Bakı tək bu səbəbə görə Paşinyanın hakimiyyətdə qalmasını istəyir – Şərh

Mətbuatımız yazır ki, “Ermənistan yenə çalxalanır”. Mən isə belə düşünürəm ki, çalxalanmır, sadəcə yırğalanır. Çünki yırğalanmaq hərəkətdə olmaq imitasiyası yaradır. Yəni erməni millətçiləri və hakimiyyət hərisləri Nikol Paşinyanı devirmək istəyirlər. Amma gücləri çatmır. Lakin hakimiyyətin hökmünü və kreslonun dadını görən bir sıra erməni millətçiləri hələ də “bəlkə də qaytardılar” eşqi ilə yaşayırlar. Ona görə də hakimiyyət üçün bütün şərəfsiz variantlara əl atırlar. Gah Nikolu Azərbaycanın “sukası” adlandırırlar. Gah Paşinyanı erməni millətinin qatili çağırırlar. Gah da ki, onu Putinin “arxa cibi” sayırlar. Arada qızışıb Paşinyanın arvadının da adını bir çox çirkin məsələlərdə hallandırırlar. Amma dəxli yoxdur. Nikola kreslosunda çox rahat oturub və özünü arxayın aparır. Necə deyərlər: “Bilet cibindədir, qatar heç yana gedə bilməz”.

Son 10 gün sosial şəbəkələrin erməni seqmenti yalnız 20 fevral mitinqi ilə nəfəs alırdı. Yerindən duran əhalini fevralın 20-də günü  saat 15:30-da İrəvanın Azadlıq meydanına çağırırdı.  Doğrudur, KONKRET.az olaraq bir həftə əvvəl yazmışdıq ki, bu mitinq istənilən effekti verməyəcək. Çünki sadə ermənilər siyasi oyunlardan bezib. Ona görə də müxalifətin çağırışı nəticəsiz qalacaq. Çünki müxalifətin və mitinq çağırışlarının önündə gedən Levon Ter-Petrosyanı da, Robert Koçaryanı da, Serj Sarkisyanı da, Vazgen Manukyanı da, Seyran Ohanyanı da erməni xalqı çoxdan dişinə vurub. Və onlar bu gün Ermənistanı lax yumurta kimi iyləndirdiklərini xalq çox gözəl bilir. Ona görə də 2 milyonluq ermənidən heç 20 min adam fevralın 20-də küçələrə çıxmadı. Və dediyim kimi, erməni müxalifətinin son arzusu da ürəklərdə qaldı.

Maraqlıdır ki, müxalifət özü də xalqın mitinqlərə gəlməməsinin səbəbini çox gözəl bilir. Təsadüfi deyil ki, 20 fevralda Azadlıq meydanındakı çıxışında 16 müxalif partiyanın Baş nazir postuna vahid namizədi Vazgen Manukyan açıq və acizanə şəkildə xalqa yalvardı ki, “Mitinqə gəlin. Mübarizəmizi uğurla sonlandıraq. Sizə söz verirəm ki, yeni hökumətdə heç bir sabiq olmayacaq”. Yəni qoca Vazgen son ümid kimi onu dəstəkləyən sabiq prezidentləri və nazirləri də “baqaj”a qoydu. Amma yenə xeyri olmadı.

Çünki xalq 33 illik lazımsız və lüzumsuz mübarizədən və müharibədən bezib. Xalq bir qarın çörək istəyir. Sadə və ac-yalavac xalqa isə “26 Bakı Komissarı” filmindəki məşhur epizodda olduğu kimi heç kim çörək vəd eləmir. Hamı Qarabağdan, Böyük Ermənistandan, “dənizdən-dənizə” qurulucaq dövlətdən danışır. Bu cür danışıqlarınsa 44 günlük müharibədən sonra boş vədlər və nağıl olduğunu nəinki sadə ermənilər, eləcə də bütün erməni havadarları gördü, şahid oldu.

