Bioloji savaşa qarşı nüvə zərbəsi ilə cavab verilə bilər: Nüvə silahından istifadə xəbərdarlığı artıq edilib
Rusiya bioloji hücuma məruz qalması ilə barışmaq niyyətində deyil və əks zərbə üçün hazırlaşdığını qətiyyən gizlətmir
Hər şey böyük sürətlə dəyişir. Üstəlik, baş verənlərin məzmun və keyfiyyəti “mutasiyaya uğradıqca”, beynəlxalq siyasət məkanında cərəyan edən proseslər də olduqca maraqlı istiqamət almaqdadır.
Dünya intensiv şəkildə yenilənməkdədir. Cəmisi bir ay öncə aktual olan yaşam şərtləri artıq əhəmiyyətini itirməkdədir. Nəhəng dövlətlərin epidemiyaya qədər beynəlxalq siyasət məkanında olduqca böyük önəm daşıyan bəzi maraqları da artıq tədricən öz yerini fərqli hədəflərə verməyə başlayıb.
Virusun yayılmasından öncə nəhəng dövlətlərin bir-birini şantaj elədikləri faktorlar, xüsusilə də iqtisadi amillər artıq təsir gücünü itirməyə başlayıb. Çünki dünya dövlətlərinin hər birisi artıq iqtisadi sanksiyalara məruz qalmaqdadır. Və bu sanksiyalar məhz epidemiyanın şəriksiz qaynağı olan taclı virus tərəfindən tətbiq olunmaqdadır.
İndi hər kəs bu virusun yayılmasının insan məsuliyyətsizliyinin nəticəsi olmadığını anlamağa başlayıb. Anlayırlar ki, bu, birbaşa insan iradəsinin hökmüdür. Dünya əhalisini bilərəkdən və məqsədli şəkildə bu virusa bulaşdırıblar. Və hələ bu prosesin daha da dərinləşəcəyi ehtimal olunur.
Rusiyanın siyasi dairələrində “bioloji savaş” termini daha tez-tez müzakirə mövzusuna çevrilir. Hesab edirlər ki, bəzi “dərin güclər” Rusiya da daxil olmaqla, onlara problem yarada biləcək dövlətlərə qarşı bioloji savaşa başlayıblar…
Maraqlıdır ki, əksər dünya liderləri baş verənlərin səhnəarxasından idarə olunduğuna vaxtaşırı üstüörtülü eyhamlar vururlar. Dünya düzəninin köklü şəkildə dəyişdirilməsinə cəhd göstərildiyini vurğulayırlar. Ancaq heç bir zaman səhnənin arxasındakı “gözəgörünməz əllər”in sahiblərinin ünvanına barmaq tuşlamırlar.
Deyəsən, bu məsələdə Rusiya bir qədər təşəbbüskar mövqe tutmaq qərarına gəlib. Prezident Vladimir Putin son açıqlamalarında dünya düzəninin ayarları ilə oynandığı barədə məlumatlı olduğunu açıq-aşkar biruzə verməyə çalışır. Kremlə yaxın siyasi dairələr isə üçüncü dünya müharibəsinin artıq başlandığını sezdirən faktorların ön plana keçdiyinə diqqət çəkirlər.
Ən maraqlı məqam isə odur ki, Rusiyanın siyasi dairələrində “bioloji savaş” termini daha tez-tez müzakirə mövzusuna çevrilir. Hesab edirlər ki, bəzi “dərin güclər” Rusiya da daxil olmaqla, onlara problem yarada biləcək dövlətlərə qarşı bioloji savaşa başlayıblar.
İndi Kremlə yaxın siyasi dairələr Rusiyanın bu bioloji savaşdan daha az itkilərlə salamat çıxarılmasının mümkün yollarını təhlil etməklə məşğuldurlar. Onların qənaətinə görə, Rusiya öz tarixinin ən taleyüklü dövrünü yaşayır. Əgər, bu mərhələdən çıxmaq mümkün olarsa, Rusiya daha da güclənəcək və dünyada həlledici söz sahiblərindən birinə çevriləcək.
Kreml sahibi xəbərdarlıq edir ki, Rusiya özünə qarşı təhdidlər qarşısında “əliboş” deyil, əksinə özünü müdafiəyə, əks zərbənin nəticələrini kimsənin təsəvvür etməyəcəyi səviyyədə hazırdır…
Təbii ki, Kremldə Rusiyanın bioloji savaş mərhələsindən güclənərək, çıxmasının o qədər də asan olmayacağını da çox gözəl anlayırlar. Ona görə də bu hədəf istiqamətində qətiyyətli və radikal addımların atılmasına ciddi hazırlığın aparıldığı da diqqətdən yayınmır.
