ABŞ Bakının layihəsinə dəstəyi artırır – Şərh
İstər TANAP, istərsə də TAP layihələri hər zaman həm Avropadan, həm də ABŞ-dan iqtisadi, siyasi dəstək görüb. Xüsusilə də layihələrin icrası üçün alınan kreditlər və layihələrə çıxış imkanı baxımından biz bu dəstəyi müşahidə edirik.
Bu sözləri axar.az-a iqtisadçı Natiq Cəfərli ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payetin Avropanın rus qazından asılılığını azaltmaq üçün Vaşinqtonun TAP-ı dəstəkləyəcəyi barədə açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın Cənub Qaz Dəhlizinə göstərdiyi maraq gələcəkdə başqa ölkələrin də bu layihəyə qoşulmasına səbəb ola bilər:
“Rəsmi Bakı bu istiqamətdə son zamanlar əsaslı addımlar atmaqdadır. Xüsusilə də Türkmənistanla mübahisəli “Dostluq” yatağı üzrə əldə edilən razılaşmanı bu sahədə atılmış uğurlu adımlardan saymaq olar. Gələcəkdə dəstək daha da arta bilər. Çünki Cənub Qaz Dəhlizinin hazırkı nəqletmə gücü 32 mln. kubmetrdir. Hətta nasos stansiyalarının sayını artırmaq yolu ilə layihənin nəqletmə potensialını 35 mln. kubmetrə qədər artırmaq mümkündür. Lakin Azərbaycanın Avropaya satacağı qaz həddi məhduddur.
İndiki halda rəsmi Bakı Cənub Qaz Dəhlizi ilə 10 milyard kubmetr qaz nəql edə bilir. Lakin digər ölkələrin də mövcud ehtiyatları cəlb edilsə, bu zaman həmin miqdar 25 milyard kubmetrə qalxa bilər”.
N.Cəfərlinin sözlərinə görə, ABŞ-la İran arasında mövcud problemlər həll edilsə, gələcəkdə rəsmi Tehran da öz mavi qazını Cənub Qaz Dəhlizi ilə Avropaya nəql edə bilər:
“Hazırda bu istiqamətdə Vaşinqtonla İran arasında danışıqlar gedir. Hətta danışıqların müsbət olduğu da müşahidə edilir. Tərəflər ortaq məxrəcə gəlsə, gələcəkdə İran da Azərbaycanın beynəlxalq boru kəmərləri ilə öz mavi qazını Avropaya nəql edə bilər. İranın layihəyə qoşulması isə istər-istəməz Cənub Qaz Dəhlizinin önəmini artıracaq”.