20 fevral mitinqində müxalifətin radikal qanadı “Daşnaksütyun” Partiyasının funksioneri İşxan Saqatelyan son ümid kimi xalqı qiyama çağırdı. Mitinqə gələn azsaylı etirazçıları dəstələrə bölərək şəhərdə nəqliyyatın hərəkətini pozmağa və hökumət strukturlarına basqına səslədi. Lakin bu variant da istənilən effekti vermədi. Və nəhayət, erməni müxalifəti xalqı fevralın 22-də saat 18:00-da vətəndaş itaətsizliyinə çağırdı. Və bu yazını hazırlayarkən sonuncu dəfə aparıcı erməni mətbuatını bir daha gözdən keçirdim. Lakin heç bir qeyri-adi hadisə barədə məlumata rast gəlmədim. Vətəndaş itaətsizliyi ideyası erməni cəmiyyəti üçün təzə mövzu deyil. Bu ideyanın müəllifi Nikol Paşinyandır. O, 2018-ci ilin aprel-may aylarında bu variantdan çox məharətlə istifadə etdi və bir çağırışla 100 mindən artıq ermənini küçələrə tökdü. Amma indi dövran dəyişib. O zaman xalq Paşinyana inanmasa da, “Qarabağ klanı”ndan qurtulmaq istəyirdi. Çünki son 20 ildə “Qarabağ klanı” xalqın qanını sormuşdu. Ölkəni talan etmişdi. Ona görə də xalq Paşinyana sevgisindən yox, “Qarabağ klanı”na nifrətdən küçələrə tökülmüşdü. Bu günsə xalq “ilanın ağına da lənət, qarasına da”, – deyib daxmasına çəkilib. Və budur ən son məlumat. Ermənistan polisində “Vətənin qurtuluşu hərəkatı”nın lideri, müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyana qarşı cinayət işi açılıb.

Bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyan bildirib. Onun sözlərinə görə, cinayət işi Manukyanın müxalifətin 20 fevral tarixindəki mitinqdə verdiyi bəyanatlarla əlaqədardır. Abrahamyan Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə, ərazi bütövlüyünü pozma və ya Ermənistanın konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışları) maddəsi ilə iş açıldığını deyib.

Xatırladaq ki, fevralın 20-də İrəvanda keçirilən mitinqdə Manukyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.

Xatırladım ki, Ermənistanda Vazgeni çox zaman Azərbaycan KP MK-nın birinci katibi olmuş, “bambılı” ləqəbli Əbdürrəhman Vəzirova bənzədirlər. Və bu da son. 16 müxalif partiyanın Baş nazir postuna vahid namizədi Vazgen Manukyanın da tragikomedik sonluğu göründü.

75 yaşlı qoca barəsində cinayət işinin açılması əslində Paşinyanın bütövlükdə müxalifətə əzələ nümayişidir. Və yəqin ki, yaxın günlərdə növbəti müxalif nümayəndələri haqqında cinayət işi açılması xəbərini eşidəcəyik. Eyni zamanda, cinayət işi açıq qalmış sabiq prezidentlər barədə də müvafiq addımlar atılacaq. Bu da onu göstərir ki, Nikol Paşinyan rus ağasından “dobro” alıb. Və qəti addımlar atmaq niyyətindədir.

Bu isə onu bir daha sübut edir ki, Rusiyanın Cənubi Qafqaz siyasəti kökündən dəyişib. Yeni siyasətdə isə radikal millətçilərə yer yoxdur.

  • Qaregin Njde ideologiyası ilə “silahlanan” Koçaryanlar, Sarkisyanlar, Ohanyanlar, Manukyanlar artıq Rusiyaya lazım deyil. Bir zamanlar bu cür faşist əhval-ruhiyyəli varlıqlar Moskvaya lazım idi ki, Türkiyə və Azərbaycana qarşı müəyyən təzyiqlər göstərsin. Amma bu gün vəziyyət 180 dərəcə dəyişib. Yəni Türkiyə və Azərbaycan bu gün heç zaman olmadığı qədər Rusiyaya lazımdır. Necə deyərlər, indi Bakı və Ankara Moskvanın nicat qapısıdır. ABŞ və Avropanın ölümsaçan caynağından qurtulmaq üçün Rusiya Türkiyə və Azərbaycana sığınıb. Və bu gün bunu təkcə Kremldəkilər yox, Rusiyadakı bütün ağıllı adamlar görür və bilir. Bu gün Moskva Ermənistanı daha çox ehtiyat oyunçu sifətində görür. Ona görə də daha əvvəlki kimi Ermənistana “stavka” eləmir. Götürəndə heç buna ehtiyac da yoxdur. Ermənistan artıq Rusiyanın bir əyalətinə çevrilib.