Məsələ ondadır ki, prezident V.Putin bir müddət öncə Rusiyanın bütün nəhəng rəqiblərini açıq-aşkar təhdid etmişdi. O, bəyan etmişdi ki, Rusiya dünyanın heç bir dövlətinin sahib olmadığı nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketlər hazırlayıb və uğurla sınaqdan keçirib. Kreml sahibi bununla demək istəyirdi ki, Rusiya özünə qarşı təhdidlər qarşısında “əliboş” deyil, əksinə özünü müdafiəyə, əks zərbənin nəticələrini kimsənin təsəvvür etməyəcəyi səviyyədə hazırdır.
Üstəlik, Rusiya prezidentinin bu açıqlaması sadəcə, bir neçə rəqib ölkəni hədəfə alan deyil, ümumiyyətlə, bütün dünyanı narahat etməli olan təhdid xarakteri daşıyırdı. Hər halda, o, Rusiyanın hansısa ölkəni vura biləcəyinə deyil, məhz dünyanın istənilən nöqtəsinə zərbə endirə biləcək nüvə silahına sahib olduğuna işarə etmişdi.
“Soyuq müharibə” dövründən üzübəri Rusiyanın belə aqressiv xəbərdarlıq etməsi müşahidə olunmayıb. Və Rusiya prezidentinin bu açıqlaması dünyada gərginliyin artmasına səbəb olmaqla yanaşı, üstəlik, yeni “soyuq müharibə” dövrünün başladıla biləcəyi ilə bağlı narahatlığı da artırdı.
Amma son baş verənlər göstərir ki, Kremlin sadəcə, bu xəbərdarlıqlarla işini bitmiş hesab etmək niyyəti yoxdur. Əksinə, daha konkret və radikal addımların atılmasına kifayət qədər ciddi hazırlığın aparıldığı müşahidə edilir.
Yeni doktrinada qeyd olunur ki, Rusiyaya qarşı dövlətin mövcudluğunu təhdid edəcək konvensional hücum edilərsə, buna nüvə silahı ilə cavab veriləcək…
Məsələ ondadır ki, Rusiya prezidenti V.Putin nüvə silahından istifadənin şərtlərini müəyyənləşdirən yeni doktrinanı artıq imzalayıb. Yeni doktrinada qeyd olunur ki, Rusiyaya qarşı dövlətin mövcudluğunu təhdid edəcək konvensional hücum edilərsə, buna nüvə silahı ilə cavab veriləcək.
Sənədə görə, düşmən nüfuzlu ictimai və ya hərbi obyektlərə müdaxilə edərsə, Rusiya nüvə silahından istifadə etmək haqqı qazanacaq. Eyni zamanda, Rusiya hipersəs və lazerli silahlarla, raket və pilotsuz uçuş aparatları ilə hücumu nüvə təhlükəsinin qarşısını alma tədbirləri çərçivəsində potensial düşmən hərəkəti kimi qiymətləndirəcək.
Göründüyü kimi, kifayət qədər ciddi sənəddir. Kremlin bu sənədlə yeni zarafat və ya əyləncə modeli axtardığını düşünmək sadəlövhlük olardı. Və istənilən halda, Rusiyanın yeni doktrinasını ciddiyə almaq daha doğru yanaşmadır.
Çünki həmin sənəddə hər kəsin diqqətə almasının vacib olduğu daha bir önəmli məqam yer alır. Belə ki, Rusiya ona, yaxud da müttəfiqlərinə qarşı nüvə silahı və ya digər kütləvi qırğın silahları tətbiq edilərsə, nüvə zərbəsi ilə cavab verəcəyini bəyan edir.
Rusiya siyasi dairələrinin bu ölkənin və ümumiyyətlə, bütün dünyanın bioloji savaşa məruz qaldığını xüsusi emosionallıqla müzakirə etməsi qətiyyən təsadüfi deyil…
Təbii ki, cəmisi iki həftə öncə imzalanmış və “mürəkkəbi hələ qurumamış” doktrinada yer alan “digər kütləvi qırğın silahları tətbiq edilərsə” xəbərdarlığının mövcud situasiyadan qaynaqlandığını düşünmək üçün əsaslar var. Çünki hazırda bütün dünyada “at oynadan” taclı virusun bioloji silah olduğu artıq müxtəlif ciddi səviyyələrdə iddia edilir.
Bioloji silahlar isə kütləvi qırğın silahları kateqoriyasına aid olunur. Bu məntiqlə pandemiyanın əhatə dairəsi də əslində, bioloji savaşın doğurduğu nəticə kimi xarakterizə oluna bilər.
Hər halda, Rusiya siyasi dairələrinin bu ölkənin və ümumiyyətlə, bütün dünyanın bioloji savaşa məruz qaldığını xüsusi emosionallıqla müzakirə etməsi qətiyyən təsadüfi deyil. Belə anlaşılır ki, Rusiyada ölkənin bioloji hücuma məruz qalmasına tamamilə əmindirlər.
Ona görə də Rusiya bioloji savaşa qarşı nüvə zərbəsi ilə cavab vermək niyyətində olduğunu biruzə verməkdədir. Rusiyanın bu xəbərdarlığına reaksiyanın necə olacağı isə yəqin ki, yaxın gələcəkdə aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert