Qarabağda erməni hərbçilərinin meyitlərinin axtarışı niyə dayandırılıb?
Dağlıq Qarabağdakı qondarma rejimin “fövqəladə hallar xidməti” adlı hansısa qurama strukturu Azərbaycan barədə şikayətlənib. Bildirib ki, hərbi əməliyyatlar zonasında itkin düşmüş və həlak olmuş erməni hərbi qulluqçularının meyitlərinin axtarışı bir həftədən çoxdur dayandırılıb. Və Azərbaycan tərəfi bunun üçün hansısa səbəb göstərməyib.
Bəribaşdan qeyd edək ki, Dağlıq Qarabağda qismən mövcudluğunu qoruyub saxlamış qondarma rejimi indi heç Ermənistanın özündə də ciddi qəbul etmirlər və bu rejimin fəaliyyətinin sırf formal xarakter daşıdığını dərk edirlər. Bu baxımdan Xankəndindən hansısa “dövlət xidmətinin” dediklərinə əhəmiyyət verməyə dəyməzdi. Lakin indiki halda söhbət həssas humanitar məsələdən getdiyi üçün əslində nə baş verdiyini araşdırmağa dəyər.
Axı Azərbaycan hakimiyyəti 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq erməni tərəfinə hərbi əməliyyatlar zonasında qalmış meyitlərin axtarışı və evakuasiyası üçün bütün imkanları yaratmışdı. Nəticədə cəmi bir neçə həftə ərzində erməni tərəfi Azərbaycan ordusunun azad etdiyi ərazilərdən 1485 hərbçisinin meyitlərini və ya meyitlərin qalıqlarını taparaq onları evakuasiya edib. Birinci Qarabağ müharibəsində itkin düşmüş minlərlə azərbaycanlı hərbçi bə mülki şəxsin taleyinin hələ də məlum olmadığı, erməni tərəfinin bu məsələ ilə bağlı onillərdir heç bir konstruktiv addım atmadığı bir vaxtda Azərbaycan tərəfinin bu humanizmi əlbətdə ki, normal məntiqlə düşmən tərəfindən dəyərlənririlməli idi. Lakin əvəzində erməni tərəfi şikayət edir və Azərbaycan tərəfinin meyitlərin axtarışını dayandırdığı haqda danışır.
Bəs əslində axtarışlar niyə dayanıb? Azərbaycan hökumətinə yaxın mənbələrdən axtarış-xilasetmə işləri ilk növbədə təbii səbəbdən-pis hava şəraitinə görə dayandırılıb. Havaların kəskin soyuması, şaxtalı, qarlı havalar axtarış işlərini xeyli çətinləşdirib. Doğrudan da əgər Azərbaycan tərəfi erməni meyitlərinin axtarışına mane olmaq istəyirdisə ilk günlərdən bunu edərdi və nəticədə minlərlə erməni hərbçisinin meyitini tapıb götürmək mümkün olmazdı.
Lakin hava şəraitinin pisləşməsindən başqa daha bir mühüm səbəb var-axtarış işlərinə Azərbaycan ordusunun azad etdiyi ərazilərdəki hüdudsuz minalanmış sahələr mane olur. Erməni işğalçı qoşunları yaşayış məntəqələrindən çəkilməzdən əvvəl bütün yolları, əraziləri minalayıb. O cümlədən yaşayış məntəqələrinə aparan yollar, əkin sahələri minalanıb ki, bu da axtarış işlərində iştirak edən minlərlə azərbaycanlı hərbi qulluqçunun həyatı üçün risk yaradır.
Ermənistan Müdafiə Nazirliyi isə heç bir tutarlı səbəb olmadan minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etmək istəmir. Bu da hər gün azərbaycanlı hərbçilərin həyatı üçün risk yaradır. Artıq azad olunmuş ərazilərdə minaların partlaması nəticəsində onlarla mülki şəxs və hərbçi həlak olub. Azərbaycan tərəfinin minalanmış sahələrin xəritəsinin verilməsi barədə bütün çağırışlarını isə erməni tərəfi eşitməməzliyə vurur, heç bir səbəb göstərmədən bundan imtina edir.
Yenə sinizm və həyasızlıq. Bir tərəfdən erməni tərəfi yüksək dəyərlərdən, yazılmamış ilahi qanunlardan və hətta Cenevrə konvensiyası ilə təsbit edilmiş beynəlxalq humanitar normalardan danışır, o biri tərəfdən isə qəsdən Azərbaycan hərbçilərinin işğaldan azad edilmiş ərazilərdə həyatını təhlükəyə atan situasiya yaradır.
Paşinyan hökuməti müharibədə övladlarını itirmiş erməni valideyinlərinin təzyiqləri altında vicdan və humanizmə çağıraraq meyitlərin axtarışı üçün imkan yaradılmasını xahiş etdi. Azərbaycan da öz qapılarını açdı. Və 1485 erməni hərbçisinin meyitlərini qaytardı. Missiya başa çatmayıb və davam etdirilə bilər. Lakin Ermənistan Qarabağın minalanmış çöllərində övladlarını itirən azərbaycanlı anaların göz yaşlarını və acısını görməməzliyə vurur. Söhbət humanizmdən, beynəlxalq humanizm prinsiplərindən, vicdan və insanlıqdan gedirsə o zaman bu niyə birtərəfli olmalıdır? Axı erməni tərəfinin minalanmış sahələrin xəritəsini verməkdən imtina etməsi beynəlxalq humanizm prinsiplərinin, müharibə qanunlarının pozulmasıdır və cinayətdir. Çünki bu antihumanist hərəkət nəticəsində hərbçilər və mülki şəxslər həlak olur. Ermənistanın günahı ucbatından. O zaman Ermənistan da sübut etsin ki, sülh istəyir. Ola bilsin o vaxta qədər qar da əriyər…