Ermənistandakı hər ağacın da hesabatını Moskva İrəvandan soruşur. Ona görə də İrəvandakı status-kvo Kremli tamamilə qane edir. Daha doğrusu, Moskva bu gün İrəvanı istədiyi kimi idarə edir. Ona görə də Ermənistandakı siyasi hakimiyyətin dəyişdirilməsi Rusiyaya lazım deyil. İndiki halda Vladimir Putinə Nikol Paşinyanın hakimiyyətdə qalması sərf edir.

Birincisi, ona görə ki, Nikol Paşinyan daha realist və praqmatikdir.

İkincisi, Nikol Paşinyan Moskvanın istənilən təklifinə qeyd-şərtsiz boyun əyir. Bu da təsadüfi deyil. Hazırda Moskva Ermənistanın Baş nazirinin həyat qarantıdır. Putin Paşinyanın üzərindən əlini çəksə, erməni faşistləri nəinki Nikolun özünü, eləcə də ailəsini və yaxın çevrəsini dar ağacından asar.

Üçüncüsü, Paşinyan Qərbin adamıdır. Belə birisi ilə işləmək Moskva üçün də maraqlıdır. Çünki Paşinyan hakimiyyətdə qaldıqca, Qərbin və oradakı erməni diasporunun Ermənistana təzyiqləri daha az olacaq. Çünki Qərb hansısa rusiyapərəst siyasətçinin hakimiyyətə gəlməsini heç istəmir və Paşinyana “bəlkə də qaytardılar” ümidi ilə yanaşır.

Dördüncüsü, Paşinyan İkinci Qarabağ müharibəsində uduzsa da, ölkə iqtisadiyyatını daha dərin böhrana çəksə də, daxili auditoriyada müəyyən nüfuz sahibidir. Ən azı ona görə ki, Paşinyan ölkəsində söz azadlığı yarada bilib. İndi heç kəs hər hansı fikrini ifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmur. Bu da korrupsiyanın səviyyəsini aşağı salıb.

Ən başlıcası, elektorat Nikol Paşinyanın indiki vaxtda alternativini görmür. Bu gün Ermənistanda siyasi hakimiyyətə iddialı olanların hamısının keçmişi Paşinyanla müqayisədə daha qaranlıq və çirklidir. Ona görə də sadə erməni xalqı bu gün heç bir iddiaçını dəstəkləmir. Əslinə baxsan, bütün qazanlar İrəvanda qaynayır. Regionlarda hər kəs məhdud sosial qayğıları ilə məşğuldur.

Əslinə baxsan, Nikol Paşinyanın hakimiyyətdə qalması bir çox səbəblərdən Azərbaycana da sərf edir. Əvvəla, ona görə ki, Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış ordunun komandanıdır. Və bu komandan Azərbaycan Ordusunun “əlinin suyunu” dadıb. Belə bir zəif bəndlə Bakı istədiyi cür rəftar edə bilir. İndiki halda Paşinyan hakimiyyətinin Bakıdan umduğu yeganə şey qədim Azərbaycan torpaqlarına iddiaların durdurulması və Qarabağdakı azsaylı ermənilərin həyat sığortasıdır.

İkincisi, Nikol Paşinyan Qaregin Njde ideoloji taununa yoluxmayan tək-tük erməni siyasətçilərindən biridir. O, digər erməni siyasətçilərindən fərqli olaraq reallıq hissini hələ tam itirməyib.

Üçüncüsü, Nikol Paşinyan iradəcə zəif adamdır. Belə birisi ilə işləmək bütün hallarda rahatdır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə, hətta Paşinyanla eyni auditoriyada olarkən bəyan edib ki, “Azərbaycan Ermənistanı tərəf kimi görmür. Onunla birbaşa heç bir danışıq aparmaq fikri yoxdur. Azərbaycan tərəf kimi yalnız Rusiyanı görür”. Və maraqlı budur ki, Nikol Paşinyan da heç zaman bu fikrə qarşı hansısa fikir və əks-arqument göstərməyib. Ona görə də bizim üçün Ermənistanda ən məqbul dövlət başçısı Nikol Paşinyandır.

Hamısını Göstər

Related Articles

Back to top button