Paşinyan bu gün hərbi qiyamla devriləcəkmi?
Ermənistanda baş nazir Nikol Paşinyanın öz tərəfdarlarını meydana çağırması ciddi gəlişmələrdən xəbər verir. Bu, o deməkdir ki, yaxın saatlarda Ermənistanda iğtişaş və hətta çevriliş ola bilər. Azərbaycanın tanınmış politoloq və siyasətçiləri bu durumu şərh ediblər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışıb. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”: “Paşinyanın sözlərinə görə iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq.
Nikol Paşinyanın yeni açıqlaması çətin ki, Kremlin qəzəbini soyutsun. Əksinə, Paşinyanın yeni açıqlamasını da belə oxumaq mümkündür: “Ermənistanla Rusiya arasında hərbi-texniki sahədə buna qədərki əməkdaşlıq işə yaramadı, sizdən aldığımız hərbi texnika yararsız çıxdı, bu əməkdaşlığı daha effektiv şəkildə qurmaq istəyirik”. Bu kimi açıqlamalardan sonra Paşinyan hakimiyyətdə olduğu dönəmdə Moskvanın Ermənistana hansı növ silah satacağı və peşkəş edəcəyi maraq doğurur”.
E.Şahinoğlu deyib ki, müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir. Digər tərəfdən Moskva görür ki, hələ ki, Ermənistanda Paşinyana real alternativ yoxdur: “Ancaq Paşinyan “İsgəndər” raketlərinin keyfiyyətsiz olmasıyla bağlı açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml sahibi bunu unutmayacaq və fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq. Gələn son xəbərlərə görə, Ermənistan ordusu içərisində Nikol Paşinyanı devirmək istəyən qrup formalaşıb”.
Real Partiyasının icra katibi Natiq Cəfərli isə hesab edir ki, Kreml niyəsə tələsir, artıq hadisələri sürətləndirir – Ermənistanın Baş Qərargahı, yəni ordusu Paşinyanı istefaya çağırdı: “Bu hərbi çevriliş cəhdidir, belə bir addım Moskvanın istəyi olmadan mümkün deyil. Rusiya tələsir, bu heç yaxşı əlamət deyil, əgər Nikol devrilsə onun yerinə gətirəcəyi şəxsə legitimlik və hörmət qazandırmağa çalışacaq, o şəxs daha militarist və revanşist olmağa məhkum olacaq. Paşinyanın yerinə gətirəcəyi şəxsə “hörmət” qazandırmaq üçün Kreml Qarabağda və sərhəd bölgələrində ermənilərin əli ilə təxribatlar törədə bilər. Çox ağır durum yarana bilər – Nikol tərəfdarlarını küçəyə çağırdı, əgər çox sayda insanı toplaylb da hərbi çevrilişin qarşısını ala bilsə, rəsmi İrəvan Moskvadan daha da uzaqlaşacaq, Kreml Azərbaycanda təxribatlarını davam etdirsə (zatən hər gün bunu edir) rəsmi Bakıdan da uzaq düşəcək. Necə deyərlər, dirən Nikol…”
Siyasi şərhçi Azər Rəşidoğlu Ermənistanda baş verənləri təhlil etməyə tələsməməyi məsləhət görür. Onun sözlərinə görə, İrəvanda baş verənləri (ordunun qiyam cəhdi) Rusiya ekspertləri lal-dinməz izləyirlər, hələ ciddi reaksiya yoxdur, yəqin birazdan olacaq: “Deməli, Paşinyanı daha da zəiflədirlər, hələ onu yıxmaq planı yoxdur Hələ “alver” gedir…”