskvada səfərdə olan Borell bir neçə gün əvvəl Brüsselin Rusiyaya qarşı yeni sanksiyalar haqqında düşünəcəyini, bu məsələnin mart ayında AB liderlərinin görüşündə müzakirə olunacağını demişdi.

Borell Moskva səfərini qiymətləndirərkən deyib ki, “narahatlıq yaradan” AB-Rusiya münasibətlərini müzakirə edib, bu əlaqələrin müxalifət lideri Aleksey Navalnın həbsi və ona dəstək verənlərin saxlanılmasndan sonra daha da pisləşəcəyi gözlənilən idi.

Borell Rusiyanın AB ilə mümkün dialoq fürsətini qiymətləndirmək istəmədiyini və onların bundan nəticə çıxarmaq məcburiyyətində qalacaqlarını qeyd etmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button